İDMAN: DAIM ZIRVƏLƏRDƏ
İdman

İDMAN: DAIM ZIRVƏLƏRDƏ

Türkiyədə V İslam Həmrəyliyi Oyunlarına start verilib

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb.

Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulublar.

Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış ediblər. Ayan Xankişiyeva 4-cü, Viktoriya Sidorenko isə 13-cü olub.

Kişi velosipedçilərimizdən Musa Mikayılzadə 14-cü yerlə kifayətlənib, Nəcəf Bağırov isə finişə çata bilməyib.

 Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 min 200 idmançı yarışacaq.  Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir.

 

Çövkən oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib.

Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutan yarışın son görüşündə "Buta Qolden" və "Polad" komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə "Polad" komandasi rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Sərhədçi Dilbaz" və "Köhlən" komandaları arasında Şuşa kubokunda üçüncü yer uğrunda mübarizə "Sərhədçi Dilbaz" komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Ümumdünya Şahmat Olimpiadasında komandalarımız mübarizəni davam etdirir

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail yığmasını 3:1 hesabla məğlub edib. Qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçılarına 1,5:2,5 hesabla uduzublar.

8-ci turda kişilərdən ibarət komandamız Qazaxıstan, qadın yığmamız isə Rumıniya şahmatçıları ilə mübarizə aparacaqlar.

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-dək davam edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".