“Qarabağ” avrokuboklarda yeddinci dəfə almanlara qarşı - ARAŞDIRMA
İdman

“Qarabağ” avrokuboklarda yeddinci dəfə almanlara qarşı - ARAŞDIRMA

“Qarabağ” oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada “Bayer”lə qarşılaşacaq.

"Respublika" xəbər verir ki, bu, Ağdam klubunun Almaniya təmsilçiləri ilə rəsmi turnirlərdə yeddinci dueli olacaq.

“Köhlən atlar” indiyədək Bundesliqa klubları ilə baş tutmuş altı oyunun beşində uduzub, yalnız birində qələbə qazana bilib.

Azərbaycan çempionunun almaniyalılarla ilk matçı 2010/2011-ci illər mövsümündə Avropa Liqasının pley-off mərhələsinə təsadüf edib. Həmin vaxt Dortmund “Borussiya”sına rəqib olan “Qarabağ” səfərdəki ilk görüşdə rəqibinə 0:4 hesabı ilə məğlub olub. Meydan sahiblərinin heyətində Sindzi Kaqava və Lukas Barrios hərəyə iki dəfə fərqləniblər. Bakıdakı cavab qarşılaşmasında da Almaniya təmsilçisi qələbə qazanıb – 1:0. Yeganə qolu isə ilk matçda da ağdamlıların qapısına yol tapan L. Barrios vurub.

“Qarabağ”ın almanlarla yolu növbəti dəfə 2013/2014-cü illər mövsümündə yenə Avropa Liqasının pley-off mərhələsində kəsişib. Bu dəfə rəqib “Ayntraxt” olub. Frankfurt təmsilçisi Bakıda oynanılan ilk görüşdə Qurban Qurbanovun komandasını 2 cavabsız qolla üstələyib. Hər iki qolun müəllifi Aleksandr Mayer olub. Almaniyadakı qarşılaşma da rəqibin xeyrinə başa çatıb – 2:1. “Ayntraxt”dan A. Mayer və Takasi İnui, “Qarabağ”dan isə Reynaldo Silva fərqləniblər.

“Qarabağ” Almaniya təmsilçisi ilə son olaraq 2022/2023 mövsümündə Avropa Liqasının qrup mərhələsində qarşılaşıb. “Frayburq”la eyni qrupda mübarizə aparan “köhlən atlar” Almaniyadakı matçda 1:2 hesabı ilə uduzub. “Qarabağ”ın qoluna Marko Veşoviç imza atıb. Meydan sahiblərindən isə Vinçentso Qrifo və Ritsu Doan adlarını tabloya yazdırıblar. Bakı keçirilmiş görüşdə isə heç-heçə qeydə alınıb. Nils Petersenin vurduğu qola Kvabena Ovusu cavab verib.

“Qarabağ”ın Almaniya klubları ilə oyunları

UEFA Avropa Liqası, pley-off mərhələsi

2010/2011

“Borussiya” (Dortmund) – “Qarabağ” – 4:0

“Qarabağ” – “Borussiya” (Dortmund) – 0:1

UEFA Avropa Liqası, pley-off mərhələsi

2013/2014 mövsümü

“Qarabağ” – “Ayntraxt” – 0:2

“Ayntraxt” – “Qarabağ” – 2:1

UEFA Avropa Liqası, qrup mərhələsi

2022/2023

“Frayburq” – “Qarabağ” – 2:1

“Qarabağ” – “Frayburq” – 1:1

Qeyd edək ki, “Bay Arena”da keçiriləcək “Bayer” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.