Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır
Region

Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır

İki il bundan əvvəl, cəmi 44 gün davam edən Vətən müharibəsində əldə edilən tarixi qələbə və Azərbaycanın siyasət meydanında əldə etdiyi uğurlar nəticəsində 2022-ci il avqustun 26-da Silahlı Qüvvələrimizin bölmələri Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qalib Ali Baş Komandan İlham Əliyevin "Biz Laçına qayıtmışıq" sözləri laçınlıların həyatına, onların gələcək taleyinə ən böyük xoşbəxtliyi və sonsuz sevinc hisslərini gətirdi.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalı zamanı 267 nəfər sakin, o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb, yüzlərlə uşaq yetim qalıb. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İkinci Qarabağ müharibəsində Laçın rayonundan 14 nəfər əsgər və zabit şəhidlik zirvəsinə yüksəlib, 17 nəfər əlil olub.

Bu barədə Laçın Rayon İcra Hakimiyyətində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə keçirilən müşavirədə ətraflı söz açılıb. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, 2020-ci il sentyabrın 27-dən başlayaraq bu günümüzə qədər regionda cərəyan edən hadisələrdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı sosial paketlərin tələblərinə uyğun olaraq şəhid ailələri, müharibə veteranları və Qarabağ müharibəsi əlilləri hərtərəfli qayğı ilə əhatə olunub, onların rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Müşavirədə laçınlılar adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildirilib.

Salman ALIOĞLU,

"Respublika".