Narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbə olduqca dəhşətlidir. Təəssüf ki, bir çoxları bunu bilə-bilə, yenə də həyatlarını təhlükəyə atırlar. Artıq bəşəri bəla son vaxtlar daha geniş hal alıbdır. Onunla bütün cəmiyyətin mübarizə aparmağı olduqca vacibdir.
Bu fikirlər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Göyşaban kənd Yaradıcılıq Evinin birgə təşkilatçılığı sayəsində Göyşaban kənd Yaradıcılıq Evində baş tutan maarifləndirici tədbirdə deyildi.
Tədbirdə çıxış edən natiqlər daha sonra bildirdilər ki, narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, eləcə cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Dövlətimiz tərəfindən narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər görülür. Qaldı ki, "Ağ Ölüm" ə son qoymaqda xalqının gələcəyini düşünən bütün ağıllı insanlar bir olmalıdır.
Sonda tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən və idmanla bağlı video-çarx nümayiş edilib.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.