DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN PUTİNİ “TAXIL SAZİŞİ”NIN BƏRPASINA RAZI SALMAĞI BACARDI

Ukrayna limanlarından humanitar dəhlizlə taxıl ixracı bərpa edilib. “Teleqraf.com”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, bununla bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxladığını və razılığa gəlindiyini açıqlayıb.

Məlumata əsasən, Rusiya prezidenti  keçirdiyi müşavirədə bildirib ki, Müdafiə Nazirliyinə “taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb.

“Lakin Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək”, - deyə V.Putin əlavə edib.

Eyni zamanda, Vladimir Putin Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını vurğulayıb.

Qeyd olunur ki, Moskva Türkiyə və BMT-nin vasitəçiliyi sayəsində Ukrayna tərəfindən “taxıl dəhlizi”nin hərbi məqsədlərlə istifadə olunmayacağı barədə təminatlar alıb.

 

FİNLANDİYA VƏ İSVEÇDƏN NÜVƏ SİLAHLARI ILƏ ƏLAQƏDAR AÇIQLAMA

Finlandiya və İsveç NATO-ya qoşulmazdan öncə öz ərazilərində nüvə bazalarının və silahların yerləşdirilməsinə heç bir ilkin şərt irəli sürməyəcək və ya etiraz etməyəcəklər. “Report” agentliyinin “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu Helsinkidə keçirilən birgə mətbuat konfransında hər iki ölkənin baş nazirləri təsdiqləyiblər.

Finlandiya ərazisində nüvə silahlarının yerləşdiriməsi məsələsinə toxunan ölkənin baş naziri Sanna Marin bildirib ki, rəsmi Helsinki NATO-ya üzv olmadan əvvəl heç bir ilkin şərt irəli sürməməli və heç bir “qapını” bağlamamalıdır.

“Bu, hazırda fəal müzakirə etdiyimiz bir məsələ deyil. Biz üzv olduqdan sonra belə məsələləri müzakirə etmək mümkün olacaq”, - deyə Sanna Marin vurğulayıb.

Eyni zamanda, İsveçin baş naziri Ulf Kristersson finlandiyalı həmkarı ilə razılaşıb: “Finlandiya və İsveç də oxşar nəticələr çıxarmalı və NATO-nun imkanlarından tam istifadə etməlidirlər”.

Məlumat üçün qeyd edək ki, iki Skandinaviya ölkəsi hazırda Türkiyə və Macarıstan tərəfindən NATO-ya üzvlük üçün müraciətlərinin ratifikasiyasını gözləyir.

 

İRANDA ETİRAZLAR ZAMANI ÖLƏNLƏRİN SAYI 253 NƏFƏRƏ ÇATIB

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 253 nəfərə çatıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Norveçdə yerləşən İran İnsan Hüquqları Qurumunun internet səhifəsində yayımlanan hesabatda İranda təxminən 50 gündür davam edən nümayişlərlə bağlı məlumat verilib. Hesabatda ən çox insan itkisinin Sistan-Bəlucistan əyalətində qeydə alındığı bildirilib.

Məlumata əsasən, həyatını itirən nümayişçilərdən 34-nün yaşı 18-dən aşağı, 19-unun isə qadın olduğu qeyd olunub.

Bununla yanaşı, İran İnsan Hüquqları Müdafiə Agentliyinin yaydığı xəbərdə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə 36 polis əməkdaşının həyatını itirdiyi vurğulanıb.

Eyni zamanda, verilən xəbərə görə, nümayişlər zamanı 10 mindən çox insan həbs olunub.

 

QAZAXISTANDA YANVAR HADİSƏLƏRİNİN İŞTİRAKÇILARI ƏFV OLUNUB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin “Amnistiya haqqında” qanunu imzalaması ilə bu ilin yanvar hadisələrinin 1500 iştirakçısı azadlığa buraxılacaq. Bu barədə “Report” agentliyi Qazaxıstan mətbuatına istinadən xəbər verib.

Məlumata görə, amnistiya iğtişaşların yatırılması zamanı cinayət törətmiş hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını da əhatə edir. Lakin terrorçular, ekstremistlər, residivistlər, iğtişaşların təşkilatçıları və işgəncə verən şəxslər amnistiyaya düşməyib.

Xatırladaq ki, bu il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib, onların iştirakçıları polisə və hərbçilərə hücum ediblər. O vaxt Qazaxıstan prezidenti dövlət çevrilişinə cəhdin olduğunu bildirmiş və kömək üçün KTMT-yə müraciət etmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, bu hadisələr nəticəsində 238 nəfər həlak olub, 4500-dən çox insan isə yaralanıb.

 

ALMANİYA SERBİYANI GEOSİYASİ KURSU İLƏ BAĞLI QƏRAR VERMƏYƏ ÇAĞIRIB

Almaniya hökuməti Serbiya prezidenti Aleksandr Vuçiçi ölkəsinin geosiyasi kursu ilə bağlı qərar verməyə çağıraraq ondan seçim etməyi tələb edib: Avropa İttifaqına daxil olmaq və ya Rusiya ilə yaxınlaşmaq. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Welt” nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Almaniya Serbiyanın Rusiya Federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalamasına təəccüblənir və məyusdur. Bu cür hərəkətlər Aİ-nin bloka üzv olmaq üçün namizədlərin də Rusiyaya qarşı Avropa sanksiyalarını qəbul etmələri ilə bağlı gözləntilərinə cavab vermir.

Eyni zamanda, nəşr Almaniya hökumətinin nümayəndəsinin sözlərindən sitat gətirib: “Qərarın qəbul edilməsi zərurəti geosiyasi hadisələr fonunda getdikcə daha da kəskinləşir”.

“Welt”in Almaniya hökumətinə istinadən vurğuladığı kimi, Aleksandr Vuçiç Serbiyanın Aİ ilə münasibətləri gücləndirmək kursu ilə bağlı qərar verərsə, Almaniya onu dəstəkləyəcək. Rusiya ilə münasibətlərin davam etdirilməsi isə əks nəticələrə gətirib çıxaracaq.

 

KXDR-IN RAKET SINAQLARINA GÖRƏ YAPONİYADA BÖHRAN QƏRARGAHI YARADILIB

Şimali Koreyanın noyabrın 2-də həyata keçirdiyi növbəti raket sınaqlarına görə Yaponiya hökuməti yanında böhran qərargahı yaradılıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Yaponiyanın Sahil Mühafizə Xidmətinin açıqlamasına əsasən, ballistik raketlər Yapon dənizi istiqamətində buraxılıb.

Eyni zamanda, Sahil Mühafizəsi Xidmətinin məlumatında qeyd edilir ki, Şimali Koreya tərəfindən buraxılan raketlər artıq dənizə düşüb. Həmçinin raketlərin düşdüyü dəqiq ərazi qeyd edilmir.

Bildirilir ki, Yaponiyanın baş naziri Fumio Kişidanın dəftərxanası yanında yaradılan böhran qərargahı məlumatların toplanmasını və təhlilini davam etdirir.

Qeyd edək ki, bu, cari ilin əvvəlindən Şimali Koreya tərəfindən 29-cu raket sınağıdır. Bunlardan 23-nün müxtəlif növ ballistik raketlər olduğu vurğulanır.

 

Aİ UKRAYNANIN ENERJİ SİSTEMİNİN QORUNMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜR

Avropa İttifaqı enerji sisteminin qorunması üçün Ukraynaya təcili olaraq  milyonlarla avro dəyərində enerji avadanlıqları verib. “Report”un xəbərinə görə, bu barədə Avropa komissarı Kadri Simsonun Kiyevə səfərinin yekunlarına dair Brüsseldə yayılan bəyanatında qeyd olunur.

Bəyanatın mətnində vurğulanır ki, son həftələrdə və aylarda Ukraynanın enerji infrastrukturu intensiv hücumlara məruz qalır, bu da ölkənin enerji sisteminin 30 faizə qədərinə təsir edib. Həmçinin bəyanatda bildirilir ki, Aİ ölkələrinin Ukraynaya dəstəyinin səviyyəsi təcili olaraq artırılmalıdır.

Məlumata əsasən, avadanlıqdan əlavə, Aİ Avropa Komissiyası tərəfindən yaradılmış Ukrayna Enerji Dəstəyi Fondu vasitəsilə yerli enerji sisteminin fövqəladə ehtiyaclarını ödəmək üçün 25,5 milyon avro ayırıb.

Bununla yanaşı, qeyd edilir ki, yaxın günlərdə Avropa Komissiyası və Ukrayna Energetika Nazirliyi tərəfindən özəl sektordan əlavə dəstəyin səfərbər edilməsi üçün məqsədyönlü kampaniyaya start veriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.