CƏNUBDAN SƏSLƏR...
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR...

Güney Azərbaycanda uşaq ədəbiyyatının inkişafı çağdaş ədəbi prosesin əsas prioritetlərindəndir

(əvvəli 11, 13 və 14 dekabr tarixli saylarımızda)

"Peşələr (1)" (Urmu-2014), "Peşələr (2)" (Urmu-2014), "Peşələr (3)" (Urmu-2014) kitablarında isə adından da göründüyü kimi, sənət, peşə adamlarının xarakterini açır, gördüyü işləri sadə, şirin türkcədə anladır...

Dirili Aşıq Qurbaninin yaz gülü, həsrət gülü boynubükük bənövşəyə həsr etdiyi "Bənövşə" şeirindən sonra bu mövzu ədəbiyyatımızda əbədiyaşarlıq qazandı. İnsanla təbiətin əsrarəngiz gözəllikləri arasındakı vəhdəti, əbədi bağı əsərlərində böyük ustalıqla yaradan və vəsf edən Güney şairlərindən Haşım Tərlan, Əli Daşqın, Azəryar Danişvər və b. ustad aşıqdan bəhrələnərək qələmə aldıqları "Bənövşə" adlı şeirlərində məna, mahiyyət təxminən eyni saxlansa da, forma və üslub baxımından fərqli poetik mətn yaratmışlar. Əli Daşqının "Bənövşə"si sərbəst şeir biçimində, H.Tərlanla A.Danişvərin "Bənövşə"ləri isə Azərbaycan aşıq şeirinin ən klassik növlərindən birində - gəraylı janrındadır. Haşım Tərlanın bir az da fərqli məzmunda yazdığı "Bənövşə" gəraylısına diqqət yetirək:

Məlul-məlul baxma mənə,

Bağrım oldu qan, bənövşə.

Yoxsa bahar həsrətilə

Olubsan giryan, bənövşə.

 

Tələsirsən nədən, danış!

Bəlkə olum sənlə tanış.

Söylə səni kim qarğamış,

Boynun olub yan, bənövşə.

 

Bir adın da qar çiçəyi,

Çiçəklərin ən göyçəyi,

Aç üzündən ağ ləçəyi,

Gülsün bu dövran, bənövşə.

"Uşaqların marşı" şeirində isə Güney Azərbaycanda iki əsrə yaxın bir müddətdə soydaşlarının ana dilinin yasaq olduğunu anladır, ana dilində məktəbi, kitabı olmayan dilsiz insanın çəkdiyi acıları incə bir şəkildə başa salır və "Yad gözünə ox dilimiz", - deyir.

Bu gün Güney Azərbaycanda uşaq ədəbiyyatının durumu könülaçandır. Bu yöndə araya-ərsəyə gəlmiş əsərlərin çapı sahəsindəki iş isə gələcəyə ümidlə baxmağa imkan verir. Çap məhsullarını incələyərkən bu nəticəyə gəldik ki, uşaq ədəbiyyatı mövzusu Güney yazarları üçün çox aktual, həm də prioritetdir. Ramin Cahangirzadə, Xosrov Barışan, Məhəmməd Abidinpur, Səhər Xiyavi, Leyla Kəhalı, Məlihə Əzizpur, Murtuza Məcidfər, Ruqiyyə Əbdili Sazaq, Ruqiyyə Əliquliyan, Süsən Nəvadərəzi, Rəsul Qədiri və başqa yazarlar uşaqların qəlbinə yol tapan, ruhunu oxşayan əsərlər qələmə alırlar. Fərəh hissi ilə deyə bilərəm ki, Ramin Cahangirzadə, Rəsul Qədiri, Xosrov Barışan, Ruqiyyə Əliquliyan, Məhəmməd Abidinpur və Səhər Xiyavinin çap olunmuş və son dönəmlərdə çapa hazırladıqları kitablar uşaqlara böyük sevinc hissi yaşadacaqdır.

Güneydə "uşaqların böyümə və inkişaf, xəyal, duyğu, düşüncə və duyarlılıklarına, zövqlərinə əyilərkən əylənmələrində iştirak etmək məqsədilə reallaşdırılan çocuksu bir ədəbiyyat"a son dönəmlərdə marağın bu dərəcədə artması və inkişafının təmini ilə bağlı çalışmalar üzərinə Nadir Əzhərinin yazdığı fikirlər tam bir gerçəkdir: "İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmsiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəfləri doldurar. XVIII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər kitab deyilincə, uşaqların ağlına, başdan sona yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı...".

Xosrov Barışanın uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı "Gözəl quşum" kitabından "Ulduz" adlı şeiri fikirlərimə söykək ola bilər. Səma cismi ulduzla bu adı daşıyan qızın mükaliməsi əsasında yaranan şeirdə Xosrov çox maraqlı bədii müqayisə yaradıb. Ulduz adlı qızcığaz səmadan ona baxıb göz vuran, yanıb sönən, dağın başındaymış kimi görünən ulduzu nərdivanla dağa çıxıb dərmək və anasına hədiyyə vermək istəyir. Kiçikyaşlı oxucular bu istəyin mümkünlüyünə inanır, onların bapbalaca ürəyindən bu arzu keçir:

Çıxsam əyər dağa mən;

Əlim çatarmı sənə?!

Nərdüvan qoyub dağa,

Mən səni dərəcəyəm.

Anama sonra səni

Hədiyyə verəcəyəm.

Ana təbiətin flora və faunası, ilin fəsilləri Güney şairlərinin yaradıcılığında, çağdaş dövr uşaq ədəbiyyatında əsas mövzulardan biridir. Həbib Fərşbaf, İsmayıl Əfxəmi, Ramin Cahangirzadə, Xosrov Barışan və Bəhram Əsədi ilin dörd fəslinin özəlliklərini vəsf etdikləri silsilə şeirlərini uşaqların anlaya biləcəyi sadə türkcədə qələmə almış, onlara gözlərinin qarşısında təbiətin necə növbə ilə dondan-dona girdiyini, dağların, çəmənlərin, düzlərin ağappaq qarla örtüləndən sonra yamyaşıl don geyindiyini, yayın, payızın ətəyinin min bir naz-nemət - meyvə və tərəvəz məhsulları ilə dolduğunu, toy-düyün, çal-çağır, bayramlar fəsli olduğunu sadə dillə anlatmağı və sevdirməyi bacarmışlar.

İstedadlı yazar Əziz Səlami "Uçanlar" silsiləsindən yazdığı şeirlərlə balaca oxuculara, eyni zamanda böyüklərə quşların, təbiətin möcüzəli aləminin sirli dünyasının qapısını açır. "Hələ insan toplumundan çox uzaqlarda olan mağara insanlarının nə arzuları ola bilərmiş?! Mağaralarının önündə oturub uçan quşları seyr etmək, onların birdən qanadlarını açaraq bu ağacdan o biri ağaca, ormanlardan göllərə, göllərdən dağlara uçması onlarda çox dərin bir maraq oyatmamışmı?! İnsanların miflər dünyasına gəlib çatmaları, tanrı və tanrıçalarının qartal və başqa quşlar biçimində uça bilmələri, onlarla insanlar arasında uçuşan mələklərin qanadlı olmaları və bütün bunların heç biri insanların uça bilmə arzusunun yanğısını azalda bilməmişdir: - Qanadlanmaq, quşlar kimi uça bilmək, yerdən qopmaq, qurtulmaq, hasarsız, divarsız havaya qarışıb sonsuzluğun içində nəfəs ala bilmək!", hər kəsin arzusudur, desək, yanılmarıq. Şairi insanların bayquşa qarşı haqsızlıq edərək onu uğursuz quş saymasını qınayır, uğursuzluğu insanların özlərinin yaratdığına ittiham siqlətli sualla diqqəti yönəldir: "Bayquşa uğursuz demişik. Hansı dama qonarsa, ora fəlakət, ölüm gələr, viran olub dağılar, demişik; heç deməmişik ki, insanların evlərini xarabalığa çevirən, onları diyar-diyar didərgin salan bayquşmudur, yoxsa biz insanlarmı?!" Haqlı ittihamdır, deyilmi?!

Azəryar Danişvərsə uşaqları onlar üçün qurduğu şeir dünyasında nəinki heyvanlar və quşlar, bitkilər aləminə aparmaqla kifayətlənmir, hətta onları şəhər nəğmələrinin qanadları üstünə də ala bilir. "Təbriz bazarı" şeirində Təbriz şəhərinin ən böyük xiyabanında yerləşən böyük taxta qapıları olan qədim örtülü bazarını gəzdirdiyi kimi:

Atam bizə tükanların

Sayırdı tez-tez adların

Seyyid Əttar, ətir satan,

Yerdə düzüb çətir satan.

 

Çox böyükdür bizim bazar,

Kitabların çoxu yazar:

- Böylə böyük bazar indi

Dünyada bir Təbrizindi!

Uşaq ədəbiyyatı nümunələrinin çapı və oxuculara çatdırılması işində "Urmu Turuz" saytı böyük rol oynayır. Əkbər Azadın "Firəngizlə qırmızı don", Ramin Cahangirzadənin "Ay suda", "Nar", "Uşaq qoşuqları", Zöhrə Vəfayinin "Əl-ələ", "Uşaq məktəbi-3", "Ana", "Uşaq məktəbi-5", Məsumə Əjdərinin "Biz qurduq", Pərviz Firuhərin "Xoruzun pulu", Yaqub Vilhem Qreym-Səməd Cabbarpurun "Xoşbəxt oğlan", Ruqiyyə Əliquliyanun "Lay-lay çaldım yatınca", V.Sutayev, Eldar M.Sadığın "Miyov eləyən kimdir?", Məhəmməd Abidinpurun "Alqış əmi", "Yağış", Rəsul Rzanın "Quş Yuvası", Günay Qarağac və Xəlil Açıqgözün "Azərbaycan bayatıları" (1998) kimi kitabları Urmu Turuz saytında yayımlanmış, balacaların mühakiməsinə verilmişdir.

Son çağlarda uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazan şair və yazıçılar sırasında Ramin Cahangirzadə, Məsumə Əjdəri, Əkbər Azad, Məhəmməd Abidinpur, Fatimə Mir Həsənpur, Rəsul Qədiri, Əli Daşqın, Aqşin Ağkəmərli, Süsən Nəvadeye Rəzi, Murtuza Məcidfər, Həbib Fərşbaf, Fəridə Dadxah, Zöhrə Vəfayinin və b. çap məhsulları, heç şübhəsiz, öz oxucularının maraq və rəğbətini qazanmışdır. Bu müəlliflər arasında uşaqlar üçün təkcə şeir deyil, həm də düz yazı-nəsr nümunələri, bir-birindən maraqlı hekayələr yazanlar da vardır. Uşaq ədəbiyyatı nümunələrinin yayını və yayımı sahəsində vaxtilə "Dədə Qorqud" və "Birlik" dərgilərinin gördüyü gərəkli işi Süsən Nəvadeye Rəzi və "Sancaq" dərgisinin ayrıca "Muncuq" əlavəsinin yaradıcı kollektivi bu gün Güneydə ən layiqli şəkildə davam etdirir. "Kəpənək" dərgisinin fəaliyyəti də ürəkaçandır.

Çağdaş dövrdə istedadlı şair və tərcüməçi Nigar Xiyavinin çevirdiyi ən mükəmməl dram əsəri ünlü yazar Qulamhüseyn Səidinin "Dünyanın ən yaxşı atası"dır. Əsər bu ilin sonunda çap olunacaq "Günümüzün Güney Azərbaycan Uşaq Ədəbiyyatı Antolojisi"nə daxil ediləcəkdir. Fikrimizcə, "Dünyanın ən yaxşı atası" dram əsəri səhnəmizin örnək uşaq tamaşalarından birinə çevriləcəkdir.

Aqşin Ağkəmərlinin ata mövzusunda yazılmış "Dondurmaçı" hekayəsi də səhnələşdirilərsə, maraq doğuracağını əminliklə deyə bilərəm.

Nəzərdən keçirdiyimiz uşaq ədəbiyyatı nümunələrindən də bu tendensiyanı izlədik. Ona görə də uşaq yazarları diqqətli olmalı, azyaşlıların qarşısında ikiqat məsuliyyət daşımalı, təbii düşünməli, içdən gələn səmimiyyətlə onlar üçün yeni-yeni əsərlər qələmə almalıdırlar. "Biz uşaqların qarşısında özümüzü çəkməməliyik, biz onlardan daha kötüyük. Dostoyevski yazırdı: Onlar bizə çox şeyi öyrədirlər və… sadəcə bir ünsiyyətlə bizə yaxşı təsir edirlər. Aramızda olmaqla ruhumuzu insaniləşdirirlər. Ona görə də onların mələkliyinə, məsumluğuna, hətta ən qüsurlu vərdişinə, məsuliyyətsizliyinə və mütəəssir edən müdafiəsizliyinə hörmət etməliyik".

Esmira FUAD,

filologiya elmləri doktoru.