GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NƏRİMAN SEPEHRVƏND

1984-cü ilin mart ayında Təbriz şəhərində anadan olub. Orta məktəbi Təbrizin Səmpad mədrəsəsində oxuyub. 2002-ci ildə Urmiyədə tibb təhsili alıb. Universiteti bitirdikdən sonra bir neçə il İranın dəyişik bölgələrində həkim kimi çalışıb. Hazırda Kanadanın Edminton şəhərində doktoranturada oxuyur. "Ülkər" nəşriyyatında "Mən adında bir yoldan ötən" adlı türkcə və farsca şeir toplusu (2006-2013) çap olunub.

Biz...

Haradan gəldiyimiz önəmli deyil,

Yaşamağa gəldik biz bu dünyaya,

Yaşamağa...

Ardıcıl döyüşüb savaşmağa deyil!

 

Tanklar,

Bombalar,

Raketlər...

Nədir bir belə silah?!

Savaşdan qalan acı…

Ah!..

And olsun, bunlar üçün deyil,

Sevib-sevilməyə gəldik bu dünyaya,

Mərhəmətsiz qurşunlarla sevişməyə deyil!

 

Yetər day

Ardıcıl oyun çevirmək!

Yetər day ardıcıl oyun çevirmək

Tanrının adına insan öldürmək

Doğanın sırtını yerə gətirmək...

İnsanlaaaar!..

Boğulma halına gəldik!

Nədən inanmayırsınız?!

Tanrı kimi biz Yaratmağa gəldik!

-Sırtıq bir yaratıq olmağa deyil!-

 

RƏSUL İSMƏİLİYAN

1984-cü il oktyabrın 16-da Təbriz şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra əvvəl Elektronika, sonra isə fars dili və ədəbiyyati üzrə universitetdə təhsil alıb. "Sabah" dərgisinin baş yazarı, "Aftab Azərbaycan" dərgisinin redaksiya heyətinin üzvlərindən biri olub və bir çox ədəbi dərgilərlə işbirliyi qurub. Məqalələri ardıcıl olaraq dərgilərdə yayınlanır.

 

Arayıb özlüyümü səndə soraq tutmadayam,

Yenidən bir də bu yollarda ayaq tutmadayam.

 

Sən otağımda günəş rəsmini asdın divara,

Mən dəli pəncərəyə onla varaq tutmadayam.

 

Mən qaranlıqda batan yer kürəmə göylərdən

Gecələr sənlə sanırdım ki, çıraq tutmadayam.

 

Sən səhər ay kimi kəsdin qabağın al günəşin,

İndi axşam, hələ kölgəndə boyaq tutmadayam.

 

Mən uduzdum bu qumarda deyəsən var-yoxumu,

Qayıdıb tarlalara əldə oraq tutmadayam.

 

Ax modernitə! İtən varlığımın həsrətiyəm,

Dəniz olmaqda, yağışlarda çanaq tutmadayam.

 

Özlüyümdən yox azıb sənliyimə çatmamışam,

Hələ də özlüyümü səndə soraq tutmadayam.

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

 

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10, 11 və 12 fevral tarixli saylarımızda)

Təqdirəlayiq haldır ki, bu meydanda türksoylu qardaşlar, əhli-qələm soydaşlarımız Güney türklərini tək qoymur, dərdlərinə şərik olur, səslərinə səs verirlər. Onlardan biri, Kərkük elimizdən səslənən şair Salah Bəhlul Çamurçunun problemə yanaşması şifahi xalq ədəbiyyatı nümunələri qəlibində, gəraylı biçimində əks olunur. S.B.Çamurçu Urmunu mədəniyyət beşiyi, kültür qaynağı, gözünün ağı-qarası kimi dəyərləndirir:

Sular bulanır durur

Urmuyu Allah qorur,

Kim bizə xain çıxar

Allahdan lənət bulur.

Urmu kültür qaynağı

Gözün qərəsi, ağı

Urmulu həsrət çəksə

Əridir daşı, dağı.

Mahmud Sadıqpur Şami Urmiyada doğulub, boya-başa çatıb, bu qədim türk şəhərində fars dilində təhsil alıb. Ana yurdun əsrarəngiz gözəllikləri, dərdləri onu bütün bunları yazmağa həvəsləndirib və şairlik yolunun yolçusu edib. "Urmiyə", "Məsdək, Mani", "Urmulu Səfi Ələddin" şeirlərində və "Məşrutə inqilabında Urmiyənin nəqşi" poemasında özünün, eləcə də vəsf elədiyi görkəmli sənətkarların, tarixi şəxsiyyətlərin ana yurdu, ata ocağı olan Urmiyəni tərif edir, "Sular ölkəsi, odlar şəhəri, cənnətin bir bucağı sanır, güllü-gülşənli, süsənli-sünbüllü, laləli-reyhanlı diyarın payızını, qışını, yazını, yayını, rəssamın çəkdiyi tabloda olduğu kimi gözəl görür... O qədər gözəl ki, kuşuldayan Nazlı çayın, Şəhər çayının dumduru sularında ulduzların, günəşin, ayın əksi bərq vurur. Bu yurdun Kazım dağında, Şıx təpəsində min bir əsrarı-sirri yatıb. Ulu Tanrı pay böləndə qismətinə daha çox gözəllikdən pay düşən bu müqəddəs yerə güllü-çiçəkli bahar çağında dünyanın hər yerindən turistlər gəlir və hüsnünün seyrinə dalırlar. Şami arzulayır ki, gözəlliklərinin tamaşasına dünyanın durduğu, bir çox millətlərin, ayrı-ayrı təriqətlərə xidmət edən insanların ayın-şayın, mehribancasına yaşadıqları və tarixi düşmənlərə qənim Urmiyəsinin başı üzərindən qara yellər əsməsin, qada-bəla uzaq olsun...

Bu şeirində Urmiyanın şanlı tarixini, şərəfli keçmişini vərəqləyən Mahmud Sadıqpur Şami "Məşrutə inqilabında Urmiyənin nəqşi" poemasında azadlıq yolunda sınaqlardan çıxıb, Məşrutə inqilabında qan-can verən Zərdüştün şəhərinin, qəhrəmanlara səngər olan odlar, sular şəhərinin başına gələn bəlalardan, qanlı-qadalı olaylardan söz açır, "Ey şanlı Urmu, ey qanlı Urmu" - nidaları ilə dərdlərini ovutmaq üçün ağı deyir sanki... "Tarix boyu yaşı olan" Urmunun yağı düşmən əlindən çəkdiklərini kino lenti kimi göz önündən keçirən şair yazır ki, "Şor dənizim, Kazım dağım neçə-neçə savaşlara" şahidlik etmişdir, bu savaşlarda qırılan ellərin dərdindən, yaşanan acılardan xalqın sinəsinə vurulan yaralardan Kazım dağında bitən lalələrin belə sinəsinə dağ çəkilmiş, odlar yurdunun bu yaz çiçəyinin bağrında həmin "dağlar" qara xal yaratmışdır. Ancaq nə qəm, ana Vətəni, doğma xalqı acılar çəkib, qanlar axıtsa da, azadlıq yolundakı bu imtahandan da alnıaçıq çıxmışdır:

Çaldı çapdı yağı düşmən əsir apardı qız-gəlini,

Necə deyim, ah....

"Marşimon", "Simitqo", Şeyx Əbdullah

Gəlib axıtdılar qanlar selini...

Büküb sındırdılar xalqın belini

Keçdi o dövran, olma pərişan, Azərbaycan!

Sil gözlərinin qanlı yaşını,

Qaldır ucaya məğrur başını!

Məşrutiyyət nəhzətində sən də qan verdin

Azadlıq yolunda nə gözəl imtahan verdin...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.