İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ölkə çempionatı başa çatıb

Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışın sonuncu günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Yarışda İntiqam Vəlizadə (61 kq), Maqomed-Başir Xaniyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq), İbrahim Yusubov (92 kq) və Rahid Həmidli (125 kq) qızıl medala sahib olublar.

 

Ağır atletika yarışının qalibləri müəyyənləşib

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının zalında qadın, kişi və veteranlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku uğrunda yarış başa çatıb. Yarışa müxtəlif çəki dərəcələri üzrə 25 qadın idmançı qatılıb.

Qadın çəki dərəcələrində Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Fazilə İmanova, Ayişə Əliyeva, Fidan Mirzəzadə, Rahilə Hüseynzadə, Leyla Məhərrəmova və Elnarə Rəşidova qızıl medallara layiq görülüblər. Qadınlar arasında mütləq qalibi Rahilə Hüseynzadə olub və ona ölkə kuboku təqdim edilib. Qadınların komanda hesabında 115 xal toplayan Sumqayıt birinci, 126 xal toplayan Qazax ikinci, 67 xal toplayan "Bakı-Herkules" komandası isə üçüncü yeri tutub.

Kişilərin çəki dərəcələrində Amin Osmanov, Turan Əliyev, İsa Rüstəmov, Ömər Cavadov, Füqan Əliyev, Sənan Mirzəyev, Elşən Şərifov, Əli Şükürlü, Dadaş Dadaşbəyli və İsmayıl Qurbanov qızıl medal qazanıblar. Kişilər arasında mütləq qalib adına Dadaş Dadaşbəyli layiq görülüb. Kişilərin komanda hesabında 216 xal toplayan Qazax idmançıları birinci olub. Goranboy 182 xalla ikinci, Qobustan isə 160 xalla üçüncü olub.

 

Mükafatçılar məlum olub

Görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin mükafatçıları bəlli olub. Rapid və blits yarışlarının yekunlarına görə, birincilik 25,5 xalla özbəkistanlı Nodirbek Abdusattorova verilib. Hesablarında 20,5 xal olan Rauf Məmmədov və Şəhriyar Məmmədyarov ilk üçlükdə yer alıblar.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu illər), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci illər) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il) isə bir dəfə turnirin qalibi olublar.

 

Birinci turun yekunları

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında birinci tura yekun vurulub. "Murov" komandası "Neftçi" ilə üz-üzə gəlib. Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada "Neftçi" ilk setdə 25:20 hesabı ilə üstün olub. İkinci hissədən təşəbbüsü ələ alan "Murov" yekunda qələbəyə sevinib - 3:1. İlk turdan sonra aktivinə 3 xal yazdıran "Xarıbülbül" və "Murov" turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. "Neftçi" və MOİK isə turu xalsız başa vurub.

Nərgiz İSMAYILOVA,

"Respublika".