GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

RAMİN CAHANGİRZADƏ

1978-ci ildə Muğan bölgəsində dünyaya göz açıb. İbtidai və orta məktəbi bitirdikdən sonra Təbrizdə ali təhsil alıb. Ərdəbil şəhərində yaşayır. Bu günədək sırf uşaqlar üçün yazdığı "Ulduz" (2004), "Gözləri gül açıbdı" (2007), "Ay suda" (2011) və "Nar" (2013) adlı şeir məcmuələri işıq üzü görüb və körpə fidanlara bir dünya sevinc yaşadıb...

2008-ci ildə nəşr edilən "Dan yeli" dərgisinin "Tarla" adlı özəl sayında bütünlüklə uşaqlara həsr olunmuş şeirləri toplanan Ramin "Bir az dərinə gedirəm" adlı nəsr kitabını da elə həmin ildə çap etdirərək oxucuların ixtiyarına verib... "Daşlar" adlı yeni şeir məcmuəsi isə AYB-nin Güney Azərbaycan şöbəsinin maliyyə dəstəyi ilə Bakıda ("Nurlan", 2011) çap olunub.

 

Günəbaxan

Günəbaxan günorta

baxır Günəşə sarı

içində qara tumlar

ləçəyi var sapsarı.

 

Bir gün qaraldı hava

günəbaxan darıxdı

soraqladı Günəşi

öz-özünə karıxdı.

 

Bir lampa tapdım evdən

dirəyə dayandırdım

pərizə saldım simi

başı üstə yandırdım.

İşıq düşdü gözünə

oyandı günəbaxan

dik atıldı yuxudan

dayandı günəbaxan.

 

Elə bildi Günəşdi

sevindi durdu yerdən

lampaya dəyən kimi

cızıldadı o birdən.

 

Bir az toxdadı dedi:

- Ay səni, şeytan uşaq,

məni aldatdın yenə

dünyanı qatan uşaq.

 

Bir neçə gün sovuşdu

Günəş yenə tapıldı

günəbaxan sevinib

yeni bir nəfəs aldı.

 

FƏRMAN FƏRZİ MÖVLAN

1978-ci ildə Kəleybərin Mövlan kəndində dünyaya göz açıb. İlk və orta məktəb təhsilini həmin kənddə başa vurduqdan sonra, 1997-ci ildə Təbriz Universitetinin hüquq fakültəsinə daxil olub. Bakalavr dərəcəsini əldə etdikdən sonra isə həmin sahədə doktorluq dərəcəsini Tehran Universitetində alıb.

Şeir və incəsənətdə bacarığı, elə uşaqlıq çağlarından aşkara çıxıb, şeir nümunələri 1991-ci ildən yerli gündəliklərdə "Yorğun" təxəllüsü ilə çap edilib. Şairin bu günə kimi 7 kitabı işıq üzü görüb.  

Fərman Fərzi musiqi sahəsində də fəaldır. 1996-cı ildə Sulduz şəhərində "Mahnı" musiqi mərkəzini təşkil edib, dörd il müddətində aşıq musiqisinə marağı olan çoxlu gənclər yetişdirib. 2000-ci ildə Təbrizdə "Sevgi" musiqi qrupunu, 2012-ci ildə isə çoxsaylı sənətkarlar yetişdirən "Ozan" qrupunu yaradıb.

 Hazırda Təbriz universitetlərinin birində müəllimlik edir və "Neçə mədəniyyətlilik" jurnalının rəhbəridir.

 

Vətən

Xoşum gəlmir səhər-axşam sənə şeir yazanlardan

Xoşum gəlmir sənin üçün nəğmə qoşan ozanlardan

Xoşum gəlmir qucağına otel kimi baxanlardan

Xoşum gəlmir qucağında min oyundan çıxanlardan

Şöhrət üçün, alqış üçün, tez-tez çəkirlər adını

Ocağında qızmaq üçün oğurlayırlar odunu

Sənə şair nə lazımdır?

Sənə aşıq nə lazımdır?

Yad əllərdə qalan vətən,

Çiçəkləri solan vətən,

Ölsün anan, ölsün bacın,

Ölsün mən tək balan vətən.