GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HƏKİMƏ BABAKİŞİZADƏ NƏĞMƏ

1981-ci ildə Ziyavın Aluç kəndində dünyaya göz açıb. Universitetdə fars dili və ədəbiyyatı üzrə təhsil alıb. Çoxlu sayda şeir və hekayə müəllifidir. O, öz yaradıcılığı haqda belə deyir: "Yadıma gələndən, yaşamın dərdini, kədərini, sevincini, sevgisini düşünəndən və əlimə qələm alandan içimdə baş verən olayların təsiri altında, həm də duyğulandığım vaxtlarda yazmışam və bu gün də yazıram. Arada yaşamımda durğunluqlar da olub və mən istər-istəməz yazıb-yaratmaqdan uzaq qalmışam. Ancaq yenə çəkilib ədəbiyyat aləminə sığınmışam. Üsyançı ruhlar gördüyümüz dünyaya sığmayanda ədəbiyyat evində bir xəyal adlı künc var, mənim də hər özündən köçən şair kimi, əski və yeni ünvanımı axtarsanız, oradayam".

Yazar-şair hazırda Ərdəbil şəhərində yaşayır.

 

Ürəyim quş kimi həsrətdə ölür,

Səntək gülü hər an bağlarda görür,

Həsrətlə gün çıxır həsrətlə dönür,

Güdürəm bir xəbər yetişmir mənə.

***

Qürbətdi vətənim, sənsiz vətən yox,

İntizar yoruldu qəmlərlə mən yox,

Yollarda külək yox, dağlarda çən yox,

Güdürəm bir xəbər yetişmir mənə.

***

Göynəyir ürəyim, sancır ürəyim,

Zəhərləndi sənsiz duzum, çörəyim,

Döndü həsrətlərə bir-bir diləyim,

Güdürəm bir xəbər yetişmir mənə.

***

Qayıt! Sənsiz yatır, ələmim yatır,

Solur gülüş gülü, tikanlar batır,

Bu qəmli intizar məndə kök atır,

Güdürəm bir xəbər yetişmir mənə.

 

KƏRİM ƏHMƏDİYAN

Özünə "Şahid" təxəllüsü seçən Kərim Əhmədiyan 1980-ci il may ayının 23-də Təbriz şəhərində dünyaya göz açıb. İlk və orta təhsilini bitirdikdən sonra, sənətkarlıq üzrə ali təhsil alıb. K.Əhmədiyan bu günə kimi çeşidli formalarda (qoşma, qəzəl, gəraylı və sərbəst şeir) şeirləri qələmə alıb. Şairin "Həqiqət günəşi" və "Tamarzıyam yaz səsinə" şeir kitabları işıq üzü görüb və geniş yayılıb. Üstəlik şair "Nisgilli duyğular" adlı səsli şeir albomunu da sərt disk formatında hazırlayaraq onu sevənlərin ixtiyarına verib.

 

Gözlərində çiçək-çiçək nar gətir,

Güllərini bas bağrına yaz gətir,

Qara gözlüm o nazını az gətir,

Mən çalıram oyna "Yanıq Kərəmi".

***

Narın-narın yağdı narın qarların,

Yanır Kərəm yanıq çalır tarların,

Soyuq düşdü qızarmadı narların,

Bulaq kimi qayna "Yanıq Kərəmi".

***

Saz bağrımda, mizrab əldə çalıram,

Yar önümdə, mən qadasın alıram.

Oynayarkən gözlərinə dalıram,

Yar ol mənə oyna "Yanıq Kərəmi".

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3 və 4 fevral tarixli saylarımızda)

Xosrov Barışanın "Duzlu gəlinim" şeirində də motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədi… Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da düşündürməyə bilmir. "Ey səni özgə özgəyə pay verən", - deməklə tarixə ekskurs edən gənc şair "Paydan pay olmaz" atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-pürüş edilən, "özgənin özgəyə pay verdiyi" gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, duzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağılan, yəni sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır:

Ey səni özgə özgəyə pay verən

Damo bəzək duzlu gəlinim;

Gözlərin göm-göy bir dəniz...

O (Bu) yenələnən heçlaqda

Gərdəyə girəcəksən!

"Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına" üzülən və obrazlı təhkiyə sərgiləyən, "şeir dediyini silahsız bir fədayi çerikə" bənzədən şair "Adını Urmu qoyduğu Sevgilini qurtarmaq" - fədakarlığına da hazırdır, təki "bağrı çatlamış...", "qəbir gözlü gözəli", Urmusu-sevgilisi ölümdən qurtulsun... Əgər qurtulmazsa, "şeirinin gəmisi kapitansız qalacaq", düşüncə dalğaları "dodu-dodu dolanacaq..." Xosrovun...

Nəhayət, "Duzlu gəlinim" şeirinin son misralarında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragedik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: "Sevişmək artıq yasaqdır. Gəlinlik var, gəlin yox!!!".

 Urmu gölünə bu dərəcədə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsinin təsadüfi xarakter daşımadığı son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada "əzəmətli" Ermənistan yaratmaq istəyən dağıdıcı, vəhşi xislətli ermənilərin türklərə qarşı soyqırımı əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə Quzeyindən, nə də Güneyindən yan keçməmişdi. "Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirsə, Güney Azərbaycanda təkcə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir".

1946-cı ilin dekabrında, yəni Milli Hökumət süquta uğradıldıqdan sonra, Şah qoşunları və Rza şah Pəhləvinin xarici havadarları tərəfindən: "Cənubi Azərbaycan torpağı qan dəryasına qərq edilmişdi. Öldürülənlər şəhər küçələrində o qədər çox idi ki, yollardan keçmək mümkün deyildi. Demokratların cənazələrini doğrayaraq arabalara yığıb, küçələrdə gəzdirir, kəsik başlarını nizəyə taxaraq ətrafında dövrə vurub oynayırdılar. Onların arvadlarını, uşaqlarını diri-diri su quyularına, yanar təndirə atırdılar. Gözlərini çıxarır, qulaqlarını kəsir, bədənlərinə dağ basır, qızlarını soyundurub küçələri gəzdirirdilər. Canlı insan bədənlərindən tonqal düzəldirdilər, onları daş-qalaq edir, atın quyruğuna bağlayır, 60-70 yaşlı qocaları peyin arabalarına qoşaraq küçə-küçə gəzdirir, yoldan ötənləri onların üzünə tüpürməyə vadar edirdilər. Bütün bu təhqirlərə xalqın mərd oğul və qızları mətanətlə dözür, ruhdan düşmək nə olduğunu bilmirdilər. Urmiyədə ADF-nin üzvü Bəhram Nəbi öldürülərkən Azərbaycan himnini, 70 yaşlı Nurullaxan Yeqani isə Səttarxana həsr edilmiş şeiri oxuya-oxuya həlak olmuşdur. Azərbaycan xalq qoşunları Marağa qarnizonunun polkovniki Qulu Sübhi ölümünü bir qəhrəman kimi qarşıladı. Urmiyə fədailərinin başçısı Azad Vətən vəhşicəsinə öldürülməzdən qabaq ona tutduğu yoldan dönmək, yəni düşmən tərəfə keçmək təklif olunarkən cavabında: "Nə danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman çinar isə sınar, əyilməz" demişdir. 

Əlbəttə, bu qanlı hadisələrə, çarəsi hələ də tapılmayan milli dərdlər və dərdi mətanətlə, dözümlə çəkən Vətən oğul və qızlarının şücaəti, zaman-zaman ulu yurdun istilalara, haqsız hücumlara və əhalinin kütləvi soyqırımına məruz qalmasına şahid olan şairlər də öz növbəsində bu mövzuya dönə-dönə üz tutmağa, özlərini bədii sözün gücü ilə ovutmağa ehtiyac duymuşlar.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.