GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

XOSROV BARIŞAN

1983-cü ildə Təbrizdə dünyaya göz açıb. İlk və orta təhsilini Təbrizdə alıb. Sonra Şəbistər Universitetinin aqrar bölmə mühəndisliyi bölümünə qəbul olunub. Uşaqlıqdan şeirə və kitab oxumağa maraqlı olub. İlk şeirlərini orta məktəbdə oxuyarkən yazmağa başlayıb. 19 yaşlarında Təbrizdə yaradılan ədəbi dərnəkdə iştirak etməyə başlayıb. "Aşina" dərgisinin təşkilatçılarından biri olub. İlk şeir toplusu ("Yağış saniyəsi") kitabı da elə bu dönəmdə nəşr edilib. Həmin illərdə Təbrizdə keçirilən Qızıl Alma şeir yarışmasında mükafata layiq görülüb. 2013-cü ildə Təbriz ədəbiyyat festivalında "Sən olanda, olmayanda" adlı şeiri mükafat alıb.

Xosrov Barışan şeirdən əlavə, hekayə yazmağa da maraqlıdır. Şeir və yazıları Azərbaycanın müxtəlif dərgi və saytlarında dəfələrcə yayımlanıb. Ondan artıq kitabın müəllifidir.

 

Ah…

Bir göyərçin olub uçsam gözlərində,

Göy utansa,

Yağış yağsa,

Yalnız islansa şairliyimin başmaqları,

Kəlmələrin gəlişində sürünsəm, sürünsəm…

Ürəyim ağzıma gəlsə,

Ağlamadan ölümdən qaça bilsəm,

Şair olardım mən də.

Bu divar, divar deyil,

Məni səndən ayırmasa.

Bu topraq topraq deyil,

Məni səndə quylamasa.

Bu gediş, gediş deyil,

Şeir olub yazılmasa.

Şeir deyil ki, bu yazdığım,

Söz doğrayıram nisgil doğramacına.

"Hər kəs sənə ulduz deyə

özüm sənə ay demişəm".

Bir qurd olub ulayıram…

 

DUMAN ƏRDƏM

1983-cü ildə Təbrizdə anadan olub. Şeir, hekayə və teatr tamaşaları üçün pyesler yazmaqla bərabər, həm də romanlar müəllifidir. Güney Azərbaycanın gənc yazarları arasında ən çox oxunan və öncül imzalardan biri kimi tanınır. "Öp ölümünü", "Kola qutusunda it ölüsü" və "Sonuncu sufi" adlı şeir kitablarının müəllifidir.

Yaradıcılıq üslubundakı fərqlilik onun seçkin yazar kimi tanınmasına səbəb olub. Onu bəzən anti-ədəbiyyatçı adlandırsalar da, yazarın özü bu fikirlərlə razı deyil. Şair şeirlərində bir çox hallarda öz fikirlərini sətiraltı mənalar və şərq fəlsəfəsindən gəlmə rəmzlərlə ifadə edir.

 

Qadın səsi çiçək açır

Buludlar damlardakı boruların tənəffüsündən

Göy üzünə qaçqındılar…

Göylərdən qadın naləsi yağsın,

Duaya çıxır şeyxlər…

Qadın səsi çiçək açır,

Buğda bitir

Çörəklənir əllərimizin daş yazılarında…

 

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

 

(əvvəli 2, 3, 4, 5, 7 və 8 fevral tarixli saylarımızda)

Başlanğıcını Zaqroş dağlarının ən yüksək zirvələrindən götürən Şəhər çayı Urmuya heyrətamiz gözəllik və təravət gətirir, ətrafında bağçılıq, bostançılıq və digər kənd təsərrüfatı bitkilərinin inkişafına geniş imkanlar yaradır. Türkiyə və İraq sərhədləri boyunca uzanan və onu bu qədim türk torpaqlarından ayıran əzəmətli Moğancıq-Mosalan və ən uca zirvəsi dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşən Hərəvil olan Qotur dağ silsilələri hüsnünə min bir yaraşıq verir, qışda soyuq, yayda mülayim və sərin havası ilə ruh oxşayır... Maddi-mənəvi nemətlərlə zəngin olan bu qədim məkan ta əski çağlardan bir çox yerli və xarici ölkə tarixçilərinin, o cümlədən Məhəmmədhəsən xan, Ələkbər Dehxuda, Əli Rəzməra, Zəkəriyyə Məhəmməd əl-Qəzvini kimi İranın görkəmli tarixçi-alimlərinin də diqqətini cəlb edib və onlar öz əsərlərində Urmiyanın özəllikləri haqqında dəyərli məlumatlar veriblər. İstər Parfların, istərsə də Sasanilərin dövründə əsas atəşpərəstlik mərkəzlərindən biri və atəşpərəstlik dini təliminin yaradıcısı Zərdüşt peyğəmbərin vətəni olan bu ulu şəhər ətraf bölgələrin əhalisinin belə, ziyarətgahına çevrilib. Lakin bu qədim şəhərin tarixi yerləri və zəngin maddi mədəniyyət abidələrinin çoxu müxtəlif tayfa və qəbilələrin hücumu zamanı, həm də aramsız təbiət hadisələri nəticəsində dağıdılıb, təkcə Çingiz xanın nəvəsi Hülakü xanın qəbrini bu günədək qoruya bilib Urmiya...

Türkün beşiyi, ilk sevgi ocağı olan Urmiyanın özəllikləri tarixçi-alim Yaqut əl-Həməvinin də diqqətindən yayınmayıb, şəhər haqqında səxavətlə qiymətli fikirlər söyləyib: "...Mən özüm şəhəri görmüşəm, çox gözəl və bolluq olan bu şəhər əlverişli iqlim şəraitinə, təbii gözəlliyinə, suyunun, meyvəsinin, habelə bostanlarının çox olmasına görə bu dövrdə olan digər şəhərlərdən fərqlənir". Vaxtilə Urmu-Urmiyanın əsrarəngiz gözəlliklərinin vəsf olunduğu bir mahnıda da xəyalın belə zirvə daşına yetə, naməhrəmlərin həndəvərinə ayaq qoya bilmədiyi, yaşının sayı belə dəqiq bilinməyən gül-çiçəyinin ətri ətrafı bürüyən, yamacında bülbüllər ötən, düzlərini dumanlar örtən, başına Günəşdən tac qoyan bu qədimdən qədim diyarın gözəllikləri, hüsnü baxanları heyran edərmiş:

Gül ətri bürüyər yoldan keçəni,

Reyhanlı, nərgizli, laləli dağlar,

Naməhrəmlər ona ayaq qoyanmaz,

Hasarlı, divarlı, laləli dağlar,

Şairlərdən alar xəyalı dağlar...

Çağdaş Güney Azərbaycan ədəbiyyatının novator-yenilikçi şairi, modernizmlə -yeniliklə klassisizmi-əskini bir araya gətirərək bənzərsiz bədii nümunələr yaradan İsmayıl Ülkər Mədədi "Urmuda urmuluqlar" poemasında çox təsirli, insanın iç dünyasını riqqətə gətirən bir nağıl-Urmu gölü nağılı yazmış, olaya əfsanə qanadında yeni yanaşma sərgiləmişdir. Urmiya gölünün öncəki çal-çağırlı çağlarına gözəlləmə, bugünkü ağlar gününə isə ağı deyən şair dialoq əsasında qurduğu əsərdə keçmişlə bu günü qarşı-qarşıya gətirir. Damarlarda qanı donduracaq dərəcədə təsirli bir mənzərə yaranır: - Şanlı-şövkətli keçmişi olmuş təbiət möcüzəsinin - Urmunun bu gününə dair şairin suallarının cavabı itib gedib - yəni yoxdur!.. Canlı bir varlıq kimi minilliklər boyu yaşayan və müalicəvi suyu min bir dərdin dərmanı olan, qoynunda qeyri-adi flora və fauna bəsləmiş göl indi sanki ölüm yatağında can çəkişdirir və "ağ gəlinliyi kəfənləşməkdə, taxtı tabutlaşmaqdadır!".

İsmayıl Ülkər əsərin süjet xəttini o qədər ustalıqla qurur ki, oxucu sanki Urmu gölünün dünəni və bu günü barədə ağrılı bir film izləyir və acı gerçəklər qarşısında göz yaşlarını tuta bilmir... İnanır ki, bu qəmli hekayəti yazan və durumun səbəbkarlarının ünvanına sərt ittihamlar səsləndirən şair də bu əsrarəngiz gözəlliklə birlikdə ölür, son nəfəsini verir... Təhkiyə son dərəcə maraqlı preambula ilə başlayır: "Əfsanəyə görə, biri varmış, biri yoxmuş, biri Təbrizdə, digəri isə Urmuda yaşayan iki sevgili varmış... Bu iki sevgili bir-birinə yetişə bilmirmişlər! Buna görə də o qədər ağlamış, o qədər ağlamışlar ki, göz yaşlarından Urmu gölü yaranmışdır! Suyunun duzluluğunun da nədəni bu imiş... Urmu gölü boyda bir sevdaya bir öyküdür bu şeir...". İsmayıl Ülkərin yazdıqlarına, onun səmimiyyətinə oxucu qəlbən inanır, şairin yanğısını dərk edir, dərdinə şərik olur. Bu məqamda görkəmli nasir Afaq Məsudun bu sözlərini rahatca ona şamil edə bilirəm: "Yazıçılıq bu dünyada diri-diri boğulub ölməməkdən ötrü içində öz-özünlə apardığın savaşlardan yaranır...".

Bu savaşlardan yaratdı Güney şairləri çağdaş dövr ədəbiyyatını... İsmayıl Ülkər də onların önündə...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.