GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ARƏŞ SAİ

1981-ci ildə Təbrizdə dünyaya göz açıb. İlk və orta məktəbi Təbriz şəhərində bitirdikdən sonra Təbriz Universitetinin Texnika fakültəsinə daxil olub. 2003-cü ildə Universiteti bitirib. Şairin evi Təbrizdə olsa da, iş yeri ölkənin güneyində - "Əsəluyə" neftayırma kompleksindədir. Arəş Sai təbi gələndə şeirlər yazır və elmi tədqiqatla məşğuldur. Şairin günümüzədək "Saat 25 (Şeir toplusu)" çap olunub. Çağatay ədəbiyyatı üzrə apardığı araşdırmalar ayrı-ayrı məqalələrdə öz əksini tapıb. Habelə Təbrizdə ustad Həsən Umudoğlunun "Cağatayca farsca sözlük" kitabına ön söz yazıb. "Almaniyada kitab məsələsi" məqaləsi "Heydərbaba" dərgisində, "Ədəbiyyat toplumun ortaq dili, bölünməyən toprağı" adlı məqaləsi isə "Yarpaq" dərgisində yayımlanıb. Vaqif Səmədoğlunun seçilmiş şeirlərini transliterasiya edib və bu əsərlər "Bu yolların yuxusunu kim görüb" adı ilə nəşr olunub.

 

Bir işçiyəm.

Yaşım 34.

Nil dərrəsinin iniltilərini,

Çin duvarının uşaqlığını,

Yaxşıca tanıyan

Tarixin ilk şəhid işçisiylə yaşıd əllərimləyəm!

Ağrını necə yaxşı çəkməyi öyrədən

Bir anadan doğulmuşam.

Atamsa yaxşı bacarardı məzlumluq alfabesini.

Və hələ də gözüm

Məşrutəni özü ilə Tehrana aparıb

Nəşi ilə qayıdan, Səttarxandadır!

 

Bir işçiyəm,

Yaşım 34,

Günəşi yaxşıca yeyib, içən bir ölkədə, Əsəluyədə

İyicə tanıyaram dəmirin dözümünü

Sınmasını daha iyicəsinə

Doğrusu ən suçsuzlardırlar gövdəmin üyələri

Yaxşı bacararlar təqiyyə etməyi,

Günəşsə hər gün

Dan yarıldıqda

Min bir dəfə

Min bir Zərdüştün gövdəsində göz açar

Alatoran olunca

Batar min bir işçi

Min bir arzu

Arxiv olar min bir işçinin hekayəsi...

 

MUSTAFA ŞEYXPUR

"1982-ci ildə Miyana şəhərində anadan oldum. Orta məktəbi Miyana şəhərində oxudum, sonra Təbriz Azad Universitetində elektrik-elektronik mühəndisliyi bölümünü bitirdim. İndi isə Tehranda yaşayıram və bir Almaniya şirkətində servis mühəndisi olaraq çalışıram.

Şeir yazmağa 13-14 yaşlarımdan başladım, Güney Azərbaycanda yaşayan və yazan hər kəs kimi ilk yazılarımı təhsil aldığım dildə, yəni fars dilində yazdım. Sonralar Azərbaycan şeir və ədəbiyyatı ilə tanış olub öz dilimdə yazmağa başladım. Müxtəlif dərgilərdə və sitələrdə şeirlər və qissa notlarım yayımlandı. 2014-cü ildə "Dünya durduğum yerdə qurtarır" adlı birinci şeir kitabım Tehranda "Riva" yayın evi və "Yaşmaq" ədəbi qrupu tərəfindən çap olundu…".

 

Tehran metrosu

Metroda çiçək satıram

getməyə tələsən insanlar kimi yox,

qalmağa inanan əllərimlə

səni düşünürəm...

Nə azadlıq havası var başımda, nə inqilab

nə savaş həvəsi,

nə barış.

Hər şey dünən kimidir

hər şey sabah kimi

bir uşağın yuxusunda

burda

Tehran metrosunda.

 

Gün doğmadan vaqonlarda

duraq-duraq

Çiçək... çiçək... çiçək satıram.

 

Hər duraqda görünürsən

bir az yorğun, bir az arğın

qapınızda düşəcəyəm

İnqilabdan bir az sonra

Azadlığa bir az yaxın

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü

hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3, 4, 5 və 7 fevral tarixli saylarımızda)

 

Maraqlı və acınacaqlı hal budur ki, İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb, ancaq çıxış yollarından danışmayıb: Bu vəziyyət ağırlaşacağı təqdirdə Urmiya gölünün ətrafında olan Şərqi Azərbaycan vilayətinin 7 şəhərinin 204 min hektarlıq əkin sahəsi duzlağa çevrilə bilər.

Daha bir məlumata görə, Urmu ətrafındakı ərazilərə kütləvi şəkildə kürdlər yerləşdirilir, etnik balans kürdlərin hesabına artırılır. Hər bir həyətyanı torpaq sahəsində olmaqla, təxminən 30 min su quyusu qazılıb və bu quyular suvarma məqsədilə istismar olunur.

Yaranmış mənzərənin şərhə ehtiyacı varmı?! Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, "kənd təsərrüfatında inqilab" adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb. Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar. Sitatlardan da göründüyü kimi, Urmu-Urmiya gölü 1999-cu ildən bəri öz faciəvi taleyini yaşamaqdadır... Türkün sevgi ocağı bu gün sönmək üzrədir... Nədən bu sevgi ocağı söndürülür?!

Haqqında yazılanları izlədikcə prosesin köklərinin çox dərinlərə gedib çıxdığını görürük... və beləliklə də mətləbləri açıqlamaq zərurəti yaranır. Oxucu anlayır ki, Urmiyanın qurudulması prosesi planlı şəkildə həyata keçirilir... Bu plan əsasında insanları didərgin salır və başqa millətlərlə qarışıq olan ərazilərdə yaşamağa vadar edirdilər. Onların planına əsasən, Urmu gölünə gələn 18 çayın qarşısını kəsərək 35 bənd vurmaqla, gölü saxlayan 80 faiz suyu qurutmuş olurdular. Yarım mln. kubmetrlik su həcmi həmin çaylardan qaynaqlanır. Bu gölün illik su ehtiyacı 7 mln. kubmetrdir. Bir milyon yarımı da yağışla, yeraltı qaynaqlardan qaynaqlanır. 5 mln. yarım kubmetr yağış suyundan gölə daxil olmağa imkan vermirlər. Əkinçiliyə yardım göstərmək adı ilə suyu qurudurlar. Biz əvvəlcə düşündük ki, bəlkə məramları həqiqətən də yaxşıdır. Amma sonra gördük ki, yox, bunlar köhnə niyyət və xislətlərini bu yolla həyata keçirməyə çalışırlar. Bizim hərəkat insanları oyatdı və həqiqəti onlara çatdırdı. 2008-ci ildə Mahmud Əhmədinejat Urmiyaya gələndə dedi ki, 2,5 milyard dollar Urmu gölündən əkinçilik məqsədləri üçün istifadə edilməsinə pul ayırırıq. 2008-2011-ci ilə qədər bunlar bir sent də xərcləmədilər. Təbii ki, bunlar bənd vurub gölə gələn suyun qarşısını alırlarsa, hansı əkinçilikdən söhbət gedə bilər? Sonra da öz içlərində olanlar ortaya bir layihə çıxardılar ki, bu göl qurudulur, iki-üç ildən sonra artıq baş verəcək milli faciənin qarşısını almaq mümkün olmayacaq. Bu parlamentdə dedilər ki, bu layihəyə baxmağa vaxtımız yoxdur...

Görünür, bu vaxt gəlməyəcək, bu məqam heç olmayacaq... Çünki ilk türk tayfalarının-kuti, lullubi, turukkilərin yaşadığı, ilk Azərbaycan türk dövlətinin - Mannanın meydana gəldiyi müqəddəs bir məkandı Urmiya... Türkün beşiyi, sevgi ocağı, odlar, alovlar diyarıdı Urmu-Urmiya... Güney Azərbaycanın və İranın ən böyük gölü olan Urmiya gölünün qərb sahilində yerləşən və gölün adı ilə adlandırılan ən qədim və böyük şəhərlərdən biri, möhtəşəm mədəniyyət və din mərkəzi olan, adını tarixin daş səhifələrinə yazandı Urmiya...

2006-cı ilin rəsmi siyahıya alınmasına görə, təkcə mərkəzi şəhərində - Urmuda 583,255 nəfər, bütövlükdə əyalətdə isə 13 milyona yaxın Azərbaycan türkünün yaşadığı köklü bir bölgə... Geniş maddi və mədəni imkanlarına, əlverişli coğrafi mövqeyinə və möcüzəli iqlim şəraitinə görə vaxtilə bütün Şərqdə böyük şöhrət qazanmış, Qafqazı bəzi dövlətlərlə, Kiçik Asiyanı isə Pakistan və Hindistanın bir sıra şəhərləri ilə birləşdirən ticarət yollarının tam üstündə yerləşən qədimdən qədim Urmu-Urmiya şəhəri...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.