GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ÇİÇƏK AĞBULUD

Yazar, şair, tərcüməçi Çiçək Hüseynzadə Ağbulud 1991-ci ildə Təbriz şəhərində professor Əli Daşqının ailəsində dünyaya gəlib. Çiçək ilk, orta və ali təhsilini doğma şəhərində dil və ədəbiyyat üzrə bitirib. Bundan əlavə, uluslararası Türk dili və ədəbiyyatı araşdırmaları mərkəzində magistr təhsili alır. O, lap kiçik yaşlarından uşaq ədəbiyyatı, şeir və folklorla maraqlanıb, türkcə şeir və yazılar qələmə almağa başlayıb. 10 yaşından "Ağbulud" təxəllüsü seçib.

2013-cü ildə Çiçəyin "Mutluluq yolcusu" adlı kitabı Bakı və Təbriz şəhərlərində işıq üzü görüb. Çiçək Ağbuludun şeir və yazıları Təbriz, Urmu, Bakı və Türkiyənin müxtəlif dərgi və qəzetlərində çap olunub.

Çiçək Ağbulud bir neçə uluslararası dil və kültür festivalının qalibi olub.

Çox gənc olmasına baxmayaraq, Çiçək Ağbulud dil və ədəbiyyat sahəsində onlarca tələbə yetişdirib və hazırda bu sahədə çalışmalarını davam etdirir.

Çiçək Ağbulud 2017-ci ildə "Baxış zənciri" adlı ikinci kitabını oxucuya təqdim edib.

O, hazırda Təbrizdə yaşayır və "Kültürəl və Araşdırmalar birliyi"nin (Daşkın Kab) fəal üzvlərindən biridir. Burada dil və ədəbiyyat müəllimi kimi çalışır. Kiçik yaşlarından bəri atası prof. dr. Ali Daşkın kimi ədəbiyyat və şeir dünyasına böyük maraq göstərən və onu izləyərək bu yolda cəsarətlə addımlamağa başlayan Çiçək Ağbuludun üçüncü kitabı "Qarlı bahar" adlı şeir toplusudur.

Bundan sonra "Sözün cövhəri" və digər kitabları da işıq üzü görüb.

 

Həsrət körpüsü

O körpünü mənə demə, söz olar,

Saçını rüzgara tapşırma, yolar,

Qır çölün Çiçəyi vədəsiz solar,

Əkmə Çiçəyini çöllərə, gülüm!..

 

O körpüdən keçdi həsrət, arzu da,

Xaqani, Qurbani, getmədi yada,

Könlümün başına düşdü bir ada,

Vulkan püskürüncə, qalmadı külüm...

 

Mən çox düşünürəm, az gəlir mənə,

Baxmadım vaxtında könlüm deyənə,

Çox uzun gəlirsə o körpü sənə,

Keçmə üzərindən sarı sünbülüm!..

 

ƏRSALAN MİRZAYİ

Ərsalan Mirzayi 1977-ci ildə dünyaya göz açıb. 1998-ci ildən şeir yazmağa başlayıb. Güclü yumor hissinə malikdir.

Ərsalanın "Türk və Tarı" adlı məşhur şeirində də onun yüksək yumor hissi duyulur. O, mənsub olduğu qaşqay tayfasının tarixini, qəhrəmanlarını, kədər və sevinclərini ifadə etmək üçün "Uzaq yol" şeirlər toplusunu çap etdirib.

Şairin şeirləri "Uzaq yol", "Uşaqlar, ay uşaqlar", "Denadan Heydərbabaya salam" kitablarında, həmçinin əməkdaşı olduğu "İlqar və uzaq yol" albomlarında dərc olunub.

Ərsalan Mirzayi bu gün də böyük həvəslə şeir yaradıcılığını davam etdirir.

 

QARABAĞ

Bu bağ bizə bağlıdır,

Dörd bir yanı dağlıdır.

Özüm Qaşqay elindən

Göylüm Qarabağlıdır.

 

Ora burdan uzaqdır,

Bir mübarək torpaqdır.

Hər müsəlman millətin

Bir dağı Qarabağdır.