MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) VƏ ONUN
Güneydən səslər

MƏHƏMMƏDTAĞI ZEHTABİ (Kirişçi) VƏ ONUN "İRAN TÜRKLƏRİNİN ƏSKİ TARİXİ" KİTABI

Güney Azərbaycan milli-elmi və ədəbi şəxsiyyətləri

Xalqımızın fikir, düşüncə, mübarizə tarixində elə şəxsiyyətlər olmuşdur ki, sağlığında həqiqi qiymətlərini almamış, əksinə, millət yolunda fədakarlıqları çox vaxt onları yurdlarından didərgin salmış, olmazın məşəqqətlər, həbslər, sürgünlərlə üz-üzə qoymuşdur. XX yüzillikdə xalqımızın maarifı, milli oyanışı, dil tarixinin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş professor Məhəmmədtağı Zehtabinin də sağlığında şəxsiyyəti və yaradıcılığı ictimaiyyət tərəfındən gərəyincə öyrənilməmişdir. İstər şah rejimi dövründə, istərsə də sonrakı İran mühitində Azərbaycan dilinə, tarixinə, etnik mənsubiyyətinə, coğrafi, siyasi mövqeyinə şovinist baxışları rədd edən M.Zehtabi bir çox elmi, publisistik əsərlər yazmış, xalqının istək və arzularını əsərlərində əks etdirməyə çalışmışdır.

Yorulmaz alim, tədqiqatçı, fəal mövqeli vətəndaş Məhəmmədtağı Zehtabi bir çox ədəbi, tarixi, elmi, siyasi kitabların müəllifidir. Bu əsərlər içərisində "İran türklərinin əski tarixi" xüsusi əhəmiyyət kəsb edir.

M.Zehtabi, uzun illərin elmi araşdırmalarını ciddi təhlil və nəzəri əsaslarla zənginləşdirərək ömrünün qürub çağında bütün elmi, ədəbi axtarışlarının, səfər və təəssüratlarının yekunu kimi 880 səhifəlik "İran türklərinin əski tarixi" adlı fundamental əsərini yaymışdır.

Əsərdə M.Zehtabi təkcə dilçi kimi deyil, tarixçi, etnoqraf kimi indiki İran ərazisində yaşayan türklərin etnik mənsubiyyətini və dilini saxtalaşdıran fars şovinizminə qarşı çıxaraq sübut edir ki, farsların on qəbiləsi ilk dəfə Miladdan 900 il əvvəl İran yaylasına gəlmiş, Elam şahzadələrinin hakimiyyəti altında olan Kirman əyalətində yurd salıb yaşamışlar. Lakin bu ərazilərdə türklərin 3500 il əvvəl məskunlaşdığı qeyd olunur. Dəqiq faktlarla müqayisələr zəminində əsl həqiqəti üzə çıxaran alim bu gün İran ərazisində Azərbaycan dilinin milli mənsubiyyətini şübhə altında saxlayan saxta alimlərə ciddi cavab vermiş olur.

Kitabda, həmçinin yerüstü abidələrimizin ən qədim xəritəsi çəkilir, Hind-Avropa xalqlarının bu insan məskəninə axınına kimi qurulan dövlətlərin və mədəniyyətlərin etnik, dil və kök baxımından türklərə aid olduğu sübut edilir.

Professor M.Zehtabinin uzun illərin gərgin axtarışları, davamlı müqayisə, şərhlər, faktların sintezi və analizi hesabına gəldiyi nəticə "İran türklərinin əski tarixi" əsərində belə ümumiləşdirilir: "Arazın şimalında və cənubundakı qədim Azərbaycan torpaqları türk etnosların əski dil, mədəniyyət, məişət mərkəzləri - Vətənləri olmuşdur".

Mövzunun aktuallığını nəzərə alaraq kitabı cüzi ixtisarla oxucularımıza təqdim edirik.

 

İsgəndər dövründən islama qədər

İSGƏNDƏRİN HÜCUMU, ƏHƏMƏNİLƏRİN SONU

Müxtəlif xalqların, o cümlədən midiya xalqının üsyanlarını yatırdıqdan sonra Dara bir sıra islahatlar həyata keçirdi. İslahatların keçirilməsində məqsəd məhkum xalqların həyatını yaxşılasdırmaq deyil, əksinə xalqların həyatı bahasına böyük hərbi səfərlərə hazırlıq idi. Bundan ötrü Dara vergi sistemi yaratdı və ölkənin hər yerini bir-birilə bağlayan yollar çəkdirdi. Herodotun yazdığına görə, Midiya satrapı 450 talant vergi verməli idi. I Daranın bütün ordusunun, eləcə də "Arteşe Cavidan"ın komandanları və böyük məsuliyyətli dövlət işləri istisnasız olaraq farsların, xüsusilə onların 3 mühüm qəbiləsindən olan şəxslərin əlində idi. Başqa sözlə desək, hakim heyət yalnız farslardan ibarət idi. Həddi-büluğa çatan hər fars məhkum xalqlardan zorla alınan vergilər vasitəsilə yaşayardı.

Açıq fars şovinizmi siyasəti ilə birlikdə Dara məhkum xalqların gücü və verdikləri ağır vergilərlə böyük və uzun sürən hərbi yürüslərə basladı. Bu hərbi səfərlərin biri Miladdan əvvəl 490-cı ilin sentyabr ayında Yunanıstana hücum oldu. Bu hücumu Dara uzun quru yolla deyil, Egey sahillərindən gəmi vasitəsilə həyata keçirdi. Müharibədə Daranın ordusu sentyabrın 12-də məğlub oldu. Daranın bu və başqa hərbi səfərləri fars imperatorluğunun tərkibinə zorla daxil edilmiş məhkum xalqlara, o cümlədən Midiya əhalisinə olduqca baha başa gəldi. Gənc qüvvələr məhv olur, xalq var-yoxdan çıxırdı.

Miladdan əvvəl 486-cı ildə Dara öldükdən sonra onun və Kirin qızının oğlu Xaşayarşa şah elan edildi. Xaşayarşa e.ə. 484-cü ildə Misir xalqının qiyamını yatırdı və qardaşı Əhəməni (Hə-xaməneş) oranın satrapı təyin etdi. Sonra Xaşayarşa məhkum xalqların hesabına Yunanıstana hücum etmək üçün plan hazırlamağa başladı. Xaşayarşa Daranın Yunanıstana hərbi səfərinin müvəffəqiyyət qazanmamasının səbəbini lazımi hazırlığın olmamasında görərək öz hərbi səfərinə uzun müddət hazırlıq isləri apardı. Xaşayarşa həm qurudan, həm də dənizdən hücuma başladı. Bu müharibə uzunmüddətli və qanlı müharibə kimi dünya tarixinə düşdü. Herodot Xaşayarşanın ordusunun tərkibindən danışarkən göstərir ki, orduda ərəb, hindli, mad və s. millətlərin nümayəndələri vuruşurdu. Bütün orduların komandanlığı isə istisnasız olaraq farslardan və xüsusi ilə həxaməneş (əhəmən) ailəsindən seçilmisdi. Hər bir sətrab hakimi olduğu vilayətin millətlərindən xüsusi ordu təskil edilmisdi. Həmçinin, zadəganların uşaqlarından təşkil olunmuş on min nəfərlik "Arteşe Cavidan" ordusu da fəaliyyət göstərirdi. Xaşayarşanın dəniz qüvvəsi də var idi. Onun əsasını kiyalılar, misirlilər, kiprlilər və s. dənizkənarı xalqlar təskil edirdi. Gəmilərdəki döyüşçülər isə madlar, sakalar və s. məhkum millətlərdən ibarət idi. Bunlara komandanlıq Əhəməni şahzadələrindən təyin olunurdu. Lakin bütün ordunun baş komandanı Xaşayarşanın özü idi. Müsair tarixçilər Xaşayarşanın ordusunun sayını yüz min nəfər qeyd edirlər.

Miladdan əvvəl 480-ci ilin baharında həm qurudan, həm də dənizdən hücum başlandı. Müharibənin əvvəlində bir yunanlının xəyanəti nəticəsində farslar qələbə çaldılar. Lakin sonra farsların qoşunu Salamində məğlub oldular. Bu zaman Xaşayarşa İrana qayıtmısdı. Lakin döyüşlər davam edirdi. Miladdan əvvəl 479-cu ilin baharında Pəlatə adlı məhəllədə fars ordusu həm quru, həm də dənizdə məğlub olaraq Yunanıstandan qovulub çıxarıldı. Bu zaman Babildə üsyan baslandı. Xaşayarşa üsyanı yatırdı və Babili satraplıq şəklinə salaraq Babil şahlığı ləqəbini öz adından sildi.

Bütün bu ağır və qanlı hərbi səfərlərdə farsların hakim heyəti və xüsusi ilə əhəmənilər orduların komandanı olaraq məhkum xalqları zorla hərb meydanlarına gətirir, hədəflərinə çat-maq üçün onlardan istifadə edirdilər. Bu böyük hərbi səfərlərin əsas qüvvəsi və maddi büdcəsi məhkum millətlər, o cümlədən midiyalıların ağır istismarı ilə təmin olunurdu. Başqa sözlə de-sək, Əhəməni şahları əsarəti altına aldıqları millətlərin gücünü və maddi sərvətini mənimsəyərək yeni-yeni millətləri əsarətləri altına alırdılar. Əhəməni şahları əvvəlcə millətlərin istiqlalını pozub onları özlərinə zorla tabe edir, sonra isə şəxsi və milli mənafeləri üçün istifadə edirdilər. Bu siyasət hakim millətin rəhbərləri pəhləvilər tərəfindən də bütün kobudluğu ilə icra olunurdu.

Xaşayarşa hakimiyyətini mökhəmləndirdikdən sonra fars hökumətinin möhkəmlənməsi və birliyi üçün vahid din yaratmaq siyasətini də irəli sürmüsdü. Yəni, Astiyakın görmək istədiyi işi icra etmək və Zərdüşt dinini rəsmiləşdirmək istəmisdi.

Eradan əvvəl 465-ci ildə həm Xaşayarşa, həm də böyük oğlu Dara sarayda çevriliş edənlər tərəfindən öldürüldülər və Xaşayarşanın Ərdəşir və Vistasb adlı iki oğlu arasında hakimiyyət uğrunda mübarizə başlandı. Bu saray döyüşləri üç il davam etdi. Və nəhayət eradan əvvəl 462-ci ildə Vistasb "Baktiriya" (Orta Asiya) vilayətində öldürüldü. Qardaşı Ərdəşir isə I Ərdəşir adı ilə şah elan edildi. Bu zaman Misirdə üsyan oldu və orada hakim olmuş şahın əmisi Əhəmən öldürüldü. I Ərdəşir öz sərkərdəsi Mekabizi Misirə göndərdi və o orada baş verən üsyanı yatırdı. Lakin sonra Mekabiz özü əhəmənilərə qarşı qiyam etdi. Eradan əvvəl 424-cü ildə I Ərdəşirin ölümündən sonra əsl qiyamlar baslandı. Eradan əvvəl 424-cü ilin dekabr ayında II Dara şahlıq taxtına çıxdı. Bütün vilayətlərdə şahzadələrin üsyanı başlandı. Əhəmənilər hökuməti isə tamamilə zəifləmisdi.

II Dara 20 illik hakimiyyətdən sonra - eradan əvvəl 404-cü ildə vəfat etdi. Onun dövründə saraydaxili qətllər, müxtəlif yerlərdə və vilayətlərdə baş vermiş xalq üsyanları əhəmənilərin devrilməsinin yaxınlaşmasından xəbər verirdi. II Daradan sonra onun oğlu II Ərdəşir şah elan olundu. II Ərdəşir qardaşı Kir (kiçik Kir) ilə uzun müddət hakimiyyət uğrunda müharibə apardı. Bu illərdə sarayda fitnəkarlıq, qətl və bir-birini zəhərləmə hadisələri davam edirdi.

II Ərdəşirin oğlanlarının çoxu vəfat etmişdi. Qalan dörd oğlu isə Dara, Ariyasb, Oxos və Ərsam (Ərsan) idi.

II Ərdəşir gələcəkdə oğlanları arasında düşmənçiliyin qarşısını almaq üçün böyük oğlu Daranı rəsmən vəliəhd elan etdi.

II Dara eradan əvvəl 360-cı ildə öldü. Oğlu Oxos atasının ölümünü gizli saxladı və onun adı ilə tədricən işləri öz əlinə keçirdi. Nəhayət, eradan əvvəl 359-cu ilin oktyabr-noyabr ayların-da rəsmən şah oldu. Tarixdə onun adı III Ərdəşir - Oxos (eradan əvvəl 338-359) yazılır. Bu şah olduqca rəhmsiz, qəddar, qaniçən və qatil idi. Hakimiyyətdə heç bir rəqibi olmasın deyə, saray ailəsində böyük-kiçik, qadın-kişi demədən hər kəsi öldürdü. Şübhələndiyi bütün tanış və qohumlarını məhv etdi.

Həmin illərdə Atropat midiyanın satrapı olmusdu. Buna görə də, əhəmənilərə tabe olmayan şimali və cənubi Azərbaycanda yaşamış bir sıra xalqlar və ellər ilə sıx əlaqələri olmusdu. Bu, siyasi tabeçilik deyildi. Etnik dil və milli xüsusiyyətlərin yaxınlığı imkan verirdi ki, o xalqlar və ellər Atropatın sözünü eşitsinlər. Ona görə də, İsgəndər dövrü tarixçisi Ariyanın göstərdiyi kimi, bu bölgələrin xalqlarından kadusilər, albanlar, sakasenlər, midiyalılar - Atropatın müttəfiqləri kimi Qavqamel müharibəsində iştirak etmişdilər.

(davamı növbəti saylarımızda)