AZƏRBAYCAN YENİ SAZİŞLƏ TERRORÇULUĞA QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRİR
Siyasət

AZƏRBAYCAN YENİ SAZİŞLƏ TERRORÇULUĞA QARŞI MÜBARİZƏNİ GÜCLƏNDİRİR

Ölkəmizlə Rusiya arasında imzalanmış bu sənəd informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha bir mühüm addımdır

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bu, ölkələrimiz üçün çox böyük önəm daşıyır.

Son illərdə həm mətbuatın, həm də hüquq-mühafizə və digər dövlət orqanlarının rəsmi açıqlamalarında informasiya təhlükəsizliyi məfhumu ilə tez-tez rastlaşırıq. Bu anlayışa toxunarkən, bir çoxları informasiya təhlükəsizliyinin tam mahiyyətinə varmadan ona kifayət qədər səthi yanaşırlar.

İnformasiya təhlükəsizliyi termini ilk dəfə XX əsrin 80-ci illərində dövriyyəyə buraxılmış, daha çox beynəlxalq, daxili və xarici kommunikasiya sistemlərinə aid olunurdu. Lakin zaman keçdikcə özünün forma və məzmununu dəyişərək digər sahələri də əhatə etməyə başladı.

Çağdaş dövrümüzdə sözügedən məfhum daha çox kütləvi informasiya vasitələri, İnternet resursları, eləcə də audio-vizual media üzərindən yayımlanan xəbər və məlumatları təşkil edən informasiya məkanını əhatə edir.

Xüsusilə vurğulamaq lazımdır ki, informasiya dedikdə təkcə xəbər və ya məlumat nəzərdə tutulmur. Bununla yanaşı, xəbər, yaxud məlumat özü-özlüyündə bir neçə informasiyanın cəmindən ibarət ola bilir.

Bütün bunların fonunda informasiya təhlükəsizliyi anlayışı artıq toplanmış informasiyaları xəbər, yaxud məlumat şəklində emal edən tərəfin peşəkarlığına bağlı olan məqamdır. Başqa sözlə desək, informasiyalar toplanaraq təhrif edilmiş bir formada təqdim olunursa, deməli, nəinki yalan informasiyalar tirajlanır, ümumiyyətlə, informasiya təhlükəsizliyinin tələblərinin pozulması baş verir.

Ermənistan illərlə bu istiqamətdə Azərbaycana qarşı ən iyrənc yalanları tirajlayaraq öz məkrli niyyətlərini reallaşdırmağa, dünya birliyini çaşdırmağa, tarixi faktları saxtalaşdırmağa çalışırdı.

Hazırda biz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dönəmdə müsahibələri və çıxışları ilə Azərbaycanda yeni informasiya strategiyasını ərsəyə gətirdiyini görürük. Bu strategiyanın başlıca məqsədi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan, xeyli müddət ərzində erməni ideoloqlarının formalaşdırdıqları yalanları ifşa etməkdən, ölkəmiz ətrafında süni surətdə yaradılmış informasiya blokadasının aradan qaldırılmasından, habelə informasiya müstəvisində davamlı qələbələrin əldə edilməsindən ibarətdir. Şübhəsiz, bütün bunlar Azərbaycanın milli maraqlarına cavab verməklə həm də dövlətimizin informasiya təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Məsələn, 26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti dörd saat ərzində 35 media qurumunun nümayəndələrinin 50-yə yaxın sualını cavablandırdı. Verilən sualların hər birinə olduqca müfəssəl, incəliyinə qədər cavablar verildi, tutarlı arqumentlər irəli sürüldü. Bununla da bütün dünya cənab Prezidentin istənilən cəbhədə əvəzolunmaz lider olduğunu bir daha əyani surətdə gördü. Deməli, dövlətin gücünü artırmaq, toxunulmazlığını qorumaq, dünya siyasətində öz yerini müəyyən edə bilməkdən ötrü son dərəcə mühüm amillərdən biri yetərincə informasiyaya malik olması, onun düzgün, olduğu kimi təqdim edilməsi, yayılması, informasiya təhlükəsizliyinə xələl gətirə biləcək düşmən həmlələrinin qarşısının düzgün və vaxtında alınması ilə birbaşa bağlıdır.

Bəzi xarici mətbuatda yayımlanan xəbərləri, yaxud məlumatları təhlil etdikdə görə bilirik ki, onların kifayət qədər əhəmiyyətli qismi nəinki həqiqətdən uzaqdır, açıq-aşkar təxribat xarakteri daşıyır və yalanları yaymaq məqsədini güdür. Burada söhbət təkcə erməni mətbuatında yazılanlardan getmir. Məlum olduğu kimi, erməni ideoloqları, erməni lobbisi onillərlə, hələ Sovetlər dönəmində bütün dünyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını "əsaslandırmaq" üçün böyük sayda maliyyə resurslarını cəlb etmişdir. Bu yalanlar axınının qarşısını almaqdan ötrü konkret addımlar atılır.

Bu baxımdan Prezident cənab İlham Əliyevin yeni informasiya strategiyasını xüsusilə qeyd etməliyik.

İndi isə informasiya təhlükəsizliyinin gücləndirilməsində daha bir önəmli addım atılıb. 24 iyun 2022-ci il tarixində Rusiya Federasiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sözsüz ki, belə bir Sazişin imzalanması hər iki ölkə üçün bu sahədə geniş imkanlar yaradır. Cari ilin fevral ayında dövlət başçımızın Rusiyaya səfəri zamanı iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması - Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması təkcə xarici siyasətin əlaqələndirilməsini və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini deyil, geniş bir spektri əhatə edir və cənab İlham Əliyevin müdrik və uğurlu diplomatik fəaliyyətinin məntiqi davamıdır.

Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik dialoqun inkişafından razılığını ifadə etməklə regional və beynəlxalq gündəmdə olan məsələlərlə bağlı dialoqun Azərbaycanla həyata keçirilməsini yüksək dəyərləndirib: "Bizim dostluğumuz nümunədir. Bura bizim BMT, ATƏT-dəki əməkdaşlığımız da daxildir. Biz Azərbaycanla diplomatik dialoqun inkişafı yolundan razıyıq, hansı ki, ikitərəfli iqtisadi, humanitar və digər əlaqələri, xarici siyasət sahəsində əməkdaşlığı tamamlamağa kömək edir. Bugünkü müzakirə mövzusu beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı idi və biz bununla əlaqədar sənədi imzaladıq".

Heç şübhəsiz, dünyanın qlobal güc mərkəzlərindən biri olan Rusiya ilə münasibətlərin, diplomatik əlaqələrin yüksək səviyyədə olması Azərbaycanın milli maraqlarına cavab verir, onun təhlükəsizliyinə təminat yaradır. Eyni zamanda qeyd etmək lazımdır ki, informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə Azərbaycan və Rusiya arasında imzalanmış beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair həmin Saziş, ilk növbədə, şimal qonşumuzun ərazisində kök salmış erməni saxtakarlarının mətbu orqanlarına böyük zərbədir. Belə ki, Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar, mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları, terrorçuluğun təbliğatı və terror məqsədləri, dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması ilə yanaşı, həm də millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması kimi halların qarşısının alınması nəzərdə tutulur.

Eyni zamanda, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər halların da qarşısı alınmış olur. Bunun sayəsində təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və hədə tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi kimi mühüm məsəllələr öz həllini tapmış olur.

Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.

Deməli, Sazişlə Azərbaycan Rusiya informasiya məkanından mümkün təhdidləri bloklayır. Erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə çox güclü zərbə olduğundan, artıq Qarabağ separatçıları Azərbaycan-Rusiya arasında yeni Sazişlə bağlı həyəcan və təşviş içindədir. Həmçinin bu mühüm sənəd Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə də əsaslı problem yaradır.

Emin QASIMOV,

"Respublika".