Azərbaycanın baş prokuroru Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb
Türk dünyası

Azərbaycanın baş prokuroru Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev noyabrın 5-də ölkəmizdə işgüzar səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı səmimiyyətlə salamlayan Baş prokuror Azərbaycan ilə Türk Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin gücləndirilməsinin və həmin ölkələrin təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarında aparılmış hərtərəfli və institusional tədbirlər barədə məlumat verib.

Baş prokuror qonağı cari il noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası və Türk Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi haqqında məlumatlandırıb.

Bağdad Amreyev yeni yaradılmış platformanın Türk Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirərək türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə təsis edilmiş Şuranın mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da səmərəli fikir mübadiləsi aparılıb.

AZƏRTAC