TDT ilə TİKA arasında Anlaşma Memorandumu
Türk dünyası

TDT ilə TİKA arasında Anlaşma Memorandumu

İstanbul

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) ilə Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu TDT-nin Baş katibi səfir Kubaniçbek Ömuralıyev və TİKA sədri Serkan Kayalar tərəfindən imzalanıb.

Mərasimdə çıxış edən TDT-nin Baş katibi K.Ömuralıyev qeyd edib TDT ki, Anlaşma Memorandumu əməkdaşlığın təşviqi, məlumat və təcrübə mübadiləsinə yönəlmiş strateji tərəfdaşlığın başlanğıcıdır. TDT və TİKA arasında regional inkişaf üçün ortaq maraq və istəklərin üst-üstə düşdüyü hərtərəfli çərçivənin müəyyən edildiyini bildirən K.Ömuralıyev vurğulayıb ki, memorandumun əsas məqsədi əməkdaşlığı gücləndirmək və üzv dövlətlərin problemlərinin birgə həll yollarını tapmaqdan ibarətdir.

TİKA sədri Serkan Kayalar, TİKA-nın 1992-ci ildən etibarən müstəqillik türk dünyasının rifahı üçün qazanmış türkdilli ölkələrdə sürətlə institutlaşdığını, ofislər qurduğunu və  türk dünyasının rifahı üçün 30 ildən artıqdır ki, həyata keçirdiyi layihələri davam etdirdiyini deyib: "TİKA və TDT-nin bu əməkdaşlığı türk dünyası üçün böyük əhəmiyyət daşıyır. İstər dövlət başçıları, istər xarici işlər nazirləri, istərsə də katiblik səviyyəsində türk dövlətləri üçün çox dəyərli işlər görülür. Ümid edirik ki, TDT-yə üzv ölkələrdə əməkdaşlıqla bağlı mühüm addım atdıq". "Türk Dünyası 2040 Vizyonu"na toxunan S.Kayalar memorandum çərçivəsində həyata keçiriləcək layihələrin davamlı inkişaf məqsədlərinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, TİKA 1992-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Orta Asiya və Qafqazda Türk dövlətlərinə texniki yardımın göstərilməsi məqsədilə yaradılıb. 2002-ci ildən etibarən Türkiyə hökumətinin çoxşaxəli xarici siyasətinə uyğun olaraq yardım fəaliyyətləri Asiya, Afrika və Latın Amerikasının demək olar ki, bütün inkişaf etməkdə olan ölkələrini əhatə edəcək şəkildə genişləndirilib. Bu gün TİKA 5 qitə, 61 ölkədə yerləşən 63 Proqram Koordinasiya Ofisi vasitəsilə 150-dən çox ölkədə fəaliyyət göstərir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.