Başlıca məqsəd vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsidir
Sosial həyat

Başlıca məqsəd vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsidir

Son 3 ildə bu sahədə vəziyyətin yaxşılaşdırılmasına xidmət edən 900-dən çox normativ-hüquqi akt qəbul edilib

Sosial siyasət bu gün Azərbaycanda prioritet istiqamətlərdən biridir. Bu siyasətin davamlı olaraq həyata keçirilməsi istiqamətində ciddi struktur layihələri reallaşdırılır, əməkhaqları, müavinətlər artırılır, əhalinin rifah halının yüksəldilməsinə yönələn addımlar atılır. Prezident İlham Əliyevin son illərdə apardığı siyasət nəticəsində orta aylıq əməkhaqqı 7, minimum əməkhaqqı isə 6,5 dəfə artıb.

Təbii ki, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyildir ki, 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazandıqdan sonra ölkə başçısının imzaladığı ilk Fərman şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı olmuşdur ki, bu da deyilənlərin əyani sübutudur.

Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən daha fərqli oldu. Belə ki, həmin il ərzində Prezidentin təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin etdi. Birinci sosial islahatlar paketi 3 milyona yaxın insanın rifahına mühüm dəstək oldu. İkinci sosial paket, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların davamlı xarakter aldığını göstərdi. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il 18 iyun tarixli sərəncama əsasən ölkədə minimum əməkhaqının məbləği həmin il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı. Beləliklə, bu iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin layihələrin gerçəkləşdirilməsi məqsədilə dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılması nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Prezidentinin ölkə vətəndaşının rifahına xüsusi diqqətini, qayğısını bir daha göstərir.

Azərbaycanda minimum əməkhaqqının artırılması beynəlxalq səviyyədə ölkəmizin reytinqinin daha da yüksəlməsinə, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və s. öz müsbət təsirini göstərir.

Ölkədə həyata keçirilən sosial siyasətin əsas konturları və hədəfləri Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Bu konsepsiyaya görə Azərbaycan Respublikasının sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır. Ötən illərdə həyata keçirilən tədbirlər də məhz buna xidmət edir. Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli "Əhalinin sosial rihafının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının məğzində də bu dayanır. Sərəncama əsasən, sosial ödənişlərdə ciddi artımlar, həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması təmin ediləcək və bu tədbirlər 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Eyni zamanda, bu, əhalinin, xüsusilə həssas qrupdan olan vətəndaşların sosial rifahının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.

Əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərin hazırlanması istiqamətində işlərə başlanılıb.

Onu da qeyd edək ki, son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə münimum əməkhaqlarının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5 faizdən 2020-ci ildə 38 faizə yüksəlib. Aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əməkhaqqı ilə təmin olunması kimi göstəricilər isə Avropa Sosial Xartiyası normalarına uyğundur.

Bir sözlə, onu demək olar ki, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların artırılması istiqamətində atılan addımlar tariflərdəki dəyişiklikləri kompensasiya etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində vətəndaş, onun rifahı dayanır.

Tarif Şurası təbii qazın qiymətinin tənzimlənməsi barədə qərarı Dövlət Neft Şirkətinin müraciəti əsasında verib. Müraciətdə, son illər şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qazın təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulduğu və xidmətin keyfiyyətinin artırıldığı qeyd edilib. Həmçinin vurğulanıb ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişinə uyğun olaraq, əməliyyat şirkətindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərdən yüksək olması da bunu tələb edir.

Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51 faizini təşkil edir. Əhali qrupuna aid abonentlərə 1200 kubmetrədək təbii qaz istehlak etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli aşağıdır və qaz təchizatı prosesi zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Tarif Şurasının iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair məsələyə də baxılıb və müvafiq qərarlar qəbul edilib. Bəs bu sahədə tarif dəyişikliyi hansı zərurətdən yaranıb və səbəbləri nədir? Elektrik enerjisinin topdan və pərakəndə tariflərinin yenidən tənzimlənməsi ilk növbədə "Azərenerji" ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədardır. Elektrik enerjisinin topdansatış tarifinin artırılması nəticəsində "Azərişıq" ASC üzrə yaranan əlavə xərc bütün istehlakçılar (əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət və s.) üzrə bölüşdürülməlidir.

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur.

"Azərişıq" ASC-nin məlumatına görə, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Buna görə də diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq.

Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir". Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

Zümrüd QURBANQIZI,

"Respublika".