Xankəndiyə qayıdış reallaşır
Sosial həyat

Xankəndiyə qayıdış reallaşır

Torpaqlarımızı erməni işğalından azad etdikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən vacib məsələlərdən biri həmin ərazilərin yenidən qurulması və sakinlərin yurd yerlərinə köçürülməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur dövlətimizin daxili potensialı və iqtisadi gücü sayəsində yenidən tikilib bərpa edilir. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış planına uyğun olaraq mərhələli şəkildə doğma ocaqlarına qayıdırlar. Ermənistan tərəfindən işğal dövründə dağıdılıb xarabalığa çevrilən ərazilərimiz tikilib istifadəyə hazır olduqca, sakinlərin köçü də reallaşır. Ağalı, Talış, Laçın, Füzuli kimi yaşayış məskənlərimizə yaxın gələcəkdə Xankəndi də qoşulacaq. Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış sakinləri geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. Artıq bu istiqamətdə dövlət tərəfindən işlər aparılır.

Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb. Görüş zamanı bildirilib ki, Böyük Qayıdış planı çərçivəsində aparılan tədbirlər yaxın zamanlarda Xankəndidən köçkün düşmüş sakinləri də əhatə edəcək.

Tarixin izi ilə araşdırma aparsaq görərik ki, Xankəndidə zamanında heç bir nəfər də erməni yaşamayıb. Bu şəhəri qarabağlılar Xanın kəndi adı ilə Xan ailəsinin və ona yaxın azsaylı əyanların istirahət məkanı kimi salıblar. Lakin 1813-cü ildə bağlanan Gülüstan müqaviləsi nəticəsində Qarabağ xanlığı zorla Rusiya imperiyasına birləşdirilib və buraya ermənilər məqsədli şəkildə yerləşdirilib. Tarixi faktlar göstərir ki, 1847-ci ildən başlayaraq Xankəndiyə İrandan köçürülən erməni ailələri çar ordusunun hərbi hissələrində işlə təmin ediliblər. Bütün bunlara baxmayaraq, şəhərdə kifayət qədər azərbaycanlı, xan nəslinin nümayəndələri yaşayırdı. Qarabağ mühitinə uyğun olaraq şəhərdə azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar da çoxluq təşkil edirdi. Rus imperiyasının həyata keçirdiyi xain məqsədlərə rəğmən burada söz və nüfuz sahibi azərbaycanlılar idi. Çünki məkanın, torpağın yiyəsi də onlar idi. Yəni bu gün Xankəndinin Azərbaycana və azərbaycanlılara məxsus olduğunu sübut etməyə ehtiyac yoxdur. Məkanın adı, ərazisində yerləşən Xan bağı, Qarqar çayının üzərindən keçərək Xankəndi-Şuşa yolunu birləşdirən Məhəmməd Ağa körpüsü kimi bir çox tarixi adlar və yerlər də həmin torpaqların kimə aid olduğuna sübutdur. Xanın kəndi 27 məhəllədən ibarət böyük şəhər olub.

Sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə üçrəngli dövlət bayrağımızı ucaltması ölkəmizin hər bir vətəndaşının qürur və sevincinə çevrildi, eyni zamanda, dünya mətbuatının da diqqət mərkəzində oldu. Bu tarixi hadisənin Azərbaycanın suverenliyinin bərpası kimi müstəsna əhəmiyyətə malik olmaqla bərabər, həm də dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsi verilən vədin, şərəfli missiyanın uğurla yerinə yetirilməsinin ifadəsidir. Bu qələbə ilə Azərbaycan dövlətçiliyinə qarşı 200 illik işğal siyasətini sonlandıraraq, bənzərsiz bir tarixə imza atıldı. Xankəndiyə səfər edən Prezident İlham Əliyev çıxışında demişdi: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Artıq Xankəndidə Azərbaycan Respublikasının bir sıra dövlət qurumları fəaliyyət göstərir. Sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksəkgərginlikli dayaqların quraşdırılması və Xankəndi xətti ilə əlaqələndirilməsi işi aparılmışdı. "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. TƏBİB-dən verilən məlumata görə, Xankəndi şəhərində üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib. Həmçinin Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-də səhər saatlarında Xankəndiyə ezam olunub. Onu da qeyd edək ki, artıq şəhərdə azərbaycanlı həkimlər tərəfindən ilk tibbi əməliyyat da həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətinin işçiləri də Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərin yerində qəbul edilməsini və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkilini yüksək səviyyədə həyata keçirirlər. ƏƏSMN əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər. Yaxın günlərdə "Azərpoçt"un Xankəndi filialı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi də qurularaq şəhərdə fəaliyyətə başlayıb.

270 illik tarixi olan şəhərin təxmini hesablamalara görə, 1988-ci ildə 15 min azərbaycanlı əhalisi Xankəndidən didərgin düşüb. Bu gün 56 minə yaxın Xankəndi sakininin gözü yoldadır, doğma yurdlarına qovuşacaqları günü səbirsizliklə gözləyirlər.

Ramidə YAQUBQIZI,

"Respublika".