Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi seminar
Region

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi seminar

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa Rayon Heydər Əliyev Mərkəzində elmi seminar təşkil olunmuşdur. Seminarda qoruğun direktoru Musa Musaquliyev Prezident İlham Əliyevin tarixi abidələrə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.

15 ildən çox qoruq ərazisində elmi tədqiqatlar aparmış, hazırda tədqiqatlarını bölgədə davam etdirən, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, bölgəni 10 ildən artıq xarici ölkələrdə təmsil etmiş, hazırda fəaliyyətini regionda davam etdirən, professor, elmlər doktoru Hüseyn Xəlilov, professor, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, Əməkdar müəllim İndira Səmədova, rayon ziyalıları, qoruğun elmi işçiləri və əməkdaşları seminarda iştirak etmişlər.

Çıxış edənlər Ağstafa rayonunun ərazisində mövcud olan  memarlıq, dini, tarixi abidələrdən və bu abidələrin gənc nəslə çatdırılması, qorunması, gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlərdən bəhs etmişlər.

Ağstafa Dövlət Rəsm Qalereyasının müdiri Gülgün Kərimov qoruğun yaradıldığı ilk günlərdən bu günədək keçdiyi inkişaf yolundan bəhs etmiş, qoruğun 15 il əvvəlki vəziyyəti ilə bu gününü müqayisəli şəkildə şərh etmişdir. Həmçinin, Ağstafa Rayon Regional Mədəniyyət İdarəsinin Ağstafa rayon Gənclərin İnkişafı və Karyerası Mərkəzinin əməkdaşları və könüllüləri də çıxış edərək fikirlərini bölüşmüşlər.

Vəli VƏLİYEV,

"Respublika".