Şirvan: Qəsəbədə “Açıq Mikrafon”günü
Region

Şirvan: Qəsəbədə “Açıq Mikrafon”günü

Şirvan şəhərinin tabeliyində olan Hacıqəhrəmanlı qəsəbəsində “Açıq Mikrafon”günü keçirildi. Qəsəbə sakinləri ilə görüşdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov ölkə başçısının müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq, əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinin və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğu vurğulandı. Ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, ölkəmizin milli maraqlarının müdafiəsi, iqtisadi inkişafı ilə bağlı ölkə başçısının diplomatik görüşləri, beynəlxalq forumlardakı qətiyyətli çıxışları, ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən və əldə etdiyi uğurlardan söz açdı. Əhalinin sosial rifah halının yüksəldilməsi sahəsində qəbul edilmiş qərarları və qarşıda duran vəzifələri diqqətə çatdırdı. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyü bildirildi.

Sonra sakinlərin müraciət və problemləri dinlənildi, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olundu. “Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar tək-tək çıxış edərək, öz problem və təkliflərini dilə gətirdilər. Müraciətlər arasında işlə təminat, ünvanlı dövlət sosial yardımının təyin edilməsinə köməklik, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi, kommunal və digər məsələlər üstünlük təşkil etdi. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı isə müvafiq göstərişlər verildi.

Sakinlər səyyar görüşlərin təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.