Diaspor təşkilatlarının formalaşdırılması milli prioritetdir
Diaspora

Diaspor təşkilatlarının formalaşdırılması milli prioritetdir

2016-cı il iyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

"Bildiyiniz kimi, birinci Qurultay ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır… Ulu Öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü təsis edilmişdir. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər".

Bunu Prezident İlham Əliyev 3 iyun 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində deyib. Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulan qurultay ötən 22 ildə dünya azərbaycanlıları və ölkəmiz üçün mühüm işlər görüb. Ümummilli liderimizdən miras qalan və bu gün də davam etdirilən ənənə, xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanmaq, olduqları ölkələrdə rahat yaşamaları, yaxşı mövqe tutmaları, imkanlara sahib olmaları və eyni zamanda öz doğma Vətəninə də xidmət və s. məsələlər etmələri Azərbaycan Respublikasının milli prioritetidir. Birinci qurultayın baş tutması Azərbaycan diaspor təşkilatlarının formalaşdırılmasında önəmli yer tutub. Çünki növbəti il, 2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda həmin qurumun adı dəyişdirilərək Diasporla İş üzrə Dövlət Komitəsi kimi fəaliyyət göstərir. 4-cü qurultaya qədər mövcud olan diasporların sayı ən az 2 dəfə artıb. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət alıb, həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçib, güclənib. Bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.

Xaricdəki diasporlarla ölkəmiz daima əlaqədədir. Birgə qurulan işlər, əlaqələr sürətlə inkişaf edir. Hazırda dünyada minlərlə azərbaycanlı vətəndaş yaşayır. Bu da Azərbaycan həqiqətlərini dünyaya çatdıran minlərlə səs deməkdir. Bu gün dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilirik. Əlbəttə, Azərbaycan dövlətinin və onun xalqının xaricdə yaşayan vətəndaşlarımıza da dəstəyi böyükdür. Başqa ölkələrdə azərbaycançılığın, milli dəyərlərimizin və tarixi həqiqətlərimizin təbliği mühüm əhəmiyyət kəsb edir. Diasporlar arasında sağlam rəqabət də mövcuddur. Hansı ki, bu da inkişafa xidmət edir. Həm ölkə daxilində, həm də xaricdə mövcud olan birlik bizim ən böyük gücümüzdür.

Görüş zamanı Prezident İlham Əliyev vurğulayıb ki, Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər: "Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər".

Bundan sonra Qurultayın "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri", "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya", "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində", "Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzularında panel iclasları keçirilib. Panel iclaslarda Prezident İlham Əliyevin qurultaydakı nitqi vahid qüvvəyə çevrilmək və azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoyduğu bildirilib. Moderatorlar vurğulayıblar ki, qurultayın iştirakçıları bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada yayılmasında səylərini əsirgəməyəcəklərini qeyd ediblər.

Töhfə SƏMƏDOVA,

"Respublika".