Sülhə doğru gedən yol
Diaspora

Sülhə doğru gedən yol

Artıq Cənubi Qafqazda sülh dövrünə qədəm qoyulmaq üzrədir. Azərbaycan və Ermənistan regionda sülhün əməkdaşlıq mühitinin təmin olunması üçün bütün səylərini ortaya qoyurlar. Belə ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunduğunu elan ediblər. Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir. Cəmi iki nəfərin qarşılığında 32 erməni hərbçisi... Bu, sözsüz ki, Azərbaycan dövlətinin öz vətəndaşına, xüsusən də düşmən əlində olan, barələrində ən absurd, ağlasığmaz həbs cəzaları kəsilən əsir vətəndaşlarına verdiyi qiymətin təzahürüdür. Eyni zamanda, erməni tərəfinin gerçək xislətini növbəti dəfə ortaya qoyan bir davranışdır.

Bundan başqa, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. "Saxlanılanların dəyişdirilməsi prosesi Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni səhifə açıldığını nümayiş etdirir". Bu fikri siyasi ekspert Volkan Aydemir Azərbaycan və Ermənistan arasında saxlanılanların dəyişdirilməsi prosesini şərh edərkən deyib. "Bundan daha vacib məsələ iki dövlətin üçüncü dövlət olmadan danışması, razılaşmasıdır. Hər iki dövlət problemləri ortaya qoyub danışırsa, bu, sülhə gedən yolu tezləşdirir. Həqiqətən də qarşılıqlı etimad və xoş niyyətlə həyata keçirilmiş bu fəaliyyət çox xoş mesaj verir. Çünki sülh yolunda həllini gözləyən problemlər var. Bu məsələlərin ən doğru, səmimi, aydın və qanuna uyğun şəkildə həll edilməsi və ifadə olunması vacibdir. Amma çox təəssüflər olsun ki, Ermənistanın davranışınlarını tez-tez dəyişdirdiyinin şahidi olmuşuq. Ümid edirik ki, bu dəfə Ermənistan mövqeyini dəyişməyəcək. Öz qərarlarını özü verəcək. Ümumiyyətlə, sülh masası hansı ölkədə qurulursa-qurulsun, təxribat gözləniləndir. Çünki iki dövlətin təkbətək görüşməsindən, qərar verməsindən narahat olan dövlətlər var. Ermənistanın daxili siyasətindəki çəkişmələr də sülh müqaviləsinə təsir edə bilər. Bir sözlə, təmkinli olmaq lazımdır. "Sülh müqaviləsi sabah imzalanacaq" deyə bilmərik. Ümid edirəm ki, Prezident seçkilərinə, yəni fevrala qədər Cənubi Qafqaza sülh gələr.

Bu addım, Qafqazda sülhün yaradılması üçün mühüm addımdır. Çünki regionun iqtisadi inkişafı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən asılıdır. Sülh müqaviləsinin imzalanması ilə Azərbaycan regionun güclənməsi ilə yanaşı, Ermənistanı da düşdüyü bataqlıqdan xilas etmək istəyir.

Siyasi ekspert qeyd edib ki, baş verən xoşniyyətli addımlardan sonra mütləq sülh müqaviləsi imzalanmalıdır. Bu erməni xalqı üçün çox vacibdir. Onlar da başa düşməlidirlər ki, başqasının ərazisinə göz dikmək lazım deyil. Təzyiqlərdən canlarını qurtarıb dərindən nəfəs alsınlar. İnanıram ki, tez zamanda bütün bunlar baş verəcək.

Çox təəssüflər olsun ki, İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, hələ də sülh əldə olunmayıb. Bunun bir neçə səbəbi var. Əsas məqamlardan biri də ABŞ-dakı erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır. Belə ki, ABŞ-dakı erməni lobbisi bir çox hallarda ölkədəki konqresmen və senatorların qərarlarına təsir edə bilir. Nəticədə Konqresdəki bir çox siyasətçilər zaman-zaman qərəzli bəyanatlar səsləndirirlər. Hətta bir neçə gün əvvəl senator Ben Kardin ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub göndərərək Qarabağda həyata keçirilən 19-20 sentyabr tarixli antiterror tədbirlərinə görə Azərbaycana qarşı sərt tədbirlər görməyə çağırıb. Sözsüz ki, bu cəhdlərin hamısı boşdur. Senator və konqresmenlər nəyəsə nail ola bilməzlər. Ayrı-ayrı hadisələr, o cümlədən sülh istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, baş verən proseslər nəinki Bakının, ümumilikdə Cənubi Qafqazın maraqlarına uyğun şəkildə gedir. Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma da bunun sübutudur.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.