Əbədi and yeri
Region

Əbədi and yeri

Şirvan şəhərində şəhid analarının iştirakı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov başda şəhid anaları, şəhidlərin həyat yoldaşları olmaqla bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.

İcra başçısı ölkəmizdə uğurla həyata keçirilən ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən bəhs edərək, müstəqil Azərbaycanın qazandığı böyük uğurlarda xanımların misilsiz xidmətləri olduğunu vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində möhkəm qanunvericilik bazası yaradıldığını, qadınların mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunduqlarını, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak etdiklərini, ölkəmizin inkişafına böyük töhfələr verdiklərini diqqətə çatdırdı. Dövlətin və xalqın müdafiəsində və inkişafında ölkə başçısı ilə çiyin-çiyinə fədakarlıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin ölkə xanımları üçün əsl ilham mənbəyi olduğunu söylədi.

Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsinin şəhidi Ramil Əliyevin anası Xuraman Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev, şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov dövlətimizin əsaslarının möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında, eyni zamanda ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş Vətən oğullarının yetişməsində Azərbaycan qadınlarının rolundan bəhs etdilər. Bir daha dərin hörmət hissi ilə vurğulandı ki, şəhid anaları və vəfalı həyat yoldaşları ən yüksək ehtirama, qayğı və diqqətə layiqdirlər. Onların Vətən uğrunda cavan canından keçib şəhadətə yüksələn övladları bütün nəsillər üçün əbədi and yerimizdir.

Şirvan şəhərinin incəsənət nümayəndələri hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Tədbirin sonunda şəhid analarına gül dəstələri  və hədiyyələr təqdim olundu.

Tofiq HÜSEYN,

“Respublika”.