EHTİRAMLA  ANILDI
Region

EHTİRAMLA  ANILDI

Vətən müharibəsində cəbhənin Füzuli istiqamətində Qubadlının, Hadrutun, Kəlbəcərin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edən və Şuşanın azad olunması uğrunda savaşda şəhid olan Abbasov Elcan Əfsəddin oğlunun doğum günü məzarı önündə ruhu ehtiramla yad olundu. Şəhidin məzarı üzərinə tər gül dəstələri düzüldü.

Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxundu. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, müharibə əlilləri iştirak edirdi. Şəhidin qısa, lakin şərəfli ömür yolundan ətraflı söhbət açıldı. Şəhid Elcan Abbasov hərbi xidmətə qədər qarmon aləti üzrə musiqi təhsili almışdı və eyni zamanda idmanın yunan-Roma güləş növü ilə də məşğul olmuşdur. Tovuz rayonunda müddətli həqiqi hərbi xidmətdə olarkən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək arzusunda olmuşdur. Belə ki, hələ uşaqlıqdan bu şərəfli və çətin peşənin vurğunu olmuş, kinolarda göstərilən qəhrəmanların yerində özünü görmək istəyi vardı və bu şərəfli yolu seçmişdi. Qorxu nə olduğunu bilməzdi...

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov şəhər icra hakimiyyəti başçısı adından şəhidlərimizə Allahdan rəhmət və yaxınlarına səbir dilədi. Şəhidin keçdiyi şərəfli döyüş yolundan əhatəli söhbət açdı. Və qürurla bildirdi ki, 44 günlük Vətən müharibəsində şəhid Elcan Abbasov şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabr ayının əvvəllərində Şuşanın azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 11-də Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Elcan Abbasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Eyni zamanda, Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Elcan Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "3-cü dərəcəli Rəşadət Ordeni" ilə də təltif edilib.

Zabit XƏLİLOV,

"Respublika".