Hərb meydanında əldə olunan şanlı Zəfər Xalq-Lider birliyinin təcəssümüdür
Sosial həyat

Hərb meydanında əldə olunan şanlı Zəfər Xalq-Lider birliyinin təcəssümüdür

Mərkəzi Bank Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksində Zəfər Günü ilə bağlı tədbir keçiribMərkəzi Bank Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksində Zəfər Günü ilə bağlı tədbir keçirib

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində şəhid Mübariz İbrahimovun adını daşıyan Biləsuvar bağça-məktəb-lisey kompleksində Mərkəzi Bankın təşəbbüsü və təşkilatçılığı ilə böyük Qələbəyə həsr olunmuş "Açıq dərs" tədbiri keçirilib.

Tədbirdə şəhid ailələri, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, qazilər, rayon rəhbərliyi, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli və digər qonaqlar iştirak ediblər.

Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz möhtəşəm Zəfər çalaraq otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, tarixi ədalət bərpa olundu, dövlətçilik tariximizin yeni, qürurverici səhifələri yazıldı. Hərb meydanında əldə olunan bu şanlı Zəfər ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin, milli iqtisadi potensialın artırılmasının, müasir və qüdrətli ordu quruculuğu sahəsində görülən nəhəng işlərin və xalqımızın Prezidentin ətrafında sıx birləşməsinin, Xalq-Lider birliyinin təcəssümüdür.

Böyük qürur hissi ilə qeyd edilib ki, Mərkəzi Bankın 12 əməkdaşı, həmçinin liseyin üç müəllimi də İkinci Qarabağ müharibəsinə qatılaraq hərbi əməliyyatlarda iştirak edib. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunublar.

Bildirilib ki, xalqımızın, şanlı ordumuzun bu qəhrəmanlıqları Mübariz İbrahimov kimi igid Vətən oğullarının böyük şücaəti hesabına başa gəlib. 44 günlük şanlı savaş XXI əsrin müharibəsi oldu. Yüksək hərb texnologiyaları ilə aparılan bu haqq savaşı bir daha göstərdi ki, xalqımız heç zaman işğalla barışmamışdı. Həmçinin gənc nəsil arasında sarsılmaz mənəvi və vətənpərvərlik ruhlu savadlı mütəxəssislərin, o cümlədən də ən son texnoloji biliklərə malik ağıllı hərbçilərin yetişdirilməsi bir daha aktuallaşdı. Bu amillərə isə şübhəsiz ki, Biləsuvar lisey kompleksi kimi müasir və güclü təhsil ocaqlarında xüsusi önəm verilir.

Qeyd edildi ki, liseyin Milli Qəhrəman şəhid Mübariz İbrahimovun adına layiq böyük uğurları var. Ötən illərdə məktəbin məzunlarının hamısı müvəffəqiyyətlə ali məktəblərə qəbul olmuş, o cümlədən bir qrupu xarici universitetlərdə təhsil almaq hüququ əldə etmişlər. Kompleks 2015-ci ildən bəri 5 dəfə ardıcıl olaraq respublikanın lider məktəbi seçilib. Liseydə ötən tədris ilindən başlayaraq beynəlxalq təhsil proqramlarına start verilib. Liseyin məzunları bakalavr pilləsindən sonra təhsillərini Türkiyə, Almaniya, İspaniya, İtaliya, Macarıstan kimi dövlətlərin qabaqcıl universitetlərində davam etdirirlər. Bütün bunlar onu göstərir ki, Mərkəzi Bankın "Mübariz Liseyi"ni yaratmaqla qarşıya qoyduğu müasir kompetensiyalı, analitik təfəkkürə malik insan kapitalının formalaşdırılması ideyası uğurla həyata keçirilir.

Liseydə şəhid ailələri və qazilərə böyük diqqət göstərilir. Burada şəhid və qazi ailələrinin övladlarının daha yaxşı təhsil alması məqsədilə bütün imkanlar səfərbər edilib. Belə ki, cari tədris ilində kompleksdə 11 şəhidin 17 övladının və bir şəhid qardaşının tam ödənişsiz, 9 qazi övladının isə şagirdin akademik göstəricilərinə əsasən müvafiq güzəştlə təhsil alması təmin olunub.

Digər çıxışlarda da vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın böyük sərkərdəliyi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin misilsiz qəhrəmanlığı, bütövlükdə xalqımızın rəşadətli əzmi ilə başa gələn böyük Zəfər tarixdə əbədi yaşayacaq, müstəqil və güclü Azərbaycanımız daim var olacaq.

Sonra Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzi ilə tanışlıq olub. Burada II Qarabağ müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə "Zəfər tarixi" adlı "açıq dərs", "Dəmir yumruq" şahmat turniri, həmçinin "110 kitab" layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunub.

Daha sonra liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edilib, şəhid ailələrinə ərzaq yardımları paylanılıb. Həmçinin Biləsuvar və Cəbrayıl rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib.

AZƏRTAC