İnformasiya müharibəsinin qalibi
Sosial həyat

İnformasiya müharibəsinin qalibi

Tarixi Qələbəmizin qazanılmasından 3 il keçir... Xalqımız hələ də həmin günlərin hiss və həyəcanını yaşamağa davam edir. Biz qalib xalq olaraq dünyaya haqq səsimizi çatdırdıq. Ordumuzun gücü, əzmi, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə etməsi yüksək peşəkarlığını, mobillik qabiliyyətini nümayiş etdirdi. Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev uğurlu siyasət, prinsipiallıq və yenilməz iradə nümayiş etdirərək xalqının milli maraqlarını qətiyyətlə müdafiə edir. Müharibə zamanı bütün dünya Prezident İlham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımlarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Xarici mediaya verdiyi 30-dan çox müsahibədə səlis, söylənən hər ittihama səbirlə, tarixi faktlarla cavab verməsi, münaqişə və hərbi əməliyyatlarla bağlı həqiqətləri olduğu kimi deməsi onu dünya ictimaiyyətinin diqqət mərkəzinə çevirmişdi. Ölkə başçımızın xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbə idi.

Həmin müsahibələr hələ də öz aktuallığını itirməyib. Bu gün də Prezident İlham Əliyevin çıxışları şərh edilir. Məsələn, BBC-yə müsahibə böyük rezonans doğurub. Ölkə başçımızın bu müsahibəsi 3 milyondan artıq baxış qazanıb, üstündən 3 il keçməsinə baxmayaraq, sosial şəbəkələrdə isə hələ də müzakirə olunur. Bu mənada internet də böyük əhəmiyyət daşıyır. Ölkə başçımızın BBC-yə verdiyi həmin müsahibədə qarşı tərəfin qərəzli mövqeyi açıq formada hiss olunur. Söhbət dağıdılmış tarixi abidələrdən, muzeylərdən gedir. Dövlət başçısı bildirir ki, orada olan erməni kilsəsini onlar özləri bu vəziyyətə salıb. Jurnalist kinayəli formada sual verir ki, necə bəyəm, onlar öz kilsələrini atəşə tutublar?

Prezident İlham Əliyev faktlara söykənərək mövzuya nöqtə qoyur. O bildirir ki, Bakıda bir neçə erməni kilsəsi var. Hansı ki, Azərbaycan tərəfi onların hər birini bərpa edib, kitablarını qoruyub-saxlayıb. Faktlar qarşısında çaşbaş qalan media nümayəndəsi daha çox əsassız və qərəzli suallar verməyə başlayır.

"Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla "Smerç"dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir", - deyə ölkə başçımız qeyd edib.

Bəli, həqiqətən də 44 günlük Vətən müharibəsi dövründə biz, beynəlxalq ictimaiyyətin riyakar yanaşmasının şahidi olduq. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti öz müsahibələrində rəsmən bir qalib sərkərdə kimi hərbi-siyasi müstəvidə ordumuzun və diplomatiyamızın yolunu açır, onun irəliyə doğru maneəsiz hərəkət etməsi üçün bu müqəddəs yolu bir növ hərbi-strateji və diplomatik minalardan, tələlərdən təmizləyirdi. Həm də bütün bunları təkcə milli diplomatiya tariximizə yazılacaq üslub və tərzdə deyil, dünya diplomatiyası tarixinə yazılacaq səviyyədə edirdi. Başqa belə bir nümunə isə Prezident İlham Əliyevin Fransanın "Figaro" qəzetinə verdiyi müsahibədir. Müxbirin təxribatçı, sətiraltı məzmunlu, riyakar, çaşdırıcı, hətta bəzən də hədələyici suallarına ölkə başçımız səbirlə, təmkin və iti siyasi-diplomatik zəka ilə cavab verirdi. Bütün hallarda yaranmış mürəkkəb vəziyyət Ali Baş Komandanımızın məharətli kombinasiyalarından sonra bizim lehimizə çevrilirdi. Müxbir elə ilk sualını verən kimi, havada təxribat qoxusu hiss olunur: "Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?", - deyə fransalı jurnalist soruşmuşdu. Suala ölkə başçımız tam məntiqə əsaslanan sarsıdıcı və dəqiq cavab vermişdi. Bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma Azərbaycan yox, məhz Ermənistan özü keçib. Görünür fransalı jurnalist vəziyyətdən xəbərsiz müsahibəyə gəlib. Bir ölkə öz legitim ərazisinə, torpağına qarşı necə hücuma keçə bilər.

Şübhəsiz ki, fransalı jurnalistin sualları əvvəlcədən siyasi mətbəxdə hazırlanmış xüsusi missiyalı təxribatçı suallar idi. Həmin mətbəxdən çıxmış növbəti anti-Azərbaycan xarakterli addım isə 2020-ci il oktyabrın 14-də vəziyyətin gərgin olduğu bir vaxtda "France 24" televiziya kanalının ölkə başçımızla baş tutan müsahibəsi idi. Fransalı jurnalist qəsdən Türkiyədən alınan dronların sayını ölkə başçımızdan soruşur. Bunun qarşılığında Prezident İlham Əliyev kinayəli formada və gülərək "Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır",- deyə bildirir. Nəhayətdə qeyd edir ki, açıqlamaq düzgün deyil, çünki bu, hərbi sirrdir.

Müharibə zamanı ölkəmizə qarşı əsassız fikirlər irəli sürülürdü. Mülki şəxsləri vurub, tarixi abidələri dağıtmaqla yanaşı, Suriyadan 300 döyüşçünün ölkəmiz tərəfindən vuruşmaq üçün gətirildiyi iddia edilirdi. Əlbəttə bu qərəzli mövqedən çıxış edənlərin heç bir sübutu yox idi. Azərbaycanın 100 mindən çox ordusu, hərbi texnikası var. Nə müharibə zamanı, nə də indiki dövrdə hər hansısa ölkədən gəlmiş muzdlu döyüşçüyə ehtiyacımız yoxdur. Ali Baş Komandanın uğurlu siyasəti, rəşadətli ordumuzun igidliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi.

Töhfə SƏMƏDOVA,

"Respublika".