Hərbi anda sədaqət nümunəsi
Region

Hərbi anda sədaqət nümunəsi

Vətənin hər qarış torpağını canından əziz bilən, onun uğrunda şəhidlik zirvəsinə ucalan minlərlə qəhrəman oğullardan biri Həsənağa Şakir oğlu Abdullazadədir. Lənkəran şəhərində anadan olan bu igidimiz 27 yaşında tarix yazıb əbədiyyətə qovuşdu. Adı milyonların qəlbində yaşamaqla, özündən artıq sevdiyi Vətəninin iftixarına çevrildi. Gələcək nəsillərə yadigarı 3- dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları oldu.

Uşaqlıqdan Vətən üçün boy atan, torpağına göz dikən erməni dığalarının naqis əməllərinə dözməyən Həsənağa hərbçi olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. 2010-cu ildə liseyi başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Yeni təhsil ocağında Həsənağa üzərinə düşən bütün işləri vicdanla görür. Kursant Həsənağa 2013- ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi" yubiley medalına layiq görülür.

H.Abdullazadə 2014- ilin iyul ayında Ali Hərbi Məktəbi yüksək səviyyədə başa vurur. Leytenant rütbəsi alır. Daha sonra bir il oxuduğu Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit kursunu da fərqlənmə ilə bitirir. Necə deyərlər, Vətənin müqəddəsliyinə tapınıb onun qeyrətini hər şeydən üstün tutan ordumuzun bir zabiti artır.

Həsənağa Abdullazadə Gədəbəyin ən ucqar bölgəsi olan "Qoca dağ"a yollanır. "Ölərəm, əldən əgər getsə Vətən" - deyib burada - ön xətdə motoatıcı taqım komandiri vəzifəsində hərbi xidmətə başlayır. Bir il sonra, yəni 2017-ci ildə bölük komandiri təyin edilir, ona baş leytenant rütbəsi verilir, "Azərbaycan Ordusunu 100 illiyi" yubiley medalı ilə təltif olunur, sertifikat, Fəxri fərmanlara layiq görülür.

Həsənağa İkinci Vətən müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmrinə əsasən, Göygöl rayonundakı "N" saylı hərbi hissədə taborun qərargah rəisi vəzifəsinə göndərilir.

Cəsur komandir H.Abdullazadənin intizarla gözlədiyi İkinci Qarabağ müharibəsində şərəfli döyüş yolu Murovdan, Kəlbəcərdən, Ağdərədən keçir. Kəlbəcər uğrunda gedən ölüm-dirim mübarizəsinə girişir. Baş leytenant son damla qanına qədər vuruşub şəhidlik zirvəsinə ucalır. Beləcə, şəhidliyi Vətən sevgisindən başlanan Həsənağanın ömrü anda sədaqət nümunəsi olur. Azərbaycan var olduqca, Lənkəranın bu qəhrəman oğlunun adı ürəklərdə əbədi yaşayacaq...

Zəfər ORUCOĞLU.