Ağdamda suvarma sistemləri bərpa edilir
Region

Ağdamda suvarma sistemləri bərpa edilir

Qlobal istiləşmə planetimizi təhdid edir, dünyada baş verən meşə yanğınları bir tərəfdən, çayların, göllərin quruması nəticəsində yaranan quraqlıq da digər tərəfdən Yer kürəsini təhlükə qarşısında qoyur. Su təbiətin bizə bəxş etdiyi ən böyük və ən qiymətli sərvətdir. Su həyat mənbəyidir, su cövhərdir, el arasında deyildiyi kimi, su, həm də aydınlıqdır. Uzun illərdir ki, Yaponiya hökuməti Qarabağ bölgəsində əvəzsiz nemət olan içməli su ilə bağlı layihələr həyata keçirir. Xeyirxah və nəcib bir təşəbbüs və təqdir olunan bir addım əhali tərəfindən razılıqla qarşılanır.

Ağdam rayonunda Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Yaponiyanın səfiri Vada Cüniçi, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və “Aran Humanitar Regional İnkişaf” İctimai Birliyinin rəhbərliyi iştirak ediblər. Təqdimat mərasimində bildirilib ki, 9 kənddə suvarma sisteminin bərpa olunması layihəsi rayonun Quzanlı, Alıbəyli, Ballar, Birinci Yüzbaşlı, Bəybabalar, Böyükbəyli, İmamqulubəyli, Kəlbəhüseynli və  Eyvazlı kəndlərində istifadəyə yararsız artezian suvarma sistemi bərpa edilib. Sözügedən 9 kənddə istifadəsi dayandırılmış kənd təsərrüfatına yararlı torpaq sahələri yenidən suvarılacaq, kənd sakinlərinin və fermerlərin üzləşdikləri çətinliklər aradan qaldırılacaq. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti 152699 manat məbləğində qrant ayırıb. Kənd sakinləri həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə öz minnətdarlıqlarını bildiriblər.

İndiyə qədər respublikamızda “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunmuş layihələrin ümumi sayı 278-ə çatıb. Ümumi qrant məbləği isə 39 milyon 865 min manatı keçib. “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respublikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır.

Salman ALIOĞLU,

“Respublika”.