Şəhid ailələri ziyarət olunur
Region

Şəhid ailələri ziyarət olunur

Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan Neftçala şəhər sakini İmanzadə Ayaz Daşqın oğlunun və Qaralı kənd sakini Pəncalı Bəhmən oğlu Hüseynovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.

Qəhrəman şəhidlərimizin ildönümü mərasimlərində iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdülər.

Şəhid İmanzadə Ayaz Daşqın oğlu 3 dekabr 1996-cı ildə Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində gedən döyüşlərdə iştirak edib, şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 2-də Neftçala şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ayaz İmanzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Pəncalı Bəhmən oğlu Hüseynov 7 may 2001-ci ildə Neftçala rayonunun II Qaralı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 2-də Neftçala rayonu Qaralı kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Pəncalı Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

"Respublika".