Jan-Pyer Luçiani: Fransa dövləti korsikalıları millət kimi tanımalıdır
MÜSAHİBƏLƏR

Jan-Pyer Luçiani: Fransa dövləti korsikalıları millət kimi tanımalıdır

Korsikanın milli inkişafı uğrunda çalışan Əmək Həmkarlar İttifaqının üzvüyəm. Həmkarlar ittifaqımız Korsikanın siyasi təsisatlar baxımından inkişaf etməsi uğrunda çalışır. Bu gün Korsika respublikanın ümumi hüquqları çərçivəsində qala bilməz. Korsikalıların ana dili var və o dil fransız dili ilə bərabər, adanın həmrəsmi dili olmalıdır. Dilin xüsusi ərazisi var və bu əraziyə adaptasiya edilmiş təsisatlar olmalıdır.

Bu fikirləri Korsika əmək Həmkarlar ittifaqının üzvü Jan-Pyer Luçiani AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib: "Təəssüf ki, bu gün Korsika və Fransa dövləti arasında adanın gələcəkdə yeni siyasi təsisatlara malik olmasına dair dialoq və müzakirələr çox zəifdir, hətta demək olar yoxdur. Mən Korsika adasının siyasi təsisatlar, mədəniyyət və dil baxımından inkişaf etməsini istəyirəm. Korsika dövlətsiz bir millətdir, tanınmayan bir millətdir, ancaq Korsika milləti var. Fransa dövləti onu tanımalıdır.

Qeyd edilib ki, Korsikada da pensiya islahatına qarşı nümayiş keçirilir. Hesab edirlər ki, bu islahata heç bir lüzum yoxdur. Pensiya yaşının artırılmasına, insanları 64 yaşa qədər, bəziləri üçün hətta daha uzun müddətədək işlətməyə ehtiyac yoxdur.