Oğuz: güclü iqtisadiyyat saf və şən həyatın bünövrəsidir
Region

Oğuz: güclü iqtisadiyyat saf və şən həyatın bünövrəsidir

1 Noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

Oğuzlular bunu yaxşı bilirlər. Çünki tarixən bu rayonun adamları sosial həyat tərzlərinin tələblər səviyyəsində qurulması üçün hər şeydən öncə, güclü iqtisadiyyatın yaradılmasına xüsusi önəm vermişlər. Hələ sovetlər birliyi dövründə rayonun iqtisadiyyatında mühüm rol oynayan kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərməklə bol məhsul istehsal etmiş və ailələrinin büdcəsi də əsasən bu sahə ilə formalaşmışdır. İndi də belədir. Öz əmlakının sahibi olan kəndli əkir, yetişdirir, məhsulunu istifadə edir, bazara da çıxarır. Yuxarıdakı fikirlərimi rayonun sosial-iqtisadi həyatına bələd olduğum üçün  Aqrar İnkişaf Mərkəzinin direktoru Azad Əliyevlə bölüşərkən onun ilk cavabı bu oldu:

Əməyin bütün sevinclərin mənbəyi olduğunu, oğuzlular da yaxşı bilirlər. Bax, elə buna görə də o vaxt da, indinin özündə də Oğuz aqrar rayon kimi, kənd təsərrüfatının bütün sahələrinin dinamik inkişafına nail ola bilir. İl ərzində tütünçülükdən, taxılçılıqdan, bostan-tərəvəzçiliyindən, heyvandarlıqdan əldə olunan gəlirlə, tikib-qurmaq, qız köçürmək, oğul evləndirmək, ailəsi üçün şəxsi minik maşını almaq, bir sözlə, xeyli arzu və istəklərinə nail olurlar. Başa çatmaqda olan 2021-ci il də bu baxımdan diqqəti cəlb edir. Aqrar sahədə çalışan hər bir oğuzlu da noyabrın 1-də qeyd olunan bayramlarını, kənd təsərrüfatı işçiləri gününü fərəh və qürurla qarşılayırlar.

   Direktor bu fikirlərini konkret faktlarla təsdiqlədi və aşağıdakıları qeyd etdi:

Oğuzun kənd təsərrüfatında tütünçülük, taxılçılıq, heyvandarlıq aparıcı yerdədir. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da doxsanıncı illərin əvvəllərində yaranan xaos Oğuzun digər sahələri kimi kənd təsərrüfatına da böyük zərbə vurdu. Elə tütünçülüyün özündə vəziyyət tam zəiflədi, hətta illər keçdikcə bu sahə unuduldu. Amma bir neçə ildir ki, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Oğuzda da öz müsbət nəticələrini verməkdədir. İndi tütünçülük ictimai təsərrüfatlarda yox, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən inkişaf etdirilir. Əvvəllər sahələrdən yığılan yaşıl tütün saraylarda ipə düzülüb qurudulur, tay bağlanıb təhvil verilirdi. İndi isə tütünçü məhsulu yaşıl yarpaq şəklində və qurudulmuş halda rayonda müxtəlif şirkətlərin fəaliyyətdə olan tütün qurutmaxanalarına təhvil verir. İş xeyli yüngülləşib 220 hektarda tütün əkilib və oktyabrın onuna kimi 265 ton məhsul istehsal olunub. Qeyd edim ki, tütünqurutma sexləri indi rayonda üç bölgədə fəaliyyət göstərir. Şəhər, həmçinin Yaqublu, Şirvanlı, Qumlaq ərazi icra nümayəndəliklərində tütünçülüyə münasibət daha güclüdür. Vəziyyət deməyə əsas verir ki, Oğuz tütünçüləri keçmişin inkişaf tempini bərpa etmək üçün mövcud imkanlardan səmərəli istifadə edirlər.

Builki kənd təsərrüfatı işçiləri gününü taxılçılarımız da ürəkaçan nəticələrlə qarşılamağa müvəffəq ola bilmişlər. Ötən ilin payızında 36423 hektarda buğda və arpa əkən taxılçılarımız sahələrə yüksək aqrotexniki xidmət göstərməklə, biçin kampaniyasını yüksək mütəşəkkilliklə keçirərək ümumi məhsul istehsalını 2020-ci ildəkinə nisbətən artırmağa nail olmuşlar. Sahələrdən 38885 ton buğda, 14505 ton arpa götürülmüşdür. Hər hektardan 32,3 sentner buğda, 33,2 sentner arpa əldə olunmuşdur. Bu göstəricini daha da artırmaq üçün rayonun potensialı var və bu potensialdan indidən səmərəli istifadə edilir. Taxıl əkiləcək sahələrdə şum çıxarılır, toxum ehtiyatı yaradılır, şum altına və səpinqabağı sahələrə vermək üçün gübrə ehtiyatı yaradılır.

Direktor bir faktı xüsusi vurğuladı ki, rayonda 5 toxumçuluq təsərrüfatı var, tələbatdan xeyli çox gübrə ehtiyatı mövcuddur. Rayonumuzda 5 yerdə sahibkarlar tərəfindən mineral gübrə, toxum və dərman preparatları satışı təşkil olunub. Taxılçılıqda yüksək göstəricilər qazanılmasında dövlət tərəfindən subsidiyaların verilməsi də mühüm rol oynayır. Səpin aqreqatları nizamlanıb qaydaya salınıb. Bir sözlə, payızlıq taxıl səpininin mütəşəkkilliklə keçirilməsi üçün lazım gələn bütün hazırlıqlar görülüb. Bu 17 min hektarda səpinin vaxtında və keyfiyyətlə başa çatdırılmasına imkan verəcək. Dən qarğıdalı əkininə də xüsusi önəm verilir. Dən üçün əkilən 237 hektar qarğıdalı sahələrindən nəzərdə tutulandan çox məhsul əldə olunub. 401 hektarda təkrar qarğıdalı əkilməsi proqnozlaşdırılan tapşırığa da layiqincə əməl edilmiş və həmin sahələrdən əldə olunan göstəricilər qaneedicidir.

Oğuz həmişə kənd təsərrüfatının bir qolu olan baramaçılıqda da respublikanın dağ rayonları arasında fərqlənən bölgələrdən olub. Müstəqillik illərinin əvvəllərində bu sahəyə də münasibət pisləşdi və getdikcə tam unutqanlıq yarandı. Son illərin uğurlu qayıdışı, daha doğrusu, dövlətin ölkədə ipəkçiliyin inkişafına dəstəklə əlaqədar qarşıya qoyduğu mühüm vəzifələr, rayonumuzda da layiqincə icra olunur və yaxşılığa doğru xeyli uğurlu addımlar atmağa imkan verib. Bunun nəticəsidir ki, təkcə bu il rayonumuzda 6353, kiloqramdan artıq barama əldə olunmuşdur. Bu ilk addımın atıldığı bir neçə il bundan əvvəlki göstəricidən 3-4 dəfə çoxdur və gələn il, şübhəsiz, rayonumuzun kümdarları bir qədər də yüksək göstəriciyə imza atacaqlar. Bunun üçün hər şeydən öncə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə xüsusi fikir verilir.

Heyvandarlıq da aqrar bölmədə ən önəmli yer tutan sahədir. Aqrar İnkişaf Mərkəzinin direktoru bu sahədən söhbət düşəndə bir fikri vurğuladı ki, özəl bölmənin ixtiyarında olan heyvandarlıqda da inkişaf tempi ürəkaçandır. Mal-qaranın, qoyun-quzunun sayı ilbəil artır, heyvandarlıq məhsulları istehsalı çoxalır. İndi bu sahənin işçiləri qış imtahanı qarşısındadırlar. Bunun üçün də lazımi hazırlıqlar görülüb. Kifayət qədər yem ehtiyatı yaradılıb, qışlaqlardakı qoyun yataqları qış üçün hazır vəziyyətdədir.

Direktorla bayram ərəfəsindəki söhbətimiz ürəkaçan göstəricilərin Oğuzda  daha firavan, güclü iqtisadiyyatlı sabah üçün tam əminlik yaradır. Rayonda bu gün bütün sahələrdəki yüksək işgüzarlıq əhvali-ruhiyyəsi, ən əsası da 44 günlük Vətən müharibəsi ilə 30 ilə yaxın erməni vandallarının tapdağında olan Qarabağ torpaqlarına artıq başlanan böyük zəfər qayıdışında oğuzluların da fədakarlıqla çalışmaları bunu aydın göstərir.   

                                                                                                     Rasim AMANOV,

                                                                                                        "Respublika".