Ombudsman Aparatı: Azad edilmiş ərazilərimizdə bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var
Digər xəbərlər

Ombudsman Aparatı: Azad edilmiş ərazilərimizdə bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var

Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqla bağlı Ombudsman Aparatının məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir. Bu isə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə konvensiyalarının, xüsusilə də "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.

Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır.

AZƏRTAC