Qələbəmiz haqqımız idi, haqqımıza qovuşduq
Digər xəbərlər

Qələbəmiz haqqımız idi, haqqımıza qovuşduq

Artıq bir ildir ki,  udduğumuz hava daha gözəl, içdiyimiz su daha dadlı, üzərində gəzdiyimiz torpaq bizlər üçün daha əzəmətli görünür. Ömrümüzün ən qürurlu çağlarını yaşayırıq.  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağ torpaqları geri qaytarılıb,  haqq işimiz uğurla başa çatıb.  Öz müzəffər yürüşü ilə Azərbaycan Ordusu təkcə məmləkətimizin deyil, dünyanın hərb tarixinə şanlı səhifələr yazdı. Qələbəmiz haqqımız idi, haqqımıza qovuşduq. Uşaqdan böyüyə hamımız sevinc içindəyik. Bu halal sevincdə peşəsindən, tutduğu vəzifəsindən, ictimai mövqeyindən asılı olmayaraq, hamının payı var, o cümlədən ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən biz müəllimlərin...  Otuz il düşmən tapdağı altında qalan, iyirmi faiz torpaqları işğal olunan, bir milyondan artıq vətəndaşı məcburi köçkün həyatı yaşamağa məcbur edilən diyarımızda haqq savaşının nə vaxt başlayacağı sualı zaman-zaman şagirdlərimizin dilindən eşidilib. Erməni qəsbkarlığını, fitnəkarlığını, bu millətin murdar xislətini illər boyu parta arxasında əyləşən gənc nəslə tarixi faktlarla, aydın, inandırıcı şəkildə izah etmişik. Pedaqoji kollektivlərimiz şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mükəmməl fəaliyyət göstərmişlər. Müharibə günlərində gənclərin hərbi çağırış və səfərbərlik xidməti şöbələri qarşısında könüllü olaraq döyüşlərə yollanmaq istəklərini görəndə zəhmətimizin hədər getmədiyinə sevindik.

Düşmənə qalib gəldik. 44 gün ərzində kəndlərimiz, rayon mərkəzlərimiz işğaldan azad olundu. Qısa müddət ərzində Ali Baş Komandan dünyanın ən məşhur informasiya vasitələrinə verdiyi müsahibələrində bütün dünya xalqlarına Azərbaycanın həqiqətlərini, Ordumuzun haqq yolunda savaş apardığını  çatdırdı. Biz,  həm səngərdə, həm də siyasət meydanında qaliblərik.  Öz acı məğlubiyyəti ilə barışmaq istəməyən erməni rəhbərliyi  xislətindən doğan, özünə dədə-babadan miras qalan mənfur hərəkətlərini davam etdirdilər. Gəncə, Bərdə, Tərtər, digər şəhər və kəndləri müharibə qanunları ilə qadağan olunan silahlarla vurub mülki şəxsləri, o cümlədən uşaqları qanına qəltan edərkən qəsbkar fərqində deyildi ki, dünya ona necə nifrət edir, illər boyu yaratmaq istədiyi miflər dağılır, erməni siması, erməni mənliyi hamıya bəlli olur. Erməni təkcə insanların soyqırımı ilə kifayətlənməyib. İşğaldan azad olunan yurd yerlərimizə  sadəcə olaraq tamaşa etmək mümkün deyil. Kənd və şəhərlər yerlə-yeksan edilib.

Bəli, ömürdən keçən bir il səadət, xoşbəxtlik ilidir. Məktəbimizin pedaqoji kollektivi dərs ili ərzində Zəfər Qələbəmizə həsr olunmuş maraqlı tədbirlər keçirmiş, şəhid məzarlarını ziyarət etmiş, şəhadətə yüksəlmiş balalarımızın müqəddəs ruhuna ehtiramını bildirmişdir. Qeyd edim ki, Kürdəmir şəhər 1 saylı orta məktəb regionun ən qabaqcıl tədris ocaqlarındandır. Məktəbdə 1157 nəfər şagird təhsil alır. Keçən dərs ilində 76 nəfər məzundan 41 nəfəri ölkənin ali məktəblərinə qəbul olundu. Respublikada tanınan təcrübəli pedaqoqlarımız təlim-tərbiyənin keyfiyyətini yüksəltmək üçün ən qabaqcıl metodlardan istifadə edirlər. Müəllimlərimizin səmərəli əməyi dövlət başçımız tərəfindən yüksək qiymətləndirilib.  Pedaqoqlardan Məhəmmədəli Rəsulov, Lamiyə Cəfərova “Əməkdar müəllim” fəxri adına layiq görülüb, mən və Gülbəniz İbrahimova “Tərəqqi” medalı ilə təltif olunmuşuq. Siniflərdə şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün zəngin dərs vəsaiti, geniş materiallar var.  “Ya Qarabağ, ya ölüm” devizi ilə Vətən Müharibəsinə atılan Azərbaycan əsgəri özündən sonra gələn nəsillərə nümunə oldu.

                                 Vüqar NƏSİROV,

 Kürdəmir şəhəri 1 nömrəli tam orta məktəbin direktoru.