Qürur və iftixar yaşadan oğullar
Region

Qürur və iftixar yaşadan oğullar

Dağlar diyarı Yardımlı elinin qəhrəmanı Mahmud Əflatun oğlu Mayıllı İkinci Qarabağ savaşında torpaq uğrunda can qoyan, mərdliklə döyüşüb müqəddəs şəhidlik zirvəsinə ucalan minlərlə igidlərdən biridir. İndi yeri ürəklər olan Mahmud ölkə başçının müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Yardımlıda 18 illik ömür yolu Vətənə, torpağa sevgi nümunəsinə dönən Mahmudun əziz xatirəsi ehtiramla anılıb. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, ictimaiyyət nümayəndələrinin, qazi və şəhidin ailə üzvlərinin iştirak etdikləri mərasimdə şəhidin məzarı ziyarət olunub, məzarı üstünə çiçəklər qoyulub.

İcra başçısı çıxış edərək 44 günlük müharibədə Vətənini canından əziz bilib yolunda şəhid olan oğlanların göstərdiyi şücaətdən danışıb. Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Bildiriblər ki, Mahmud öz şərəfli ölümü ilə Vətəninə, xalqına yararlı övlad olduğunu göstərib. Bütün Azərbaycanın belə qəhrəman oğullarla qürur duyması bizə təsəllidir.

 Zəfər ORUCOĞLU.