QAZAX: Tarixi abidələrimiz zəngin mədəni irsimizdən xəbər verir
Region

QAZAX: Tarixi abidələrimiz zəngin mədəni irsimizdən xəbər verir

Bu günlərdə Qazax rayonundakı tarixi abidələrin hazırkı durumu ilə maraqlandıq. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyi yanında "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva bizə bildirdi ki, Qazax rayonu Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində yerləşir. Qazax rayonu qədim abidələr diyarıdır. Bu ərazilərdə daş dövründən başlayaraq tarixin bütün dövrlərinə aid abidələr, maddi mədəniyyət nümunələri, zəngin mədəni irs mövcuddur.

Bölgədə olan tarix və mədəniyyət abidələri bu ərazilərdə xalqımızın minilliklər boyu yaşadığını sübut edir. Bu mədəniyyət nümunələri tariximizin daşlaşmış yadigarları olaraq xalqın tarixini, təfəkkürünü, yaşam tərzini keçmişdən bu günə, bu günümüzdən gələcəyə ötürür.

Qazax rayonunda qeydiyyata alınmış 112 tarixi abidə var. Bunlardan 3-ü dünya əhəmiyyətli abidələrdir - Sınıq körpü, Baba Dərviş yaşayış məskəni, Damcılı mağara düşərgəsi.

Sınıq körpü Qazax rayonunda Gürcüstan Respublikası ilə sərhəddə olan və Xram çayı üzərindən keçən çoxaşırımlı körpüdür. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Körpünün tikintisi zamanı istifadə edilmiş daşın rənginə görə ona Qırmızı körpü də deyilir. Sınıq körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpünün uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir. 2019-cu ildə Azərbaycan Respublikası tərəfindən körpüdə təmir-bərpa işləri aparılmışdır.

Qazax rayonunda yerləşən digər dünya əhəmiyyətli abidə Baba-Dərviş qədim yaşayış məskənidir. Bölgənin uzaq tarixinə işıq salan yaşayış məskəni Xanlıqlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerində 1958-1962-ci və 1966-cı illərdə arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid maraqlı tapıntılar əldə olunmuşdur. Baba Dərviş qədim yaşayış yeri sıralı düzülmüş 5 təpədən ibarətdir. Aparılan araşdırmalar nəticəsində toplanan arxeoloji materiallar göstərmişdir ki, bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuşdur.

Qədimliyi və unikal görünüşü ilə seçilən "Damcılı mağara düşərgəsi" Qazax rayonu və Azərbaycan ərazisində yerləşən ən qədim tarixi olan abidələrdən biridir. "Damcılı mağara düşərgəsi" Qazax rayonunda fəaliyyət göstərən "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Arxeoloji abidədir. Tarixi paleolit dövrünə aiddir. Yarımdairəvi formada olan mağaranın qarşı tərəfdən hündürlüyü 4 metr, sahəsi 360 kvadratmetrdir. Mağaranın qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır.

"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində müxtəlif dövrlərə aid yaşayış məskənləri, məbədlər, kurqanlar, sənduqələr, at fiqurları mövcuddur. Bu abidələrin bir qismi sərhəd bölgəsində, bir qismi isə işğal altında olan Yuxarı Əskipara kəndi ərazisindədir.

2783 hektar ərazisi olan Yuxarı Əskipara kəndi bütövlükdə qoruq elan edilmişdir və ərazisinə daxil olan çox sayda tarixi abidələrimiz 28 ildir erməni vandalizminin qurbanına çevrilib. İşğal altında qalan abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilməkdədir. Kənd 8 iyun 1992-ci il tarixdən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Yuxarı Əskipara kəndi - dağətəyi ərazidədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş kəndin bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası və s. yerlə-yeksan edilib. 1949-50-ci illərdə qədim abidələri öyrənmək üçün təşkil edilmiş xüsusi elmi heyət bu ərazilərdə V-VI əsrlərə aid edilən şəhərcik qalıqları aşkar etmişdir.

Qazax rayonunun işğal olunan ərazilərində mövcud olan təbii sərvətlər də tarixi mədəniyyət abidələri kimi qəddarlıqla dağıdılır və talan olunur.

Qalib ölkənin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir. İşğal edilmiş bütün torpaqlar işğaldan azad olunmalı, Azərbaycan vətəndaşı öz doğma yurdlarına qayıtmalıdırlar. Məlumdur ki, dövlət başçısı hər zaman verdiyi vədi əməli ilə yerinə yetirir. Heç şübhəsiz, yaxın zamanlarda Qazaxın işğal altında qalan yaşayış məskənləri də digər torpaqlarımız kimi, mənfur düşməndən təmizlənəcək, o zaman həmin ərazilərdə düşmən tərəfindən dağıdılmış abidələrə yeni həyat bəxş olunacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".