Qürurla anırıq: Albert Aqarunov
Sosial həyat

Qürurla anırıq: Albert Aqarunov

Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və şücaəti Birinci Qarabağ müharibəsində özünü bir daha göstərdi. Vətən savaşında ölkəmizin ərazi bütövlüyü uğrunda igidlik göstərən, şəhidlik zirvəsinə yüksələn şahin oğullarımızın hər biri ən çətin məqamda erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş, hər qarış torpağı göz bəbəyi kimi qorumuşlar.

Düşmən gülləsinə sinəsini sipər edən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən oğullarından biri də Aqarunov Albert Aqarunoviçdir.  

Albert hələ uşaq yaşlarından kiçik ürəyində Vətənə, torpağa böyük sevgi bəsləmiş, onunla birgə ən böyük arzusu isə doğma torpaqlarımızın işğaldan azad edilməsi olmuşdu.

Elə bu amalla da Birinci Qarabağ savaşında odlu səngərlərə, ağır döyüşlərə atılmışdı.

Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində dünyaya göz açmış, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir.

O, 1987-ci ildə valideynlərinin, doğmalarının xeyir-duası ilə əsgəri xidmətə yola düşmüş, Gürcüstanın Axalkalaki rayonunda hərbi xidmətə başlamışdır. Nümunəvi qulluğuna görə Albert tank komandiri təyin olunmuşdur. 1989-cu ildə ordudan tərxis olunduqdan sonra bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.

Mənfur ermənilərin Qarabağın işğalı zamanı Albert Vətənin müdafiəsinə yollandı. Vətən qeyrəti, el təəssübünü çəkərək yurd savaşına qoşuldu. Özü də ürəklə, cəsarətlə. Döyüş yoldaşlarını haqq işi üçün mübarizəyə səslədi, yumruq tək birləşməyə çağırdı, dar ayaqda onlara mənəvi cəhətdən qol-qanad verdi.

Birinci Qarabağ müharibəsinin qızğın vaxtında Albert tankçı kimi döyüş meydanına atıldı. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun yüksəkixtisaslı tankçılara böyük ehtiyacı vardı. Bir müddət keçdikdən sonra hərbi texnikanın sirlərinə mükəmməl yiyələnən Albert Aqarunov tank komandiri təyin edilərək Şuşa şəhərinin müdafiəsinə göndərildi.

Albertin tank briqadası tezliklə bütün cəbhə xəttində şücaəti, igidliyi ilə şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən döyüşlərdə erməni quldurlarını dəfələrlə pərən-pərən salır, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edir.

...Şuşa-Laçın yolu, 1992-ci il, mayın 8-i. Səhər tezdən düşmən tankları görünür. Ermənilər Laçına gedən yolu kəsməklə Şuşa şəhərini tam mühasirəyə almışlar. Albert dərhal tankını həmin səmtə yönəltmək əmri alır. Düşmən tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməyən Albert sərrast atəşlə düşmənin öndə gələn tankını məhv edir. Bu uğurundan ruhlanaraq daha bir tankı alova qərq edir. Ağır döyüşdə neçə-neçə düşmən texnikası sıradan çıxarılır. Lakin texnika və canlı qüvvənin ardı-arası kəsilmək bilmirdi. Albert yenidən həmləyə keçməyə can atırdı. Ancaq buna macal tapmadı. Atılan mərmilərdən biri igid tankçını haqladı. Albert döyüş meydanında qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı. Son mənzili Bakı şəhərindəki Şəhidlər Xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Vaxtilə təhsil aldığı 154 saylı məktəb Albertin adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

Qədir ASLAN,
“Respublika .