Mərd oğullar
Sosial həyat

Mərd oğullar

44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda qan töküb doğma Azərbaycana şərəf olan minlərlə qəhrəman oğullardan biri Əbdülrza Rəfibəylidir. Bakının Xətai rayonunda dünyaya göz açan bu Vətən sevdalısı əslən Masallı rayonun Boradigah qəsəbəsindəndir. Öz qəhrəmanlığı ilə nəsillərə örnək olan şəhid Əbdülrza Rəfibəylinin yaşının 23 ilinin tamamında Masallı rayon Mərkəzi Kitabxanasında tədbir keçirildi.

Tədbirdə kitabxananın əməkdaşları Şəmsurə Nəsirova Aidə Quliyeva şəhidin şərəfli döyüş yolundan qürurla, iftixarla söz açdılar. Bildirildi ki, 2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra başlanan Vətən müharibəsində könüllü cəbhəyə yollanır. Qısamüddətli hərbi təlimlərə qatılır. Sonra cəbhənin ən qaynar nöqtələrində erməni dığalarına qan uddurur. Haqq savaşımızda Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda göstərdiyi şücaət dillərdə dastana dönür. Oktyabrın 23- Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi 40 gün sonra tapılaraq dekabrın 4- Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında canından artıq sevdiyi torpağa tapşırılır. O, Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", Füzulinin, Xocavəndin azad olunmasına görə medallarına layiq görülür.

Bəli, Əbdülrza Rəfibəyli kimi qəhrəmanlar heç zaman yaddaşlardan silinməz. Çünki onlar öz həyatlarını Vətən, xalq üçün yaşamağı bacarıblar...

Zəfər ORUCOĞLU.