Şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdən daha bir qrupu sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb
Sosial həyat

Şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdən daha bir qrupu sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 56 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioterapiya Mərkəzi, "Darıdağ" Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər.

Agentlik tərəfindən postmüharibə dövründə 6500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

AZƏRTAC