ŞƏHİDLİYİN ÜNVANI ƏBƏDİYYƏTDİR
Region

ŞƏHİDLİYİN ÜNVANI ƏBƏDİYYƏTDİR

Mingəçevirdə də Vətən, torpaq uğrunda canından keçən, həyatını qurban verən şəhidlərimizin ruhlarına daimi hörmət və ehtiram sonsuzdur.  Onların məzarları ziyarət olunur, xatirələri əziz tutulur.

Bu günlərdə Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində Suqovuşan yaşayış məntəqəsinin, Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və Ağuçuq yüksəkliyinin düşməndən alınması zamanı şəhid olmuş Tural Həsənovun məzarı ziyarət olundu, tər gül dəstələri düzüldü, şəhidlərimizin ruhlarına dualar edildi. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, müharibə əlilləri, YAP şəhər təşkilatının sədr əvəzi Bəxtiyar Mustafayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşları, Şəhər Mərkəzi Xəstəxanasının kollektivi, məktəblilər də iştirak edirdi. Şəhər icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov şəhər icra hakimiyyəti başçısı adından ailəyə başsağlığı verdi, şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbir dilədi, şəhid Tural Həsənovun döyüş yolundan əhatəli danışdı. 3-cü dərəcəli Vətən müharibəsi əlili Pərviz Məmmədov bildirdi ki, şəhid Tural Həsənov bütün gənclərə örnəkdir, daim qəlblərdə yaşayacaqdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tural Həsənov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Zabit XƏLİLOV,

 “Respublika”.