Səhiyyə əlaçısı
Səhiyyə

Səhiyyə əlaçısı

Bu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun 100 yaşı tamam olur. Günü-gündən müasirləşən 100 yaşlı institutda gənclərə xüsusi diqqət, qayğı göstərilir. Amma bununla yanaşı, yaşlı nəsil də unudulmur. İnstitut yarandığı gündən bu günə qədər bir çox yeniliklərə imza atıb, onun divarları arasında saysız-hesabsız elm fədaisi çalışıb. Onlardan biri də səhiyyə əlaçısı, tibb üzrə fəlsəfə doktoru, "Tərəqqi" medallı Şəfiqə Mahmudovadır.

Şəfiqə Mahmudova 1922-ci ildə Bakı şəhərində anadan olub. O, Bakının mədəni həyatında xüsusi çəkisi olan nəsildəndir. Belə ki, atası məşhur nəsil olan Səlimxanovlardan, anası isə Xanlarovlar və Hacinskilərdən olub. Şəfiqə xanım hər zaman bu mənsubiyyəti ilə qürur duyub. Anasınm bibisi oğlu, akademik Mirzə-Rza Nəzirov dövrünün görkəmli səhiyyə işçisi, diaqnost, parazitar xəstəliklər üzrə təcrübəli mütəxəssis idi. Elə gənc Şəfiqədə də səhiyyənin bu sahəsinə marağı həm anasının xalası oğlu, həm də həyat yoldaşı, o dövrün görkəmli alimi, professor Hacıbaba Qasımov yaratmışdı. Bu iki alim gənc Şəfiqədə bu sahəyə o qədər maraq oyadırlar ki, o, 134 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnsitutuna daxil olur.

Ş.Mahmudova institutu bitirdiyi 1949-cu ildə Azərbaycan Həkimlərin Təkmilləşmə İnstitutuna Malyariya və Tibbi parazitologiya və laboratoriya diaqnostikası kafedrası üzrə kliniki ordinaturaya daxil olur. Kliniki ordinaturanı bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsində çalışır.

Zəhmətkeşliyi və axtarışlara marağı ilə fərqlənən Ş.Mahmudova 1964-cü ildə Səhiyyə Nazirliyinin əmri ilə Elmi-Tədqiqat Parazitologiya və Tropik Təbabət İnstitutunun kliniki şöbəsinə elmi işçi vəzifəsinə keçirilir. O vaxta qədər Azərbaycanda toksoplazmoz kimi ağır xəstəliyin müalicəsi yox dərəcəsində idi. Şəfiqə xanım bir həkim olaraq bu xəstəliyin müalicəsinin başlanğıcını qoyur və neçə-neçə xəstə onun əlindən şəfa tapır.

Seçdiyi sahədə daima axtarışda olan Şəfiqə xanım 1964-cü ildə Moskvada Tibbi Parazitologiya və Tibbi Helmintologiya İnstitutunda qiyabi aspiranturaya daxil olur və 1968-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. O, 1969-cu ildən baş elmi işçi vəzifəsində çalışmağa başlayır. 1975-1980-ci illərdə helmintozların immuniteti və immunodiaqnostika laboratoriyasının müdiri vəzifəsinə təyin edilir.

Şəfiqə xanım namizədlik dissertasiyasının müdafiəsindən dərhal sonra doktorluq mövzusu üzrə işə başlayır. Neçə illik gərgin zəhmətin, müxtəlif xəstələrin müalicəsindən əldə olunan yeniliklərin nəticəsi olaraq doktorluq işi də demək olar ki, hazır olur. Moskvada dissertasiyanın son eksperimental işlərinin yerinə yetirilməsi üçün hətta ona ayrıca otaq da ayrılır. Bu dissertasiya, helmintologiya və parazitar xəstəliklərin müalicəsində bir yenilik olacaqdı. Təəssüflər olsun ki, o dövrdə həyat yoldaşının qəfil vəfatı Şəfiqə xanımın yeni elmi dərəcə almasına olan həvəsini yerlə-yeksan edir. Beləliklə, dissertasiya da yaıımçıq qalır, onunla bağlı olan ümidlər də.

Şəfiqə xanım özü isə Azərbaycana Mustafa, Hacıbaba, Xeyrulla və Davud Qasımovlar kimi Əməkdar elm xadimi, akademik Mirzə Feyzulla Qasımzadə, "Şöhrət" və "İstiqlal" ordenli akademik Fuad Qasımzadə kimi şəxsiyyətlər bəxş edən Qasımzadələr ocağının gəlini idi. Bu, həmin Qasımzadələrdir ki, ömürlərinin mənasını doğma xalqına xidmətdə görüblər və hərə öz sahəsinin tanınmış mütəxəssisi olub. Şəfiqə xanımın həyat yoldaşı, professor Hacıbaba Qasımov da görkəmli alim olub. Belə ki, Hacıbaba Səməd oğlu Qasımov Azərbaycan Dövlət Universitetinin Təbiət və riyaziyyat və Tibb fakültəsini müvəffəqiyyətlə bitirir. O, 1942-ci ildə namizədlik, 1952-ci ildə Moskvada doktorluq dissertasiyaları uğurla müdafiə edir. 1946-cı ildən AEA Zoologiya İnstitutunun parazitologiya şöbəsinin rəhbəri kimi çalışan Hacıbaba müəllimin təşəbbüsü ilə həmin institutda helmintologiya, protistologiya və ekoloji parazitologiya laboratoriyaları yaradılır.

Azərbaycanı qarış-qarış gəzərək tropik xəstəliklərə qarşı mübarizə yollarını öyrənməyə çalışan gənc Hacıbaba ona müraciət edən xəstələrin sağalması üçün əlindən gələni əsirgəmirdi. Elə gələcək ömür-gün yoldaşıyla tanışlığı da bu səfərlərin birində baş vermişdi. Belə ki, 1941-1943-cü illərdə Şəfiqə xanımın bacısı Bibixanımı (o, ömrünün sonuna qədər Tibb İnstitutu yoluxucu xəstəliklər kafedrasının dosenti işləyib) təyinatla Zaqatala rayonunun Əliabad kəndinə həkim göndərirlər. O da tək olmasın deyə anası və bacısını özüylə aparır. Onlar Əliabad kəndinin xəstəxanasında, qonaq gələn həkimlər üçün nəzərdə tutulan bir otaqda məskunlaşırlar. O vaxtlar Hacıbaba müəllim də bir neçə dəfə o kəndə ezamiyyətə gəlir və bu səfərlərin birində Şəfiqə xanımla tanış olur. 1945-ci ildə isə ailə qururlar. Bu izdivacdan onların bir oğlu və iki qızı dünyaya gəlir. Oğulları Natiq Neft-Kimya İnstitutunu bitirib. Qızları isə valideynlərinin yolunu davam etdiriblər. Belə ki, Tumridə Hacıbaba qızı Bakı Şəhər Dəri-Zöhrəvi Dispanserində həkim vəzifəsində, Pərvinə Hacıbaba qızı isə Elmi-Tədqiqat Bərpa İnstitutunda həkim vəzifəsində çalışıb.

Şəfiqə Mahmudovanın 80-dən yuxarı elmi məqaləsi dünyanın ən nüfuzlu tibbi dərgilərində nəşr edilib. Onun professor H.Qasımovla birgə yazdığı "İnsan helmintozları" və H.İ.Abdullayevlə birgə həmmüəllifi olduğu "Malyariya Azərbaycanda" monoqrafiyaları isə xeyli vaxt keçməsinə baxmayaraq, bu gün də bu sahə mütəxəssislərinin stolüstü kitabı kimi istifadə edilir.

100 illik ömrünün 80 ilini parazitar xəstəliklərin müalicəsinə həsr edən Şəfiqə Mahmudova 1994-1997-ci illərdə parazitar xəstəliklər klinikasında baş həkim, 1997-ci ildə isə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunur və 2005-ci ilədək bu vəzifədə çalışır. Həmin vaxtdan 2017-ci ilə qədər institutun malyariya, leyşmanioz xəstəlikləri və onların keçiriciləri ilə mübarizə laboratoriyasının baş elmi işçisi vəzifəsini icra edib.

Azərbaycanda tibbin inkişafına böyük əmək sərf edən Ş.Mahmudovanın səmərəli fəaliyyəti dövlətimiz tərəfındən də diqqətdən kənarda qalmayıb və o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

O, həmçinin səhiyyə əlaçısı və akademik Skryabinin 100 illiyinə həsr olunmuş medal ilə də təltif olunub.

"İnsanın adı çox vaxt taleyinin təcəssümü olur", - deyirlər. Bu baxımdan Şəfiqə xanıma verilən ad taleyinin, xarakterinin tam təcəssümüdür desək, heç də yanılmarıq. Çünki o, taleyini həkimlik sənətinə bağladı, bu sahənin görkəmli nümayəndəsi oldu. Müalicə etdiyi pasiyentlərinə şəfqətlə, mərhəmətlə yanaşır, onlara can yandırırdı. Elə onu xəstələrə sevdirən də bu münasibətlər idi.

Anar MƏMMƏDOV,

Bakı Dövlət Universitetinin dosenti.