Şirvan: Qaldırılan problemlər əməli işlə nəticələnir
Region

Şirvan: Qaldırılan problemlər əməli işlə nəticələnir

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən əhalini narahat edən  problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüşü bu günlərdə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində keçirildi. Səyyar qəbul-görüşdə başçı İlqar Abbasovla birlikdə şəhər icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov qəbula gələn şəhər sakinləri qarşısında çıxış edərək son iki il ərzində pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq yerlərdə təşkil olunan görüşlərə, qəbullara, tədbirlərə fasilə verildiyini, 2022-ci il martın 6-dan etibarən dövlət orqanlarında vətəndaşların qrup və fərdi qaydada qəbulunun bərpa olunduğunu, Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş cədvələ əsasən 2022-ci ilin mart ayından etibarən hər ay şəhərin müxtəlif ərazilərində şəhər sakinləri ilə 4 səyyar görüşün, ümumilikdə  il ərzində 39 səyyar görüşün keçirildiyi qeyd olundu.

İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab​ İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarından, Vətən müharibəsi zamanı Şirvan şəhərindən də hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edilməsi və onlardan 23 nəfərinin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışdı. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini bildirdi.

Qəbula gələn sakinlər dinlənildi, onları narahat edən məsələ və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olundu. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapdı, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verildi və nəzarətə götürüldü. Müraciətlərin əksəriyyəti işsizlik, yaşayış yeri, torpaq sahəsinin ayrılması və sairlə bağlı idi.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.