TƏBİİ QAZA MÖHTAC KƏNDLƏR
Region

TƏBİİ QAZA MÖHTAC KƏNDLƏR

Dağ rayonunun qış qayğıları

Masallı-Yardımlı yolunun İstisu deyilən ərazisindən başlayaraq zümrüd donlu meşələr göz oxşayır. Yolun hər iki tərəfində başı göylərə ucalan qoca palıd, dəmirağac, vələs və digər ağaclar payızın qızılı rənglərinə bürünüb. Adı "Qırmızı kitab"a düşmüş dəmirağacının sarı, qırmızı yarpaqları küləyin təsirindən havada rəqs edərək yerə tökülür. Payızın gözəllikləri qəlblərdə xoş duyğular oyadır, insanı valeh edir.

Yardımlı şəlaləsini keçəndən sonra yaşıl meşələr arxada qalır. Müxtəlif növ kollarla örtülmüş təpələr, dağ yamacları başlanır. Rayonun 66 min 720 hektar ərazisinin 30,8 faizini meşələr təşkil edir. Bəzi kəndlər meşələrin əhatəsində yerləşir. Əksər kəndlər isə meşə massivindən 10-20 kilometr uzaqdadır. Yardımlı sakinləri istilik mənbəyi kimi odundan istifadə edir. Yay-payız mövsümündə meşələrə üz tutur, qışa hazırlıq görülür. Əsasən yıxılmış ağacların, sanitar qırıntıların hesabına odun tədarük olunur.

Keçmiş sovet dönəmində Yardımlıda mavi qaz olmayıb. Uzun illər təbiətin yaşıl örtüyü doğranıb, ekologiyaya ciddi ziyan dəyib. Kəndlərdə bulaqlar quruyub. Yay aylarında içməli su qıtlığı yaranır.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə rayona ilk dəfə qaz xətləri çəkilib. Həmin il oktyabr ayının 23-də möhtərəm Prezidentimizin xeyir-duası ilə Yardımlıya təbii qaz verilib. O vaxtdan Yardımlı şəhəri və 14 kənd qazlaşdırılıb. Əhali sektoru üzrə abonentlərin sayı 3200-dən çoxdur. Sərf olunmuş qaza görə vəsaitin ödənilməsində problem yoxdur.

"Azəriqaz" İstehsalat Birliyi bu yaxınlarda daxili imkanlar hesabına Dəlləkli kəndində 60 ailəni mavi qazla təmin edib. Hazırda Ostayır kəndində daxili xətlər çəkilir. Pirenbel kəndində işlər davam edir. Yardımlı-Şəfəq istiqamətində yeraltı daşıyıcı qaz xətləri çəkilir. İlin sonunda bir neçə kənddə mavi alovun şölələnəcəyi gözlənilir.

Yardımlıda 87 kənd vardır. Qazlaşma cəmi 16 faiz təşkil edir. Qazlaşmanın səviyyəsinə görə Yardımlı respublikada ən axırıncı yerdədir. Rayonun 73 kəndinin sakinləri təbii qazın nə vaxt veriləcəyini gözləyirlər. Meşələrdən uzaq məsafədə yerləşən Arus, Yolocaq, Horavar, Vərov, Telavar, Ərsilə ərazi icra nümayəndəliklərinə daxil olan kəndlərdə odun tədarükündə həmişə problemlər olur.

Yolocaq kəndinin ağsaqqalı, nüfuzlu ziyalı Təmişət Əbilov söhbət zamanı dedi:

- Kəndimiz rayonun ən qədim və iri yaşayış məskənlərindən biridir. Əhalisi 1300 nəfərdən çoxdur. Yardımlı şəhərinə gedən magistral qaz xətti kəndimizdən 1 kilometr aralı keçir. İllərlə "Azəriqaz"a və digər yuxarı orqanlara müraciətimiz öz həllini tapmayıb. Avqust ayında açıq mikrofonla "Azəriqaz"ın rəhbərliyinə müraciət etdim. Kəndə qazın nə vaxt çəkiləcəyi hələ ki məlum deyil.

Havalar getdikcə soyuyur. Bu yerlərdə qış sərt keçir. Əhalinin yeganə istilik mənbəyi olan odunun bir maşını 450-500 manata başa gəlir. Qışın 6-7 ay çəkdiyini nəzərə alsaq iki maşın oduna ehtiyac olur. Sakinlər məcbur qalıb odunun kubunu 90-100 manata almalı olur. Kəndə qaz verilsə sadə kəndli ailəsinin büdcəsinə bu qədər ziyan dəyməz. Meşələrimiz də, təbiətimiz də qorunar, - deyə Təmişət müəllim bildirdi.

Haqlı gileydir. Yardımlı sakinləri mənzillərinin təbii qazla qızdırılmasını, mətbəxlərində mavi alovun şölələnməsini istəyirlər. Bu vacib sosial problem öz həllini gözləyir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".