Tərtər: Müharibədən zərərçəkmiş məktəbin uğurları
Region

Tərtər: Müharibədən zərərçəkmiş məktəbin uğurları

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi milli təhsilin inkişaf etdirilməsi istiqamətində nəticəyönümlü işlər həyata keçirilir. Respublikanın hər yerində həyata keçirilən genişmiqyaslı islahatlar təhsilin də keyfiyyətinin yüksəlməsinə stimul verir. Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bütün təhsil müəssisələrində ciddi hazırlıq işləri aparılır. Düşmən üzərində şanlı qələbəmizə qədər cəbhə bölgəsi hesab olunmuş Tərtər rayonunun şəhər 1 saylı tam orta məktəbində hazırkı vəziyyətlə maraqlandıq.  Bizi Əsəd Məmmədov adına Tərtər şəhər 1 saylı tam orta məktəbin direktor əvəzi Musaməddin Qurbanov səmimiyyətlə qarşılayaraq əvvəlcə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsindən bəhs etdi. O, qeyd etdi ki, hamıya məlum olduğu kimi, Tərtər rayonu 44 gün Vətən müharibəsində sanki bir döyüş meydanını xatırladırdı.  Mənfur ermənilər dayanmadan rayon mərkəzini, digər yaşayış məskənlərini, təhsil, səhiyyə müəssisələrini iriçaplı silahlarla atəşə məruz qoymuşdur.  Hətta qadağan olunmuş raketlərdən də istifadə etdilər. Rayona külli miqdarda maddi və mənəvi ziyan dəydi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, həmin vaxt atılan mərmilər nəticəsində 1 saylı tam orta məktəbə də ciddi ziyan dəymişdi. Ancaq, hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin tapşırığı ilə müharibədən zərərçəkmiş bütün bölgələrdə, o cümlədən Tərtərdə genişmiqyaslı quruculuq-abadlıq, tikinti işləri həyata keçirildi. İndi Tərtər əvvəlkindən də abad və gözəldir. Sözsüz ki, 1 saylı məktəbə dəymiş ziyan da dövlətimiz tərəfindən tamamilə aradan qaldırılmışdır. Qeyd etmək lazımdır ki, hazırda Beynəlxalq Qırmızı Xaç humanitar təşkilatının dəstəyi ilə əsasən məktəbin interyerində təmir işləri aparılır. Yeni dərs ilində təhsil müəssisəsi müəllim və şagirdlərin ixtiyarına veriləcəkdir.

Bütün olanlara baxmayaraq məktəbin nailiyyətləri ürəkaçandır. 2020-2021-ci tədris ilində 1 saylı məktəbdə 1196 şagirdin təlim-tərbiyəsi ilə 104 müəllim məşğul olmuşdur.  Məktəbin 11-ci sinfini 69 nəfər bitirmişdir.  Məzunlardan 51 nəfəri qəbul üçün sənəd təqdim etmiş, bunlardan 39 nəfəri keçid balını toplamışdır.  Məktəbin 2 məzunu -- Xədicə Məmmədova (634 bal), Alsu Əsədova (627 bal)  600-dən baldan yuxarı nəticə göstərmişlər. Aysu Babazadə 586 bal, Səbinə  Məmmədzadə 550 bal, Xəyalə Həsənova isə 530 bal toplamışdır. 9-cu sinif şagirdi Orxan Quliyev Heydər Əliyev adına hərbi liseyə sənəd təqdim etmişdir.  Məlumdur ki, rayonun hər an atəşə məruz qalması, şagirdlərin psixologiyasına mənfi təsir göstərir. Ancaq əldə olunan nəticələr bu təhsil ocağında keyfiyyətli tədrisin olmasının və pedaqoji kollektivin əzmlə çalışmasının göstəricisidir. Məktəbin müəllimləri diaqnostik qiymətləndirmədə yüksək nəticələr əldə etmişlər.

1 saylı məktəbdə dahi şair və yazıçıların yubileylərinin yüksək səviyyədə keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Nizami Gəncəvi ili ilə əlaqədar məktəbin həyətində 1981-ci ildə tikilmiş Nizami Gəncəvinin kiçik ölçülü məqbərə-abidəsi restovrasiya edilmişdir. Eyni zamanda, Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində pandemiya qaydalarına əməl olunmaqla geniş tədbirlər keçirilmişdir.  2021-2022-ci tədris ili üçün hazırlıq siniflərinə 90 nəfər, 1-ci siniflərə isə 113 nəfər şagird qəbulu gözlənilir. Ümid etmək olar ki, gələn tədris ilində 1 saylı məktəbin uğurları daha çox olacaqdır.

Vəli VƏLİYEV,

“Respublika”.