Vov kəndində bulaq-kompleksi
Region

Vov kəndində bulaq-kompleksi

Lerikdə uca dağların qoynunda  bir kənd var. Adına Vov deyirlər. Havası, suyu saf, təbiəti füsunkar  olan bu yurd yerinin torpağa bağlı insanları sadə, həyat yaşamaqla öz Vətənini ürəkdən sevir, məqamında ona sipər olmağı bacarırlar. Kəndin şəhid oğlu Samir Hüseynov isə ömrünün 26-cı baharında  İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək  10 noyabr 2020-ci ildə  əbədiyyətə qovuşub.  Azərbaycanın yeni, şərəfli tarixinə ad qoyan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, dağlar diyarının qartal balası ölümündən  sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, Şuşanın, Cəbrayılın, Xocavəndin, Füzulinin  azad olunmasına görə, “Vətən uğrunda” medallarına layiq görülüb.

Milyonların ürəyində özünə yuva quran Samir Hüseynov dünyaya gəldiyi, adını igidlər diyarı kimi Azərbaycana  tanıtdığı Vov  kəndində uyuyur. İki il keçməsinə baxmayaraq məzarı üstə tər çiçəklər əskilmir.   Bütün Lerik camaatı  onun adını fəxrlə çəkir, keçdiyi şərəfli yolu özlərinə nümunə  bilirlər. Doğma kəndində  həm də  Samirin xatirəsinə ehtiram əlaməti olaraq bulaq-kompleksi inşa olunub. Dağ kəndinin hüsnünə yeni bir əzəmət  qatan kompleksin açılışında Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov və şəhidin atası Əlizadə Hüseynov tərəfindən bulaq-kompleksinin üzərindən örtük götürüldü və önünə gül-çiçək dəstələri qoyuldu..

Şəhid atası  Əlizadə Hüseynov  dedi ki, oğlum uşaqlıqdan Vətənə, onun torpağına  bağlanmışdı.  Onu şəhidlik zirvəsinə ucaldan elə bu sevgi oldu. İndi  halal ocağımda  böyüyən Samirin adı millətin dillərindən düşmür.  Oğlum  xalqıma başucalığı gətirdi.  Bir ata üçün bundan böyük şərəf ola bilməz

 Zəfər ORUCOĞLU.