Yaralı daşlar, qırılan talelər, məhv edilən arzular
Sosial həyat

Yaralı daşlar, qırılan talelər, məhv edilən arzular

Həmin gecə hava buz kimi soyuq idi, şaxta adamı qılınc kimi kəsirdi, məhz həmin gecə saat 10-11 radələrində xocalılılar erməni və rus silahlı dəstələrinin hücumuna məruz qaldılar. Düşmən güllələrindən qurtulmaq üçün əhali Qarqar çayın yatağına doğru qaçdı. Qocalar, qadınlar, uşaqlar çayın soyuq suyundan keçərək meşələrə sığındılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xocalılılar qarla örtülmüş dərə-təpələri aşaraq Ağdam istiqamətinə doğru irəliləyirdilər. Fəqət, düşmən güllələri onları öldürür, yaralayır, qanı axan insanlar sürünərək yola davam edirdilər. Kolların sırsıra bağlamış budaqlarından qan damcılayırdı, ağappaq çöllər qana boyanmışdı, Şelli dağlarındakı qayaların üstü qan gölməçələri və düşmən güllələrinin izi ilə dolu idi. Həmin qayalar bir çox insanı xilas etmişdi. Onsuz da aylardan bəri oyaq qalan Ağdam camaatı, özünümüdafiə qüvvələri acı xəbəri eşidən kimi ayrı-ayrı dəstələrə bölünərək Qaraqaya, Naxçıvanlı və Şelli dağları istiqamətində xocalılıları xilas etməyə səfərbər oldular. Münaqişə başlayan gündən Ağdamda yaşayan və peşə fəaliyyətilə məşğul olan bu sətirlərin müəllifi də köməyə tələsən adamlarla birlikdə Şelli dağının Əsgərana baxan tərəfinə getdik. Kolların arasında yaralılar inildəyir, sağ qalanların isə həniri çıxmırdı, bəziləri donmuşdu. Burada çox dəhşətli bir mənzərənin şahidi olduq. Təxminən üç yaşındakı bir qız uşağı anasının qucağında donaraq ölmüşdü, əlləri, ayaqları şaxtadan keyimiş ana isə onun sağ olduğunu düşünərək son nəfəsi ilə balasını isitməyə çalışırdı.

İllər ötsə, əsrlər keçsə də Azərbaycan xalqı ermənilərin törətdiyi Xocalı soyqırımını heç vaxt unutmayacaq, mənfur düşməni heç vaxt bağışlamayacaq və bunu hər kəsin bilməsi çox vacibdir. Xüsusilə ermənilərin havadarları, bəzi Qərb dövlətləri, ermənipərəst dairələr, onların şər və böhtan dəyirmanına dən tökənlər bilməlidirlər ki, Xocalı qatilləri son nəfərinədək cəzalandırılacaq. Belə də oldu. Azərbaycan əsgəri əlləri körpə uşaqların qanına bulaşmış Robert Koçaryanı və Serjik Sərkisyanı-bu iki quldurun "qurduğu güclü Ermənistanı" döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğratdı, özlərini isə siçan deşiyində gizlənməyə məcbur etdi, şəhidlərimizin qisası döyüş meydanında alındı. Qanlı faciədən sonra, uzun illər boyu belə bir sual həmişə bizi düşündürüb, dinc insanlara qarşı törədilən, üstündən 30 ildən çox keçməsinə baxmayaraq qanı qurumayan soyqırımı düşüncələrimizə heç vaxt rahatlıq verməyib, qırğının səbəbləri haqqında qaranlıq qalan sualların çoxuna aydınlıq yaransa da, hələ də üstü açılmayan məqamlar gizli qalır. Keçmişə, ötən əsrin 90-cı illərinə qayıdıb bölgədə baş verən mövcud vəziyyəti təhlil edəndə, ermənilər və havadarları tərəfindən böyük bir yaşayış məntəqəsini yer üzündən silənləri ittiham edəndə, yaralı daşlar kimi susan taleləri yada salanda yenə də həmin haqlı sual baş qaldırır: Xocalını və xocalılıları xilas etmək mümkün idimi?!

Qeyd edək ki, 1988-1992-ci illər ərzində Qarabağ çox ziddiyyətli, mürəkkəb dövrünü yaşayırdı. Ermənilər silaha sarılır, terrora qurşanır, yurd yerlərimizi yandırır, dinc əhalini qətlə yetirir, güllələyir, didərgin salırdılar. Azərbaycanın o vaxtkı rəhbərləri isə Moskvadan kömək istəyir, qayda-qanun tələb edirdilər. Orada isə hər şey tərsinə idi. Hələ hadisələrə qədər erməni-daşnaklar 230-a yaxın azərbaycanlı evini yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər. 1991-ci ilin sentyabrından 1992-ci il fevralın 25-nə qədər ermənilər Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərini oda qalayaraq boşaltdılar. Fikir verin, cəmi beş aya azərbaycanlılar İmarət Qəqrvənddən, Umudludan, Kərkicahandan, Cəmillidən, Meşəlidən, Malıbəylidən, Quşçulardan, Kosalardan, Nəbilərdən, Xocalıdan və başqa kəndlərdən didərgin düşdülər. Xocalı 1991-ci ilin əvvəllərindən hər tərəfdən mühasirəyə alınmışdı. Yollar tamam kəsilmişdi, ümid qalmışdı hava yoluna. Onu da ermənilər hər vaxt atəşə tuturdular. Bir neçə helikopter və "AN-2" təyyarəsi ermənilər tərəfindən vurularaq məhv edilmişdi. Xocalıya sonuncu helikopter 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında ermənilər tərəfindən mülki helikopterin vurulması nəticəsində 47 nəfər azərbaycanlı həlak olandan sonra şəhərlə hava əlaqəsi kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə təşkil edilmişdi.

Xocalı faciəsində İran izi də var. Belə ki, 1992-ci il fevralın 25-də İran İslam Respublikasının xarici işlər naziri Bakıda hakimiyyət nümayəndələri ilə görüşüb. Gecə isə erməni soyqırımı törədilib. Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 helikopterlə azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Qanlı mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olundu. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi. Azərbaycanın Milli Qəhrəmanı telejurnalist Çingiz Mustafayevin lentə ala bildiyi kadrlar ermənilərin vəhşiliyinin sübutu kimi bütün dünyaya yayıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğunda Xocalı soyqırımını araşdıran istintaq qrupu yaradıldı. Həmin qruplar ayrı-ayrı vaxtlarda, daha doğrusu, 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları topladılar. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakini və digər şahidlər dindirilib. Məni də şahid kimi dindirdilər. Göründüyü kimi, cinayət işi tam sübuta yetirilib. Təəssüf ki, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq müdafiəçiləri Ermənistanın törətdiyi Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinə göz yumurlar. Bu, heç bir məntiqə və demokratiyaya sığmır.

Salman ALIOĞLU,

"Respublika".