ƏHALİ FASİLƏSİZ ENERJİ İLƏ TƏMİN OLUNUR
Sosial həyat

ƏHALİ FASİLƏSİZ ENERJİ İLƏ TƏMİN OLUNUR

Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonrakı ilk illərdə bütün sahələr, o cümlədən ölkənin enerji təsərrüfatı  iflic vəziyyətinə düşmüşdü. Saatlarla, hətta günlərlə elektrik enerjisi verilişində uzunmüddətli fasilələr yaranırdı. Sonrakı dövrlərdə problemlər bir qədər aradan qaldırılsa da, əhali göstərilən xidmətdən o qədər də razı qalmırdı.

Dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikada vəziyyət günbəgün dəyişməyə başladı. Son 20 ildə görülən işlərə nəzər salanda, ölkədə sürətli inkişafın şahidi oluruq. Hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də respublikanın digər bölgələrində əhalinin dayanıqlı enerji ilə təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir.

İcra olunan irimiqyaslı infrastruktur layihələr nəticəsində ölkəmiz artıq enerji ixracatçısına çevrilib. Ən əsası isə  respublikanın hər yerində əhali fasiləsiz enerji ilə təmin olunur. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Ağstafa ötən əsrin 90-cı illərinin əvvəllərindən ayrıca inzibati rayon kimi fəaliyyətə başlayıb.

Həmsöhbətim Ağstafa Elektrik Şəbəkəsinin rəisi Tural Həsənov qeyd etdi ki, dövlətin bu sahəyə göstərdiyi qayğıdan ağstafalı energetiklər də kifayət qədər bəhrələnir. Son dövrlərdə respublika ərazisində aparılan irimiqyaslı layihələr, yeni elektrik stansiyalarının qurulması mövcud problemlərin birdəfəlik aradan qaldırılmasına stimul verir.

Əvvəlki illərdə elektrik təsərrüfatı fiziki olaraq tamamilə köhnəlmişdi. Avadanlıqlar istismara yararlı vəziyyətdə deyildi. Şəbəkələrdə, yarımstansiyalarda bir sıra qüsurlar yaranmışdı. Bir sözlə, avadanlıqlar müasir dövrün tələblərinə qətiyyən cavab vermirdi. Belə olan halda keyfiyyətli elektrik enerjisinin verilişi mümkün olmurdu. Bu isə əhalinin haqlı narazılığına səbəb olurdu. Həmin zamanlarda mal-materiallarla təchizat zəif olduğundan baş vermiş qəzaların operativ şəkildə aradan qaldırılması həddindən artıq çətin olurdu və problemlərin həll olunması uzun zaman tələb edirdi.

2015-ci ilin mart ayında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərişıq" ASC yaradıldıqdan sonra  bütün yaşayış məntəqələrimizdə köhnə, uzun müddət istifadə olunmuş güc transformatorlarında və şəbəkələrdə yenidənqurma işləri həyata keçirildi.

Hazırda şəbəkə 20 min abonentə nümunəvi xidmət göstərir. Qazax və Ağstafa rayonlarında xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün 110/35/10 KVA "Ağstafa" yarımstansiyası yenidən qurulub. Yarımstansiyada 25 meqavatamper gücündə 2 yeni transformator quraşdırılıb.

2020-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyev adıçəkilən strateji əhəmiyyətli obyektin açılışını etmiş, bu da bölgədə yaşayan sakinlərin hədsiz sevincinə səbəb olmuşdur. Həmçinin yarımstansiyanın qoyuluş gücü 40 MVA-dan 50 meqavatamperə çatdırılmış, mövcud çatışmazlıqlar tamamilə aradan qaldırılmışdır. Bundan əlavə, Ağstafa rayonunun Ermənistanla sərhəd bölgəsinə yaxın məsafədə yerləşən Tatlı və Köhnə Qışlaq kəndlərində şəbəkələr yenidən qurulmuşdur.

Yeni il başlayandan 170 ədəd istismara yararsız ağac dayaqlar metal dayaqlarla əvəz olunub və 6 ədəd güc transformatorunun ətrafına qoruyucu metal çəpər çəkilib. Eyni zamanda 15 transformator məntəqəsində cari təmir və sınaq yoxlaması işləri aparılıb.

Vəli VƏLİYEV,

"Respublika".