“Respublika” qəzetinin yeni saytı fəaliyyətə başlayıb
Digər xəbərlər

“Respublika” qəzetinin yeni saytı fəaliyyətə başlayıb

Azərbaycan mətbuatında 25 illik uğurlu fəaliyyəti ilə seçilən, hər zaman yeniliyə can atan “Respublika” qəzetinin yeni saytı (respublika-news.az) fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, saytın maraqlı, oxunaqlı daha əlçatan olması, oxucu auditoriyasını genişləndirməsi üçün, ilk növbədə, onun müasir elektron cihazlarda (kompüter, planşet, telefon) izlənilməsi təmin edilib. Qəzetin yeni saytı müasir tələblərə uyğun olaraq dinamik, müntəzəm yenilənən şəkildə hazırlanıb. Eyni zamanda, sayt sosial şəbəkələrə də inteqrasiya olunub ki, bu da onun əhatə dairəsini genişləndirir. Oxunan xəbəri bir toxunuşla bütün sosial şəbəkələrdə paylaşmaq mümkündür.

Saytda, həmçinin “Respublika” qəzetinin 2013-cü ildən başlayaraq bütün nömrələrinin PDF formatda arxivi yerləşdirilib.

Qəzetin saytı dünyanın aparıcı axtarış sistemlərinə qoşulub ki, bu da oxucunun hər hansı xəbəri və ya məlumatı operativ əldə etməsinə imkan yaradır.

Saytda 25-dək bölmə fəaliyyət göstərir. Burada infoqrafika, dünyada baş verən yeniliklər, yeni kəşflər, statistik məlumatlarla tanış olmaq mümkündür.

Bundan başqa, sayt müxtəlif rubrikalarla da zəngindir. Türk dünyası, türk tarixi, tarixdə rolu olan şəxsiyyətlər haqqında informasiyalar oxucunun maraq dünyasının genişlənməsinə xidmət edir. Müasir standartlara uyğun, nəfis şəkildə tərtib olunan sayt həm də hər bir rubrikaya, məlumata uyğun şəkillərlə və videomateriallarla zəngindir. Saytın bölmələri və məlumatların çeşidliliyi mütəmadi olaraq artırılacaq.

Qeydiyyatdan keçməklə sayta abunə olmaq da mümkündür. Gələcəkdə “Respublika” qəzetinin saytının abunəçiləri üçün müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsindən ruhlanan qəzetin kollektivi yaradıcılıq imkanlarını səfərbər edərək gündən-günə mövqeyini möhkəmləndirir, malik olduğu peşəkar nüfuzunu qoruyub saxlayır və daha da artırmağa çalışır.

AZƏRTAC