DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TUNISDƏ SIYASI BÖHRAN DƏRINLƏŞMƏKDƏ DAVAM EDIR

Tunis prezidenti Kais Said Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) 60-dan çox üzvünün və bir sıra dövlət məmurlarının ölkədən çıxışına qadağa qoyub. Bildirilir ki, buna səbəb onlarla bağlı məhkəmədə işlərin olmasıdır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Dövlət başçısının parlamenti buraxması bəyanatından sonra hərbçilər paytaxta daxil olaraq qanunverici orqanın və milli televiziya şirkətinin binası yaxınlığında mövqelər tutublar.

Ölkə parlamentinin spikeri, “Ən-Nəhda” partiyasının lideri Rəşid Qənnuşi isə bildirib ki, ölkə prezidenti konstitusiyaya zidd addımlar atır.

Xatırladaq ki, Tunis prezidenti Kais Said bazar günü Xalq Nümayəndələri Məclisinin fəaliyyətinin dayandırıldığını, bütün millət vəkillərinin toxunulmazlığının ləğv edildiyini və baş nazir Hiçam Mediçinin istefasını elan edib.

ABŞ-DA BIR HƏFTƏ ƏRZINDƏ SILAHLI INSIDENTLƏRDƏ 430 NƏFƏR HƏLAK OLUB

ABŞ-da iyulun 17-dən 23-dək olan silahlı insidentlər zamanı azı 430 insan həlak olub. “APA”nın “ABC” telekanalına istinadən verdiyi xəbərə görə, bu statistika “Gun Violence Archive” tədqiqat mərkəzi tərəfindən açıqlanıb.

Məlumata əsasən, qeyd edilən tarixlərdə ölkədə azı 915 silahlı insident baş verib. Hadisə zamanı yaralananların sayı isə 1007 nəfər olub. Telekanal atışma hadisələrinin son aylarda sürətlə artdığını bildirib.

Mərkəzin təxminlərinə görə, 2020-ci ildə 43 min nəfər silahlı insidentlərin qurbanı olub. Bu il isə ölkədə odlu silahdan istifadə nəticəsində 24 min adam həyatını itirib.

“SPUTNIK V” VAKSINI ONKOLOJI XƏSTƏLƏRƏ DƏ TÖVSIYƏ EDILIR

Rusiyanın Səhiyyə Nazirliyi yetkinlik yaşına çatmış vətəndaşların “COVID-19”a qarşı peyvənd olunmasına dair müvəqqəti xarakter daşıyan təlimatları yeniləyib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Dəyişikliklərə əsasən, “Sputnik V” peyvəndi başlanğıc səviyyəsindən asılı olmayaraq müalicəsi başa çatmış bütün xərçəng xəstələri üçün tövsiyə olunur. Əməliyyat edilməsi planlaşdırılan xəstələr isə bundan 14 gün və ya daha əvvəl vaksinasiya oluna bilərlər.

“EpiVakKorona” (Rusiyanın “Vektor” mərkəzinin istehsal etdiyi peyvənd preparatı) peyvəndi isə allergiyanın ağır formalarından, bədxassəli şişlərdən, ilkin immun çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərə əks-göstərici sayılır. Lakin kəskin infeksion və ya yoluxucu olmayan xəstəlik keçirmiş şəxslərə sağaldıqdan 2-4 həftə sonra bu preparatla peyvənd olunmaları tövsiyə edilir.

Nazirliyin mətbuat xidməti həmçinin əmin edir ki, xərçəng əleyhinə müalicə alan xəstələr üçün peyvənd sonrası reaksiyaların artma riski yoxdur.

3D PRINTER VASITƏSILƏ TIKILMIŞ YAŞAYIŞ EVI ISTIFADƏYƏ VERILIB

Almaniyada 3D printeri vasitəsilə tikilmiş ilk yaşayış evi iyulun 26-da Şimali Reyn-Vestfaliya əyalətinin Bekum şəhərində rəsmi şəkildə istifadəyə verilib. Bu barədə “Report” agentliyi xəbər verib.

Əyalət tikinti nazirliyinin məlumatına görə, 160 kvadratmetrə yaxın sahəyə malik ikimərtəbəli fərdi ev araları xüsusi materialla doldurulmuş çoxqatlı bloklardan inşa olunub. 3D texnologiyasının tətbiqilə inşa işləri xeyli sadələşib və tikinti müddəti azalıb.

Evin təhvil verilməsi mərasimi zamanı əyalət nəqliyyat naziri İna Şarenbax 200 min avroya yaxın vəsaitə başa gəlmiş bu pilot layihənin gələcəkdə geniş tətbiq olunması üçün hər cür imkanların olduğunu bildirib.

AVSTRIYANIN KANSLERI Aİ-NI QAÇQIN DALĞASINA HAZIR OLMAĞA ÇAĞIRIB

Avstriyanın federal kansleri Sebastian Kurts Türkiyədə etirazlara səbəb olan qalmaqallı açıqlama ilə gündəmə gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, hökumət başçısı Avropa İttifaqını ABŞ hərbi qüvvələrinin geri çəkilməsi ilə Əfqanıstandan başlayacaq yeni qaçqın dalğasına hazır olmağa çağırıb. Kansler “Bild” nəşrinə verdiyi müsahibədə qaçqınların qalması üçün ən doğru ölkənin Türkiyə olduğunu deyərək, onları Avropa İttifaqından uzaq durmağa çağırıb.

“Əgər insanlar qaçmaq məcburiyyətində qalsalar, onların Avstriya, Almaniya və ya İsveçə gəlməklərindənsə, Türkiyə kimi qonşu ölkələrə getmələrini tövsiyə edirəm”, - deyə Sebastian Kurts vurğulayıb.

EKSPERT: YENI QAPANMA TÜRKIYƏNIN TURIZMINƏ CIDDI ZƏRBƏ VURA BILƏR

“Türkiyənin xarici turistlərin üzünə bağlanması turizmi və onunla birgə işləyən iqtisadiyyatın 54 əlaqəli sektorunu müflisləşdirə bilər”. “Report”un məlumatına görə, bunu Turizm Hotellər Menecerləri Assosiyasiyasının prezidenti Ali Can Aksu bəyan edib.

Ekspertin sözlərinə görə, iyulun əvvəlinə turizm sektorunda normallaşma prosesi başlasa da, çox da uzun müddət davam etməyəcək. O deyib: “Avropada qapanma ssenarisi artıq reallaşdırılır. Rusiyada ciddi həyəcan siqnalı çalınır”.

Ali Can Aksu hesab edir ki, xəstələrin sayının yenidən artması noyabr ayına kimi bütün Türkiyənin turizminə, o cümlədən şəhər turizminə mənfi təsir göstərməyə davam edəcək. “Məhz bu zaman kəsiyində, yəni avqustdan oktyabrın sonuna kimi Türkiyənin sərhədlərinin yenidən bağlanacağı istisna edilmir. Bu da öz növbəsində turizmin müflisləşməsinə gətirəcək. Çünki 2020 və 2021-ci illərin lokdaunlarından sonra bu sektorun maliyyə ehtiyatları tükənib”, - deyə ekspert bildirib.

ƏMƏK MIQRANTLARININ RUSIYAYA SƏFƏRI SADƏLƏŞDIRILƏCƏK

Rusiya əmək miqrantların ölkəyə girişini sadələşdirməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın baş nazirinin müavini Marat Xusnullin açıqlayıb. O, bu qərarın inşaat sahələrində işçi qüvvəsi çatışmazlığı ilə əlaqəli olduğunu qeyd edib. Marat Xusnullinin sözlərinə görə, Rusiyada inşaat sahələrində 1,5-2 milyon işçiyə ehtiyac var.

“Hazırda ölkədə işçi çatışmazlığı mövcuddur. Düşünürəm ki, yaxın bir ayda işçilərin inşaat sahələrinə gətirilməsi prosedurunu yenə də sadələşdirəcəyik”, - deyə Marat Xusnullin vurğulayıb.

DÜNYADA ŞIDDƏTLI METEOROLOJI HADISƏ MÜŞAHIDƏ OLUNUR

Qlobal istiləşmə ilə bağlı elmi araşdırmalar gecə istiliyinin şimal bölgələrində də artmağa başladığını göstərir. “TRT” telekanalının verdiyi xəbərə görə, “Lancet” elmi jurnalında dərc olunan məqalədə yazılır ki, dünyada bu günə qədər tropik bölgələrdə qeyd edilən gecə istiliklərindəki artım artıq şimala doğru da yayılmağa başlayıb.

Elmi məqalədə Kanadada gündüz istiliyin artdığı, Ontario və Kvebek əyalətləri başda olmaqla, bəzi bölgələrdə gecə saatlarında hərarətin daha sürətli yüksəldiyi qeyd edilir. “Gecə, canlıların bədənlərinin soyuduğu, vücud istiliyinin stabilləşdiyi zamandır. Bədənimiz gecə temperatur yüksək olarsa, soyumağa vaxt tapmayacaq. Məsələn, ürək xəstəliyi və ya astma kimi sağlamlıq problemləri olan insanlar üçün bu, son dərəcə problemli və potensial ölüm ola bilər”, - deyə məqalədə bildirilir.

Alimlərinin son araşdırmasına görə, Kanadanın qərb əyalətlərini təsiri altına alan Sakit Okeanın şimal-qərbindən gələn həddindən artıq istilik dalğası “fövqəl şiddətli bir meteoroloji hadisədir” və 1000 ildən bir meydana gəlir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.