Sağlam həyat
Maraqlı

Sağlam həyat

Taxıl məhsulları ürək xəstəliklərinə qarşı qoruyucudur

Yeni bir araşdırma gündə ən az üç pay taxıl məhsulu istehlak edən orta və yaşlı insanlarda bel çevrəsinin ölçüsünün, qan təzyiqi və şəkərin səviyyəsinin azalmasını müəyyən edib.

Tufts Universitetinin ABŞ Kənd Təsərrüfatı Departamenti Qidalanma Araşdırma Mərkəzinin tədqiqatçıları, “Journal of Nutrition” jurnalında dərc olunan araşdırmada, tam taxıl istehlakının, zamanla ürək xəstəliyinin risk faktorlarına təsirini müəyyənləşdiriblər. Bu faktorlara bel çevrəsi, qan təzyiqi, şəkər və HDL (“yaxşı”) xolesterol kimi risklər aiddir.

Tədqiqatçı qrup uzunmüddətli risk faktorlarını qiymətləndirmək üçün 1970-ci ildən qurulan Framingham Heart Stady Generation Group-un məlumatlarından istifadə edərək, orta hesabla 18 il ərzində tam və zərif taxılların istifadəsi ilə əlaqədar təsirləri araşdırıblar.

Sınaqlara cəlb olunan 3100 iştirakçının çoxu 50 yaşlı ağ dərili insanlar olub. Tədqiqatçılar, iştirakçılar tərəfindən istehlak olunan bütün taxıl növlərinin dörd kateqoriyası arasında təhlükə faktorlarındakı dəyişiklikləri müqayisə ediblər. Təlimatlara əsasən tövsiyə olunan gündəlik taxılın miqdarı 3 paya ayrılıb. Bir dilim tam taxıl çörəyi, yarım stəkan yulaf əzməsi və bir fincan qəhvəyi düyü bir pay üçün nəzərdə tutulub.

Araşdırmaların nəticələri göstərib ki, tövsiyə olunan pəhrizdən istifadə edən istehlakçıların qan şəkərinin səviyyəsi, təzyiqi və bel çevrəsində dəyişikliklər də nəzərə alınmaqla heç bir artım qeyd olunmayıb. 

 

Uzun ömrün açarı bağırsaqlarda ola bilər

Kim uzunömürlü olmaq istəmir ki? Əslində bu, hər kəsin ən böyük arzusudur. Ancaq bu da bir həqiqətdir ki, real həyatda filmlərdəki kimi ölümsüzlük və yaxud gənclik iksiri yoxdur. Yaxşı, daha uzun yaşamaq üçün nə etmək lazımdır? Bu mövzu son illərdir çox populyardır. İndi elm adamları uzun ömrün açarının bağırsaqlarda ola biləcəyini iddia edirlər.

Yaponiyalı alimlərin “Nature” jurnalında nəşr olunan araşdırmalarına görə, 100 yaşa qədər və yaxud daha çox yaşayan insanlar, infeksiyaların qarşısını alan xüsusi bağırsaq bakteriyalarına sahib ola bilərlər. Alimlərin sözlərinə görə, yaşlı insanlarda sağlam və fərqli bağırsaq mikroblarının zənginliyi öd turşularının yaranmasına səbəb olur. Safra turşuları isə öz növbəsində bir sıra xroniki xəstəliklərin qarşısını alaraq potogenlərin inkişafına mane olur. Kompleks mayelər bədəndən yağ və tullantıların çıxarılmasında vacib rol oynamaqla yanaşı, xolesterolu da idarə edir.

Xüsusilə sağlam bağırsaqlarda olan, “Odoribacteraceae” kimi tanınan mikrob spesifik təsirə malikdir. Araşdırmalar göstərib ki, bu bakteriyalar, bir sıra xəstəliklərə qarşı antimikrobial təsir göstərən öd turşularını əmələ gətirir.

 “Bu tapıntılar, xüsusi öd turşusu metabolizmasının infeksiya riskini azaltmaqla yanaşı, bağırsaqların sağlamlığının qorunmasına töhfə verir. Sağlam bağırsaq mikrobiomuna sahib olmaq düzgün qidalanmadan və həyat tərzindən asılıdır. Bu kəşf, bağırsaqlara müsbət təsir edən qatıq və digər probiotik qidalara daha çox üstünlük verilməsini zəruri edə bilər”-deyə Keio Universitetinin aparıcı müəllifi Kenya Honda qeyd edib.  

 

Həddindən artıq şəkərin hüceyrələrə təsiri  

Artıq şəkərin diabet kimi metabolik xəstəliklərlə birbaşa əlaqəsi olsa da, elm adamlarına bu cür disfunksiyanın nədən qaynaqlandığı səbəbi hələ də tam olaraq məlum deyil. İndi yeni bir araşdırma ilə alimlər, həddindən çox şəkərin hüceyrələrin fəaliyyətinə zərər verə biləcəyini müəyyənləşdiriblər.

Van Andel İnstitutunun bir qrup alimi çox miqdarda qlükozanın hüceyrələrin mitokondriyasına (fəaliyyətinə) və enerji istehsalına mənfi təsir etdiyini aşkar ediblər. İnsan orqanizminin əslində şəkərə ehtiyacı olsa da, tədqiqatçılar həddi aşmağın sağlamlığa mənfi təsirlərini açıqlayıblar.

“Vücudun sağ qalması üçün qlükozaya ehtiyacı var, amma həddindən artıq şəkər istehlakı bir sıra xəstəliklərə yol açır. Artıq şəkərin, bütün bədəndəki lipid tərkibinə və hüceyrələrin mitokondriyasının bütövlüyünə təsir etdiyini gördük. Ümumi təsir optimal funksiyasının itirilməsidir. Orqanizmimizdə hüceyrələrin performansını hər zaman hiss edə bilməsək də, bədənimiz fərqinə varır. Lipid balansının uzun müddət pozulması ilə, daha tez yorulmaq kimi bir sıra dəyişiklikləri  hiss edə bilərik. Araşdırmamız metabolik xəstəliklərin erkən mərhələlərini aydınlaşdırmaqla yanaşı, gələcəkdə onların qarşısının alınmasına da istiqamətlənəcək”-deyə dosent Ning Wu mediaya açıqlamasında bildirib.

Wu və həmkarları artıq qlükozanın, hüceyrələrin membranındakı doymamış yağ turşularının (PUFAs) konsentrasiyasını aşağı sala biləcəyini göstərən bir model hazırlayıblar. Bu üsul hüceyrələrin fəaliyyətinə müsbət təsir etməklə yanaşı, iltihab, qan təzyiqi kimi proseslərə də nəzarət edərək, orqanizmdə artıq şəkəri doymamış yağ turşularına çevirib.

Araşdırma “Cell Reports” jurnalında yer alıb.

 

Qəhvəni su kimi içənlər, diqqətli olun!

İngiltərədə qəhvə mövzusunda aparılan yeni bir araşdırmada diqqətəlayiq nəticələr ortaya çıxıb. Tədqiqatçılar, həddindən artıq qəhvə istehlakının bir sıra xəstəliklərə səbəb ola biləcəyini bildiriblər.

Qəhvənin sinir sisteminə müxtəlif yollarla təsir göstərdiyi bilinsə də, içkinin, beyin həcminin kiçilməsi ilə demansa yol aça biləcəyi heç ağıla gəlməmişdi. Cins, yaş, bədən kütləsi indeksi və uzunmüddətli xəstəliklər kimi dəyişiklikləri nəzərə alan tədqiqatçılar, 37 -73 yaş arası 17702 iştirakçının məlumatlarını toplayaraq, həddindən artıq qəhvə istehlakı ilə demans riski arasında bir əlaqə tapıblar.

“Nutritional Neuroscience” jurnalında dərc olunan araşdırmada qəhvəni su kimi içənlərin beyin həcminin azalması ilə demans riskinin arta biləcəyindən bəhs olunur. Elm adamları, gündə altı və ya daha çox fincan qəhvə içən insanların, içməyənlərə nisbətən demansdan əziyyət çəkmə ehtimalının yüzdə 53 faiz daha çox olduğunu müəyyən ediblər.

“Qəhvə dünyanın ən populyar içkilərindən biridir. Bununla belə, dünyada doqquz milyard kiloqramdan çox istehlak edilsə də,onun potensial sağlamlığa təsirlərini anlamaq çox vacibdir. Gündəlik qəhvə istehlakı norması bir və ya iki standart fincan arasındadır”-deyə Cənubi Avstraliya Universitetinin epidemioloqu Kitty Pham qeyd edib.

 

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.